Koronavirusdan sağalan jurnalist: “Məni peşəkar həkim heyəti sağaltdı”

Koronavirusdan sağalan jurnalist: “Məni peşəkar həkim heyəti sağaltdı”

10-06-2020 13:34 / Bu xəbər 3695 dəfə oxundu

"Həkimlərin 8 saat növbəli iş rejimi var. 8 saat müddətində onların geyindiyi xüsusi geyimlərədən hava belə keçmir. Hətta 8 saat qida belə qəbul edə bilməzlər"
 
Jurnalist Anar Cəfərsoy may ayının ilk yarısında vəziyyəti anidən dəyişən anasına qulluq etmək üçün onun evinə köçüb. 69 yaşlı anasında koronavirus infeksiyası müəyyən ediləndə artıq o da virusa yoluxubmuş. Üç fərqli xəstəxanada 14 gün ağır müalicə alan anasını mayın 28-də itirib. Özü isə iyunun 1-də sağalaraq xəstəxanadan evə buraxılıb.     

Arqument.az koronavirus xəstəliyindən sağalan jurnalist Anar Cəfərsoyla müsahibəni təqdim edir: 

- Virusa yoluxduğunuzu necə bildiniz? 

- Anam xəstə idi və ona qarşı övladlıq borcumu yerinə yetirmək üçün evinə, ona baxmağa getdim. Anamın vəziyyətinin get-gedə pisləşdiyini gördüm və təcilli yardım çağırıb test etmək qərarına gəldim. Cavabı üç günə deməli idilər, amma bir az gec dedilər. Bu müddətdə də təbii ki, anamın vəziyyəti daha da ağırlaşdı. Pnevmaniya dioqnozu qoyuldu və  poliklinika həkiminin göstərişləri ilə vəziyyəti stabil saxlaya bildik, amma xroniki yorğunluq, hərarət öz yerində idi, qida qəbul edə bilmirdi və s.

- Bəs bu müddətdə nə etdiniz?

- Mayın 15-də anamı 1 saylı Kliniki Tibbi Mərkəz apardıq. Hələ də testin nəticəsini bilmirdik. Bir neçə gün də 1 saylı Kliniki Tibbi Mərkəzdə qaldıqdan sonra test etdilər və onda dedilər ki, testin cavabı pozitivdir. Düşünürəm ki, vaxtında aşkarlansa, nəticə belə ağır olmazdı. 4-5 gün belə xəstəliklər üçün az müddət deyil. Virusun qana yoluxma mərhələsi çox ağırdır, çünki bu halda xəstəni reanimasiyada yatırmalı olurlar. Sağalma ehtimalı da müşkülə çevrilir. Həm də immun sistemi, yaş faktoru da var.

- Ananızın virusa necə yoluxması haqqında məlumatınız varmı?

- Anamın 69 yaşı vardı. Bakı Tikiş Evində çalışırdı. Fabrikdə yoluxma halları olmuşdu. Biz xəbərdarlıq etmişdik ki, yaşını nəzərə alıb getməsin. O isə zəhmətkeş insan idi yerində qala bilmirdi. Vərdiş etmişdi, çalışmaq istəyirdi.  Anamı bir neçə gün sonra 1 saylı Kliniki Tibbi Mərkəzdən Mərkəzi Klinikaya apadılar. Digər xəstəlikləri də baş qaldırmışdı: pnevmaniya, şəkərli diabet, böyrəkləri, ürək problemləri və bir də korona. İki həftə ərzində 3 xəstəxanada qaldı və mayın 28-də dünyasını dəyişdi. Müalicənin heç bir effekti olmadı. Koma vəziyyətində süni nəfəs aparatına bağlı idi, amma artıq virus qanına keçmişdi. İndi də belədir də, itirilən itirilib, ölüm Allahın əmridir. Allah Quranda buyurub ki, bütün canlılar ölümü dadacaq. Təbii ki, mübariz olmaq, sağlamlığı qorumaq lazımdır.

- Siz harada müalicə olundunuz? 
 
- 1 saylı Kliniki Tibbi Mərkəzdə texniki imkanlar zəifdir. Mən özüm Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olundum və hər şey yüksək səviyyədə idi. İnsanın oksigenlə təmini 100% olmalıdır. Terapevtik Klinikada bu faizin 85-90%-dən aşağı enməsinə imkan vermirdilər, lakin "Semaşko"da bu bəzən 35% olurdu. 

- Xəstənin hansı klinikada qalmasını necə tənzimləyirlər...

- İlkin mərhələdə testin cavabı çıxana kimi "Semaşko"ya aparırlar və ilkin tədbirləri edirlər. Bunları ona görə qeyd edirəm ki, tək mənim anamdan söhbət getmir, kimin başına gəlsə, məlumatlı olsun. "Semaşko"dakı çatışmazlıqlar Terapevtik Klinikada müşahidə olunmur. Orada süni nəfəs aparatı, reanimasiya otaqları çox yaxşıdır. Hətta mənim xəstəxanada olduğum müddətdə virus qanına keçmiş elə insanlar var idi ki, onu sağalda bilmişdilər. Anamda isə  yaş faktoru və digər xəstəliklərin təsiri də var idi. Bir xəstəliyin müalicəsi başqasına ziyan edirdi.

- Xəstəliyə görə tibbi personalın sizə yaxın durmağa qorxduğu məqamlar olurdu? Bunun psixoloji ağırlığını yaşadınızmı?

- Hər şey yüksək səviyyədə idi. Siqnal sistemi var idi. Gündə 7 dəfə otaqlar, dəhliz dezinfeksiya edilirdi. Gündə 3 dəfə fərqli çeşidlərdə, vitaminli yeməklər gətirirdilər. Yeməklərin təmizliyi və keyfiyyətinə də söz ola bilməzdi. Həkimlərlə qürur duyurdum. Yaşlı, fiziki məhdudiyyətli insanlar var idi. Çox həssas, nazlarıyla oynaya-oynaya davranırdılar. Həkimlərin üzündən də nur yağırdı. Heç kimə fərq qoymurdular. Şərəf Hüseynova adlı həkim vardı, hər gün gəlib hamı ilə şəxsən maraqlanırdı. Termometrlə, rentgenlə, təzyiq aparatı, oksigen təminini və s. yoxlayırdılar.  Səhər tezdən 5-6 arası gəlib qan alırdılar. Həkimlərin 8 saat növbəli iş rejimləri var. 8 saat müddətində onların geyindiyi xüsusi geyimlərədən hava belə keçmir. 8 saat qida belə qəbul edə bilməzlər. Allah buyurur ki,  bir insanı xilas etmək insanlığı xilas etmək kimidir. Həkimlərlə çox qürur duyurdum.

- Ailədən uzaqda xəstə yatmağın yaratdığı duyğusal boşluqdan danışa bilərsiniz? 

- Mayın əvvəlindən anama baxdığıma görə evə heç getmirdim və xüsusilə onlara yoluxdurmamaq üçün görüşmürdüm. Ona görə də ailəmi karantinə almadılar. Xəstəxanaya getməyi də özüm tələb etdim. Təcilli Tibbi Yardım məni "Semaşko"ya apardı və testin nəticəsi çıxdıqdan sonra Tibb Universitetinin Tədris Terapevtik Klinikasına daşıdılar. Tibbi avadanlıqların müasir standartlarda olması şərtdir təbii ki, lakin məni ATU Tədris-Terapeftik Klinikanın peşəkar həkim heyyəti sağatdı. Rəftarları da elə idi ki, insan özünü qərib hiss etmirdi.

- Ananızın dəfn mərasimi hansı qaydada keçirildi?  

- Qanun çərçivəsində, qaydalara uyğun keçirildi. Hüquq mühafizə orqanlarının müşaiyəti altında Bakıdan Ağdama gətirdilər. Virus faktoruna görə qaydalarımıza uyğun edə bilmədik. Bu pandemiya bütün dünyaya yayıldığına görə ehtiyat etmək lazım idi. Allah da buyurur ki, qul haqqına girmək olmaz. Allahın qanunlarını pozarsan, Allahın haqqına girərsən, tövbə edərsən, bunu bağışlayıb-bağışlamamaq Allahla sənin arandadır, amma qul haqqına girmək çətindir, əgər o, sənə halallıq verməsə, müşkül məsələdir.

- Covid-19-dan sağalan biri kimi xəstələrə nə məsləhət görərsiniz?

- İlkin növbədə Allaha inansınlar. Allaha iman olan yerdə hər şey var. Biz bilməliyik ki, həyata niyə gəlmişik, nə üçün yaşayırıq. Həyat Allahın sınağıdır. Bu imtahandan da hər insan çıxa bilmir. Bu imtahandan çıxmaq üçünsə, Allahın qanunlarına əməl etmək lazımdır. Allah Quranda nələr buyurub, Peyğəmbərin sünnəti və s. Bizim dinimiz mükəmməldir, xəstəliklərlə mübarizə üsulları haqqında da xeyli bilgi var. Allah rizasını dərk edərək müraciət etmək istəyirəm, çünki inancsız insanlar da var. Mən necə şok keçirtdim, anamı itirdim, vida mərasimində də iştirak edə bilmədim. İnsan üçün ən ağır məqamlardan biridir. Allah da Quranda buyurur ki, bir kimsənin həyatında müsibət baş verərsə, insan ona səbr edərsə, Allah səbr edənlərə salam göndərir. Həyatda mübariz olmaq  lazımdır. Allah buyurur ki, mənim qanunlarıma uyğun yaşayın, onda mən öz qapılarımı açacağam. Həyatda heç nə asan əldə edilmir. Heç kim doğulanda hər şeyi bilmir. Hər şeyi bilən bir Allahdır. Hər şeyin sahibi, güc, qüvvət sahibi yalnız Allahdır. Mənim qalibiyyətimin səbəbi göydə Allah, yerdə həkimlərdir. Bu sınaqda səbr də nümayiş etdirdim, həkimlərin məsləhətinə də diqqət etdim. Gündə 6-7 dəfə sistem vurudular, 10-15 dərman qəbul edirdim. Əsas səbrli olmaqdır.

Gülzar N. Məmmədli
Arqument Az