Ölümün gözlərinə dik baxanlar...

Ölümün gözlərinə dik baxanlar...

14-08-2024 15:12 / Bu xəbər 584 dəfə oxundu

Xalid Mahmud
Yazar

Uzun müddətdir ki, tanıdığım, ictimai işlərdə fəallığı ilə hər zaman seçilən, Vətən müharibəsi şəhidlərinin və qazilərinin tanıdılmasında müstəsna xidmətləri olan Ceyhun Qafarovu sizin də tanımağınızı istədim. 

Ceyhun Qafarov Lerikin ən fəal insanlarından biridir. Gördüyü işləri ilə özünü reklam etməyi sevməz. Dəfələrlə onun gördüyü işləri ictimailəşdirmək istəsəm də, təvazökarlıq edərək razı olmayıb. 

Antiterror əməliyyatlarında şəhid olan Savalan İsfəndiyar oğlu Qafarovun əmisidir Ceyhun Qafarov. Savalan şəhidlik zirvəsinə ucaldıqdan sonra onun üçün təşkil olunmuş bütün tədbirlərdə fəal iştirakçı olub. 

Ceyhun Asəf oğlu Qafarov 18 avqust 1973-cü ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 

1980-ci ildə Cəngəmiran kənd orta məktəbinə gedib. 

1987-ci ildə rayonlararası hərbi hazırlıq yarışlarında fəal iştirak etdiyi üçün region birinciliyini qazanıb. 

1988-ci ildə Sumqayıt Şəhər Kimya Texnologiya Texnikomuna daxil olub. 

1989-cu ildə başlanan "Azadlıq hərəkatı” zamanı tələbə hərəkatının ən fəal üzvlərindən biri olub. Azadlıq meydanında ölkənin azadlığı uğrunda gecə-gündüz keçik çəkən, keçmiş SSRİ dövlətinə etirazını bildirən gənclərin ön cərgələrində olub. 

1990-cı ilin 20 yanvar hadisələri zamanı Ceyhun Qafarov da gənc fəal kimi əliyalın soydaşlarımızla rus ordusunun qarşısına çıxıb etirazını bildirənlər sırasında idi. 
Qarabağ savaşı başlananda xalqımızın mübariz ruhlu gəncləri kimi Ceyhun Qafarov da buna biganə qala bilməzdi. 

O, 1992-ci ilin iyun ayında könüllü ola-raq Milli Ordu sıralarına yazılır. İlk öncə Biləcəri qəsəbəsində olan hərbi hissədə 20 gün qaldıqdan sonra Lənkəranda pioner duşərgəsində yerləşən Milli Ordu-da xidmətə başlayır. Nümunəvi xidmətinə görə ona çavuş rutbəsi verilir. 

Kəşfiyyat bölüyü formalaşanda onu da həmin bölüyə göturürlər. Təkərli zirehli transportyorların maşın komandiri vəzifəsi ona həvalə edildikdən sonra təlim məşqlərinə cəlb edilir.

İki ay təlim keçdikdən sonra Qarabağ cəbhəsinə göndərilən Ceyhun Qafarovun döyüş yolu Ağcabədidən başlayır. 1992-ci ilin dekabr ayından mütəmadi olaraq o, Qarabağın müxtəlif bölgələrində kəşfiyyat yürüşlə-rində, ağır döyüşlərdə iştirak edir. 

Şişqaya, Kuropatkino, Əmralılar, Qarakənd, Qızılqaya, Yuxarı Veysəlli və bir neçə adsız yuksəkliklərdə kəşfiyyat tapşırıqlarını yerinə yetirir. 

1993 cü ilin fevral ayında erməni qəsbkarlarının hücumu nəticəsində Ağcabədi özünümüdafiə batalyo-nunun Avşar kənd özünümüdafiə rotasının bir çox əsgəri şəhid olur. 

Şəhidlərin cənazələrini döyüş mey-danından götürmək çox çətin olur. Kəşfiyyat bölüyü-nün komandiri Tofiq Qasımovun məsləhəti və iştirakı ilə Ceyhun Qafarov, onun xidmət yoldaşları Nuru, Çingiz və Yalçın Nərgiztəpə adlanan təhlükəli əraziyə daxil olurlar, çətinliklə də olsa, şəhidlərin cənazələrini tapıb çıxara bilirlər. Həmin şəhidlərin arasında ölümündən sonra Milli Qəhrəman adına layiq görulən Abdullayev Namiq Vahid oğlu da var idi. 

Ceyhun Qafarov 1996-cı ilə qədər Milli Ordu sıralarında xidmət etmiş, düşmənə qarşı mətanətlə müba-rizə aparmışdır. Ordudan tərxis edildikdən sonra müx-təlif sahələrdə çalışsa da, hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olmuş, ictimai işlərdə bir fəal kimi hər zaman öndə olmuşdur. 

Ceyhun Qafarov 2001-ci ildən Bakı şəhəri 4 saylı Ağciyər Dispanserində fəaliyyət göstərir. Nizami rayonu və Respublika üzrə ictimai-siyasi tədbirlərin fəal üzvüdür. Ailəlidir, 1 övladı var. 

Yeni Azərbaycan Partiyası "Sağlam ruh” ilk ərazi təşkilatının sədridir. Hazırda əməyin muhafizəsi muhəndisi işləyir. Qarabağ savaşında dəfələrlə düşmənlə üz-üzə gələn, ölüm-dirim savaşına girən, ölümün bir addımlığında dayanıb ölümün gözlərinə dik baxan, lakin heç vaxt geri addım atmayan bu vətənpərvər insan haqqında kifayət qədər danışmaq olar. 

Bu gün Ceyhun Qafarovun doğum günüdür. Ona möhkəm can sağlığı, sağlam ömür, işlərində müvəffəqiyyətlər arzu edirəm.

Ceyhun Qafarovun şəhid Savalan Qafarov haqqında xatirələri

Ceyhun Qafarov xatirələrində deyir: -"Savalan dün-yaya gələndə ən çox sevinənlərdən biri də mən idim. Həmin gün sevincimin həddi-hüdudu yox idi. Qardaşım İsfəndiyarın ailəsində bir oğlan uşağı dünyaya gəlmişdi. Bir əmi üçün bundan gözəl nə ola bilərdi ki...

Doğulanda çox cılız, zəif bir uşaq idi Savalan. Eyni zamanda, o qədər şirin idi ki, onu əzizləmək üçün növbəyə durardıq.

Biz özümüz Savalan dağına getməsək də, uşaq vaxtı uzaqdan o dağa həsrətlə çox baxmışıq. Elə Savalanın adını da həmin dağın adından götürmüşük. Əmisi Loğman qoyub bu adı ona. Bəlkə də, heç o vaxt ağlımıza gəlməzdi ki, böyüyəndə onun da adı Savalan dağı kimi uca olacaq.

Uşaq vaxtından seçilirdi hər kəsdən. Sanki onda qeyri-adi bir qüvvə var idi. Adamı özünə bağlaya bilən bir qüvvə. Cəngəmiranda ilk dəfə bağçaya getməyi gözlərimin önündən heç getmir. Elə bil ki, dünən olub bu hadisə. Bir an olsun belə unuda bilmirəm onu. 

Bağçada müəllimlərin ona öyrətdiklərini gəlib bizə elə maraqla danışardı ki, sanki bizim heç bu nağıllardan, şeirlərdən xəbərimiz yoxdur. Bağçada.bir bayraq vermişdilər ona. Onu heç kimə verməzdi. Yanımızdan keçəndə əsgər salamı verib keçərdi həmişə. Belə maraqlı uşaq idi Savalan.

Sonradan atası işiylə əlaqədar Bakı şəhərinə, Binə qəsəbəsinə köçüb orada məskunlaşdı. Savalan da orada məktəbə getdi. Ancaq buna baxmayaraq, kəndlə heç vaxt əlaqələri kəsilmədi. 

Həmişə istəyərdi ki, kimsə ona iş həvalə eləsin və o da bu işi canla-başla yerinə yetirsin. Kiməsə əl yetirmək, kiminsə yükünü çəkmək, yaxşılıq etmək uşaqlıqdan qanına hopmuşdu onun. 

Böyüdükcə daha çox bağlanırdım ona. Öz uşağım-dan ayırmırdım onu. Hər gün də gəlməsə, iki gündən, üç gündən bir baş çəkərdi bizə. Oturub söhbətləşərdik, zarafatlaşardıq onunla. Müharibə haqqında çox suallar verərdi mənə. 

Bir gün Savalanla söhbət edəndə o, əmisi şəhid Fuad Qafarovun necə şəhid olması ilə maraq-landı. Dedim ki, biz bir cəbhədə xidmət edirdik. Mən kəşfiyyatda, o isə motoatıcı dəstədə. Fuadın qumbara-atanla duşmənin iki tankını necə vurduğundan ona danışdım. Özü də düşmən postlarını qumbaraatanla darmadağın etmişdi. Bu cəsarəti o, şəhid əmisi Fuaddan almışdı, bəlkə də... 

Təqribən 5, ya 6-cı sinifdə oxuyurdu. Həmin vaxtlarda idmana gedirdi. Bir gün yenə oturub əmi-qar-daşoğlu söhbət edirdik. Yenə başladı müharibədən suallar verməyə. 
- Ceyhun əmi, sən müharibədə heç erməni öldürmüsən?
- Öldürmüşəm, - dedim.
- Neçə dənə erməni öldürmüsən?
- Nə bilim, əmi qurban, yadımdan çıxıb, 5, 10, 15, it sürüsü kimi idilər köpəkuşağı, qurtarmaq bilmirdi ki...
Sonra zarafata salıb, bilsəydim sən soruşacaqsan, hamısını sayardım köpəkuşağını, - deyib, gülüşdük. 

Birdən ciddi sifət aldı:

- Bax, əmi, idmana gedirəm, əsgər gedəndə onların hamısını özüm qıracam. Qoymaram torpaqlarımızı murdarlasınlar, - dedi.
Dedim, əmi qurban, sən hələ balacasan. Sən böyüyənə qədər biz Qarabağı azad edərik düşmən tapda-ğından. Onların heç izi-tozu da qalmaz orda. Ancaq nə biləydik ki, elə Qarabağda iz qoyan qəhrəmanlardan biri də Savalan olacaq.  

Silaha çox böyük marağı var idi. Bu da bizdə irsidi. Ulu babamız Zülfüqar sərrast atıcı olub. O vaxtlar İran şahlığı dövründə atıcılıq üzrə yarış keçirilib. Babam o yarışda atıcılıq üzrə birinci yeri tutub.  

İllər sürətlə keçir. İllər bir-birini əvəz etdikcə Savalan da böyüdü, boya-başa çatdı, orta məktəbi bitirib, onuncu sinfi uğurla başa vurdu və sənədlərini Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə təqdim etdi, imtahanlardan müvəffəqiyyətlə keçib kollecə daxil oldu. 

Texnikumu bitirdikdən sonra hərbi xidmətə çağırış vərəqi gəldi. Çox sevinmişdi. Sosial şəbəkələrdə də paylaşmışdı ki, hərbi xidmətə gedirəm. Elə bil ki, tələsirdi. Dostlarının təkidi ilə həyətdə mağar quruldu. Dost-tanış, quhum-əqrəba, -hamımız yığışdıq onun başına. Təmtəraqlı şəkildə qeyd etdik o günü. 

Sonra onu hərbi xidmətə yola saldıq. Xidmətdə olduğu müddətdə də əlaqələrimiz kəsilmədi. Həmişə ondan xoş xəbərlər eşidirdim. Nümunəvi əsgər idi. Komandirlərinin də rəğbətini qazanmışdı. Uşaqlar yanına gedib-gələrdilər, mənə də xoş xəbərlərini gətirərdilər. 

Bir əmi kimi onun haqqında eşitdiyim hər yaxşı xəbər məni qürurlandırırdı. Telefonla danışanda həmişə tap-şırardım ki, ehtiyatlı olsun. Ancaq həmişə də cavabında, - "Əmi, mən daha uşaq deyiləm, böyümüşəm, narahat olma məndən ötrü”, - deyərdi.

44 günlük müharibə onun düşüncələrini çox dəyiş-mişdi. Komandiri danışır ki, həmişə bizə sual verərdi: "Bəs nə zaman döyüş əmri gələcək və biz də torpaq-larımızın qalan hissəsini azad edəcəyik?. Mən də cavab verərdim ki, narahat olma, ona da növbə yetişər, düşmənin başını əzib, qovarıq torpaqlarımızdan...”

2023-cü ilin sentyabr ayının 02-də məzuniyyətə gəlmişdi. Sentyabrın 5-i gəldi bizə. Həyətimizdə onunla oturub xeyli söhbət etdim. Müxtəlif məzmunda söhbətlər etdik, ancaq mən bir şeyin şahidi oldum və hiss etdim ki, Savalan həmin Savalan deyil. 

Onun uşaqlığından, şıltaqlığından, o zarafatcıl xasiyyətindən əsər-əlamət qalmamışdı. Savalan mənimlə yetkin, hadisələrə fərqli rakursdan baxan, alicənab insan kimi danışırdı. Söhbətlərinin əksəriyyəti döyüşdən, müharibədən, silah-sursatdan idi. Fikri çox dağınıq idi. Və bir şeyi də hiss etdim mən. Sanki bu, Savalanın son görüşü idi, bizimlə vidalaşmağa gəlmişdi. 

Sentyabrın 7-si biz onu yola saldıq xidməti yerinə. Çox vaxt keçmədi. Elə həmin ayın 19-u Ali Baş Komandanın əmri ilə ordumuz yenidən hərəkətə keçdi. 23 saat ərzində torpaqlarımız terrorçulardan təmizləndi. 

Həmin döyüşdə Savalan əvvəlcə qumbaraatanla düşmənin gizləndiyi postları darmadağın edir, daha sonra avtomat silahıyla döyüşə atılaraq düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Döyüş zamanı komandiri yaralanır. Savalan onu döyüş bölgəsindən çıxarmağa çalışır. Lakin pusquda dayanan xain düşmənin snayper silahından açdığı atəş nəticəsində həlak olaraq şəhidlik zirvəsinə ucalır.

Savalan haqqında yaddaşımda çoxlu xatirələr var. Ancaq onun haqqında indi danışmaq mənim üçün çox çətindir. Onun yoxluğu ilə barışa bilmirəm. Savalan hər kəsin qəlbində özünə yer eləmişdi. Hamı onun xətrini çox istəyirdi. 

Birinci Qarabağ savaşından bəri nəslimizin bir çox nümayəndələri döyüşlərdə işdirak edib, şəhidlər vermişik, qazilərimiz olub. İkinci Qarabağ savaşında da həmçinin. Hazırda da Savalanın əmisi uşaqları Kəlbəcərdə, Xocalıda və Qarabağın digər bölgələrində nümunəvi xidmət göstərirlər. Savalan əmilərinin davamçısı idi, onlardan güc almışdı. 

Savalan kimi oğullarımızın hesabına bu gün torpaqlarımız azad nəfəs alır. Buna görə hər birimiz şəhidlərimizə borcluyuq.

Savalanın uşaq vaxtı, -"Baxarsız, Qarabağı mən azad edəcəyəm”, - dediyi söz bu gün gerçəyə çevrilib və həqiqətən də, torpaqlarımızın bütövlüyünü təmin etmək elə ona və onun kimi igidlərimizə qismət oldu.

Allah ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 

Bundan başqa nə deyə bilərəm ki? Ancaq onu deyə bilərəm ki, şəhidlərimizin ünvanı əbədiyyət, məqamları ucadır.