Lukaşenko Putinin Ukraynaya qarşı müharibəsinə qatılacaqmı?

Lukaşenko Putinin Ukraynaya qarşı müharibəsinə qatılacaqmı?

22-03-2022 01:17 / Bu xəbər 3438 dəfə oxundu

Brayan Uitmor
"Atlantic Council"ın Avrasiya Mərkəzinin ştatdankənar baş elmi işçi, 
Arlinqtondakı Texas Universitetinin dosenti 
 
Belarus hərbi-siyasi rəhbərliyinin fikrinin dəyişməsi David və Qoliafın dueli ruhunda olan Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətinin heyrətamiz effektinin daha bir nümunəsidir.

Belarus əsgər, zabit və məmurları artıq anlayırlar ki, ukraynalıların güclü müqaviməti nəticəsində rus işğalı "bataqlıqda” ilişib. Fevralın 24-dən bəri Belarus silahlı qüvvələrinin Rusiya təcavüzünə qoşulub-qoşulmayacağı barədə daima danışılır. Lakin son vaxtlar Belarusda sıravi əsgərlərin və yüksək rütbəli zabitlərin Ukrayna sərhədini keçmək istəmədiyi barədə məlumatlar yayılır.
 
Polşaya mühacirət etmək məcburiyyətində qalan Hava Desant Qüvvələrinin ehtiyyatda olan polkovnik-leytenantı Valeri Saxaşik "Politico”ya deyib ki, "Ukrayna qoşunlarının əla performansı Belarusun müharibəyə qoşulmasına mane olan ən mühüm amildir. Heç kim belə bir müqavimət gözləmirdi. Ukrayna ordusunun, ərazi müdafiə qüvvələrinin və əhalinin hərəkətləri bütün proqnozları alt-üst edib”.
 
O əlavə edib ki, bu imtina (Ukrayna sərhədini keçmək) yüksək siyasi rəhbərliyə, o cümlədən belarus avtokratı Aleksandr Lukaşenkoya da aiddir.
 
"Belarus ordusu heç vaxt heç bir yerdə döyüşməyib, bu ordu xarici münaqişələrə hazır deyil", - Saxaşik bildirib. "Lukaşenko axmaq deyil. O, başa düşür ki, Belarus ordusunu böyük itki verməklə uğursuzluğa düçar olması riski var. O zaman onun olan-qalan tərəfdarları ondan üz döndərə bilər və belə hal Belarus diktatoru üçün fəlakətli ola bilər”.
 

Brayan Uitmor

Bu fikirlər, Strateji və Xarici Siyasət Araşdırmaları Mərkəzinin dərc olunmamış məxfi hesabatı ilə təxminən eynilik təşkil edir. Həmin hesabatda deyilir ki, Ukraynanın güclü müqaviməti və Rusiya silahlı qüvvələrinin zəif döyüş qabiliyyəti səbəbindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Minskin mövqeyi "Moskvaya qeyd-şərtsiz dəstəkdən Rusiyanın Ukraynadakı hərəkətlərindən mümkün qədər uzaqlaşmaq” cəhdlərinə qədər dəyişib. 

Belarus hərbi-siyasi rəhbərliyinin fikrinin dəyişməsi David və Qoliafın dueli ruhunda olan Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətinin heyrətamiz effektinin daha bir nümunəsidir.
 
Ukraynalıların döyüş meydanındakı sücayəti NATO-nu birləşdirdi, Qərbin Ukraynaya dəstəyinin Rusiyaya qarşı isə sanksiyalarının miqyası və tətbiq etmə sahələrinə dair oyun qaydalarını dəyişdirdi. Çin "fasilə” götürüb və bu Moskvaya nə qədər dəstək verməsi ilə bağlı narahatlıqla izah olunur. Eyni hal  Putinin yeganə müttəfiqi olan Belarusla da baş verir.
 
Fövqəldövlətlərin əsrlər boyu sürən zülm və təcavüzündən sonra Ukrayna dünyaya "əsl ölkə” olduğunu göstərdi. Ukraynanı hər yerdə -  Vaşinqtondan tutmuş Brüssel və Pekinə qədər, hətta Moskva və Minskdə belə dəstəkləyirlər. Dünya gənc demokratiyanın öz suverenliyi və sağ qalması üçün daha böyük revanşist qonşuya qarşı mübarizə aparmasını ağrı ilə izləyir.
 
Belə görünür ki, Ukraynada baş verənlər Belarusda da ictimai rəyə təsir edir. Politoloq, Belarusdakı Yeni İdeyalar Mərkəzinin tədqiqat direktoru, Britaniyadakı Chatham House-un tədqiqatçısı Rıhor Astapenya bu yaxınlarda Telegram-da bildirib ki, təşkilatın keçirdiyi sorğunun nəticələrinə görə şəhərlərdə yaşayan  belarusların yalnız 3%-i Ukraynaya qarşı müharibədə Belarus ordusunun Rusiya tərəfindən iştirakını dəstəkləyir. 
 
Sözsüz ki, Belarus qoşun göndərməkdə açıq-aşkar istəksiz olmasına baxmayaraq, müharibəyə artıq cəlb olunub. Lukaşenko Rusiyaya Ukraynanı şimaldan işğal etmək üçün ərazi verdi, həmçinin Belarus ərazisindən raketlərin buraxılmasına icazə verdi. Belarus qatarları rus əsgərlərini və texnikasını cəbhəyə daşıyır. Bu mənada, Belarus Ukrayna işğalının iştirakçısıdır və ona belə yanaşmaq lazımdır. Bu səbəbdən də martın 15-də ABŞ Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq etdi. 
 
Rusiya öz işğalını tamamlamaq və döyüş meydanına atmaq üçün canlı qüvvə axtararkən (məlumatlara görə hətta suriyalılar bu işə cəlb olunur) Moskvadan Belarusa təzyiqlərin güclənməsi ehtimalı böyükdür.
 
Martın 11-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiya işğalçı qüvvələrinin komandanlığı Belarus qüvvələrini müharibəyə cəlb etmək məqsədi ilə Belarusun bir neçə yaşayış məntəqələrinə zərbələr endirməklə qanlı təxribatlar hazırlayır. Lukaşenko Putinlə  Moskvada görüşərkən rəsmi Kiyev Minski döyüşlərə cəlb etmək üçün Rusiya təyyarələrinin Ukrayna hava məkanından Belarus kəndlərini atəşə tutmaqda ittiham edib. 
 
Hazırda belə təxribatlar keçərli olmadı. Hələlik Putinin müharibəsində vuruşduğu məlum olan yeganə belaruslular - Ukrayna uğrunda döyüşən könüllülərdir.

Rusiyanın Ukraynaya təcavüzü və ağlasığmaz Ukrayna müqaviməti yaxın onilliklərdə geosiyasətdə və beynəlxalq münasibətlərdə əks-səda verəcək paradiqma dəyişikliyidir. Və bu müqavimət avtokratik Putin-Lukaşenko birliyi üçün ölüm anına çevrilə bilər.

Tərcümə: Nizami Bağırov