Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı

Məhkəmə Əli Kərimlinin işgəncə şikayətini araşdırmadı

05-01-2021 12:37 / Bu xəbər 829 dəfə oxundu

"Ölkə daxilindəki hüquqi müdafiə vasitələri tükəndirilib və bu iş Avropa Məhkəməsinə göndərilir”

Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 19 oktyabr 2019-cu ildə mitinq zamanı Respublika sarayının yaxınlığında saxlanması və işgəncəyə məruz qalmasıyla bağlı şikayətinə baxılıb. Hakim Habil Məmmədov Ə.Kərimlinin şikayətinin icraata götürülməsi və bəhs olunan halların araşdırılmasından imtina edib.

Bakı Apelyasiya Məhkəməsindən öncə Səbail Rayon Məhkəməsi də AXCP sədrinə eyni məsələ ilə əlaqədar rədd cavabı vermişdi.

Ə.Kərimli hadisədən dərhal sonra – 24 oktyabr 2019-cu ildə baş verənlərin araşdırılması (videokameraların görüntülərinə baxış keçirilməsi, dindirmələrin aparılması, ekspertiza keçirilməsi və s.), polislərin cəzalandırılması tələbilə prokurorluğa şikayət etsə də, aldığı cavab onu qane etməmişdi. Bakı Şəhər Prokurorluğunun 5 dekabr 2019-cu il tarixli qərarında Ə.Kərimlinin qanunsuz tutulması, zorakılığa məruz qalması barədə yazılanların təsdiqini tapmadığını, polislərin hərəkətində cinayət tərkibi aşkarlanmadığı iddia olunub. Prokurorluq bu əsasla da cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Ə.Kərimli məhkəməyə müraciətində prokurorluğun bu qərarının ləğvini istəyib.

AXCP sədri bildirir ki, bu qərar prokurorluğun ona işgəncə verənləri himayə etməsinin sübutudur. Ə.Kərimlinin sözlərinə görə, prokurorluq ona belə bir qərarın çıxarılması haqda məktub göndərsə də, qərarın özünü göndərməyib.

"Prokurorluq hər hansı araşdırma aparmadan mənə qarşı işgəncə faktını ört- basdır edib, işgəncə verənləri məsuliyyətdən yayındırmağa çalışıb. Üstəlik, mənə işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başlanmasından imtina barədə qərarını da qəsdən gizlədib. Məqsəd də bu olub ki, həmin qərardan vaxtında şikayət edə bilməyim”, - deyə Ə.Kərimli bildirib.

AXCP sədrinin sözlərinə görə, Bakı Şəhər Prokurorluğunun belə bir qərarının mövcudluğundan onun verilməsindən iki ay yarım sonra xəbər tutub. 24 oktyabrda yazdığı birinci müraciətinə cavab gəlmədiyini görüb, dekabrın 27-də təkrar məktub göndərib. İkinci məktubuna 13 fevral 2020-ci ildə cavab gəlib və orada məlumat verilib ki, 5 dekabrda cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb.

Ə.Kərimli hesab edir ki, yubanmanın, şikayətinə baxılmamasının məqsədi bu işin Avropa Məhkəməsi müstəvisinə çıxarılmasının qarşısını almaqdır.

"Bakı Apelyasiya Məhkəməsinin yazılı qərarı hələ vəkilə verilməyib. Qərar veriləndən sonra Əli Kərimliyə qarşı işgəncə ilə əlaqədar Avropa Məhkəməsinə şikayət hazırlanıb göndəriləcək. Çünki apelyasiya məhkəməsi bu məsələ ilə əlaqədar ölkə daxilində istifadə oluna biləcək sonuncu hüquqi müdafiə vasitəsi idi”, - AXCP-dən Meydan TV-yə bildirilib.