Konqres Mərkəzində kranın altında qalan əməkdaş: "Pulu vermədilər, məni aldatdılar"
22-06-2023 18:36 / Bu xəbər 862 dəfə oxundu
"İş vaxtı baş verən bədbəxt hadisə nəticəsində sağ ayağımdan iki dəfə əməliyyat olunmuşam. Hazırda ayağımda ciddi problemlər var, fiziki hərəkətimdə maneələr mövcuddur İşlədiyim qurum maaşımı vermir, müalicələrimin pulunu ödəmir”.
Vətəndaş İlmar Aslan oğlu Əliyev "Arqument.az"a danışır ki, 2019-cu ilin iyulun 29-dan Bakı Konqres Mərkəzində fəhlə kimi işə götürülüb.
Dediyinə görə, mərkəzdə keçirilən tədbir və ya konsertlərin səhnə quraşdırılmasında iştirak edirmiş.
Əməkhaqqısı 639 manat olub.
2021-ci il sentyabrın 23-də istehsalatda aldığı qəza nəticəsində səhhətində problem yaranıb: "Menecer Aslan Nuriyev zəng etdi ki, qaldırıcı qurğu təmirə getməlidir. Üç nəfər fəhlə gəlsin. Biz də getdik, digər iki nəfər arıq uşaqlar idi. Dedilər ki, kranın arxa tərəfindən tutun, endirin. Endirən zaman uşaqlar ağırlığa tab gətirə bilmədilər. Kranı buraxdılar, altında qaldım. Ağır xəsarət almışdım. Təcili Tibbi Yardım çağırdılar. Travmatologiya İnstitutuna apardılar, həkim müayinə etdi. Dedi ki, ayağında ciddi fəsadlar var”.
Vətəndaş deyir ki, həkimin tövsiyəsi ilə bir ay ev şəraitində müalicəsini davam etdirib. Lakin müalicənin xeyri olmayıb. Təkrar müayinədən sonra isə ona əməliyyat təyin edilib: "Bir ay müalicə olunsam da, ağrılarım azalmadı, əksinə, ayağım qaralıb göyərmişdi. Ayağımda menisk yırtılmasından əməliyyat icra etdilər. Lakin səhhətimdə irəliləyiş olmadı, ikinci dəfə əməliyyatıma göstəriş verildi. Müayinə zamanı müəyyən etdilər ki, zədəli ayağımın ön çarpaz bağı qopub. Yenidən əməliyyat edildim. Dizimə implant qoyuldu”.

Vətəndaş iddia edir ki, işə götürülən zaman sığortası olsa da, implantın pulunu özü ödəməli olub: "Halbuki mərkəzdə mənə demişdilər ki, narahat olma, bütün xərclər bizlikdir. Ayağıma qoyulan implant ayrıca alınmalı idi və sığortanın tərkibində deyildi. İmplanata min beş yüz manat pul ödədim. Pulu vermədilər, məni aldatdılar”.
Zərərçəkən deyir ki, məsələ ilə əlaqədar Dövlət Əmək Müfəttişliyinə şikayət edib. Müfəttişlik tərəfindən ona İstehsalat Zədələnməsi aktı da verilib: "Hadisənin bütün təfərrüatları öyrənildi, akt tərtib edildi. Təsdiq edildi ki, hadisə orada olub. Sadəcə, mənim tərəfimdən xərclədiyim pullar geri qaytarılmadı. Hazırda işləmirəm, ayağım qatlanmır”.
"Əməliyyatdan sonra reabilitasiyaya getməli idim. Onu da iş yerim qarşılamadı. Hazırda şikəst qalmışam, heç bir yerdə işləmirəm. Üç aydır ki, mərkəz mənə maaş vermir. Müdriyyətə müraciət edirəm ki, mən orada xəsarət almışam. Deyirlər ki, biz işləyən adama maaş veririk. Yəni dolayısı ilə deyirlər ki, buradan uzaqlaş”.

Bakı Konqres Mərkəzinin mətbuat sözçüsü Jalə Salmanzadə deyib ki, vətəndaşın bütün müalicə və əməliyyat xərcləri qarşılanıb: "Vətəndaşın səsləndirdiyi iddialar əsassızdır. Bakı Konqres Mərkəzi həmin şəxsin bütün xərclərini qarşılayıb. O, mərkəzdən maaşından əlavə də ödəniş tələb edirdi”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, əgər vətəndaş əmək müqaviləsi ilə işləyibsə və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanıbsa, bütün xərcləri sığorta şirkəti çəkməlidir.
Bu yoxdursa, bunları işəgötürən etməlidir.
Hüquqşünas Röya Məlikzadə "Arqument.az"a bildirib ki, vətəndaş əməkhaqqının verilməməsi ilə əlaqədar təkrar Dövlət Əmək Müfəttişliyinə müraciət etməlidir.












