Mənim klassikim

Mənim klassikim

25-10-2024 02:33 / Bu xəbər 456 dəfə oxundu

Vüqar Van

İtalo Kalvino "Klassikləri niyə oxumalıyıq?" adlı essesində klassik müəllifə belə bir tərif verir: ””Sənin klassikin” laqeyd qala bilmədiyin və onun vasitəsilə, hətta ona qarşı çıxaraq özünü ifadə etdiyin müəllifdir".

Bu yazıda da Kalvinonun təbirincə desəm, mənim laqeyd qala bilmədiyim, ona qarşı çıxaraq özümü ifadə etdiyim böyük nasir və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığından və məşhur "Xortdanın cəhənnəm məktubları” povestindən danışacaq, "onu indiki dövrlə səsləşdirən nədir?” sualına cavab axtaracağıq.

***

Əbdürrəhim bəy Haqverdiyevin əsərləri və fəaliyyəti mənim üçün dəyərli və vacibdir. İntəhası, həm də tez-tez onunla mübahisə etmək istəyirəm. 

Bir tərəfdə ciddi suallara lətifə ilə cavab verən, dövrün "ictimai sifarişinə” uyğun "Sağsağan”, "Ədalət qapılar” kimi tərənnüm pyesləri yazan yazıçı Haqverdiyev var, digər tərəfdə "Xortdanın cəhənnəm məktubları”nı, "Uca dağ başında”nı, "Ata və oğul”u, "Pəri cadu”nu yazan yazıçı, Azərbaycanın ilk dirijoru, müəllimlik, teatr təşkilatçılığı, tərcüməçilik də daxil, çox geniş ədəbi-mədəni fəaliyyətlə məşğul olan Haqverdiyev var.

"Xortdanın cəhənnəm məktublar”ı povesti mistik-magik üslubda yazılan və canlı obrazlarla, real təsvirlərlə dolu, real həyatdan ayağı üzülməmiş bir səyahətnamədir. Əsərin əsas təhkiyəçisi Xortdan bir gün cəhənnəmə gedib oranı görmək qərarına gəlir. 

Bu səyahət də Mirzə Qoşunəli Təbrizinin hazırladığı iksirin hesabına baş tutur. İksiri alıb, yenidən Tiflisə qayıdan Xortdanın budəfəki ünvanı cəhənnəm olur. Beləliklə, Xortdan real dünyada müvəqqəti ölüb, ruhən cəhənnəmə gəlir və orada gördüklərini danışmağa başlayır. Xortdanın Tiflisdən Şuşaya və Tiflisdən cəhənnəmə gedən marşrutunda yol boyu maraqlı insanlar, yerlər, qeyri-adi əhvalatlarla qarşılaşırıq. 

Nəinki "Xortdanın cəhənnəm məktubları”na, demək olar, Haqverdiyevin bütün əsərlərinə diqqətlə fikir verəndə, məlum olur ki, yazıçı məkan anlayışı ilə və məkanın insana təsiriylə ciddi şəkildə məşğul olub. Axı ədəbiyyat həm də iki kateqoriya: zaman və məkan haqqındadır.

Haqverdiyevin məkanları əsasən mehmanxanalar və digər qapalı, yaxud dar yerlərdir. Necə ki bu cür məkanlara, məkan-insan əlaqəsinə Kafkanın mətnlərində rast gəlirik. Haqverdiyevin qəhrəmanları mütləq harasa səyahətə çıxırlar və mütləq hansısa mehmanxanada qalırlar. 

Mehmanxanaların təsviri ilə də yazıçı eyni zamanda dövrün mənzərəsini göstərir. Mehmanxana müvəqqətilik, fanilik, bir yerdə qərar tuta bilməmək, özünü bir yerə aid hiss edə bilməmək deməkdir. Bəlkə, yazıçı bu metaforayla ona görə bu qədər çox məşğul olub ki, özü də heç vaxt bir yerdə daimi məskən sala bilməyib. 

Üç yaşında atasını itirib və əmisi Əbdülkərim bəyin himayəsinə keçib. Atasının vəfatından üç il sonra anası kənd çinovniki Həsənəli bəyə ərə gedib və bu izdivacdan hər kəs narazı qalıb. Əmisi bir neçə il Əbdürrəhim bəyi anasını görməyə qoymur, bir yandan da əmisi arvadı, əmisi uşağı ona əzab verirlər. 

Haqverdiyev bir məktubunda yazır: "Əmim arvadı bir yandan və qardaş oğlu bir yandan, əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq, birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu”.

Uşaqlığını gah öz evlərində, gah əmisinin, gah da ögey atasının evində keçirən Haqverdiyev yaşa dolandan sonra bir yerdə qala bilmir, gah Tiflisdə yaşayır, gah Bakıda qalır, gah da doğulduğu Şuşada. Ona görə bu müvəqqəti yaşayış, bu güclü fanilik duyğusu əsərlərindən qırmızı xətt kimi keçir. Üstəlik, mehmanxanada onun qəhrəmanlarının başına maraqlı hadisələr gəlir, obrazlar xatırlamağa başlayanda xoş məqamları xatırlayırlar. Bu mehmanxanalar onun qəhrəmanlarının tək rahat olduğu yerdir. 

Qayıdaq "Xortdanın cəhənnəm məktubları”na. 

Əsəri oxuyanda Haqverdiyevin xalq yaradıcılığını dərindən bilməyinə, yaratdığı canlı obrazlarına, xarakterlərinə heyran qalırsan. Doğulub boya-başa çatdığı yerin təbiətini, xarakterini, insanlarını möcüzəli, sehrli bir qiyafədə təqdim edir. Hətta yazıçı özü də ən yaxşı hekayələrindən olan "Uca dağ başında” hekayəsində bilərəkdən, yaxud bilməyərəkdən bu nüansa toxunur. Hekayə qısa olaraq, uca dağ başında yerləşən (yenə məkan, üstəlik dar məkan) bir yerin dəlilərindən danışır və hekayənin ortasında yazıçımız yazır:

"Tühəflərdən bu altı nəfəri saymaqla iktifa edib deməliyəm ki, bizim cavan yazıçlarımız üçün bu adamların hər biri bir tip, hər biri bir komediya üçün qəhrəman olmağa layiqdir”.

Haqverdiyevin xalq yaradıcılığını dərindən bilməyi məsələsində Abdulla Şaiq də öz xatirələrində belə danışır: "İnqilabdan sonra hər ikimiz Ali Pedaqoji İnstitutda bir müəllim kimi çalışırdıq. O, hələ də öz köhnə vərdişlərini buraxmamışdı, hətta bir az da üstünə artırmışdı. Böyük tənəffüslərdə söylədiyi şirin lətifələrlə müəllimləri güldürür və kəlməbaşı atalar sözündən bir misal çəkirdi. O, xalq həyatını, xalq ədəbiyyatını çox gözəl bilirdi. Ondan eşitdiyim lətifələri yazsaydım, böyük bir kitab olardı. Bu qədər lətifəni haradan öyrəndiyinə və zehnində necə saxladığına heyrət edirdim”. 

Haqverdiyev yaratdığı qorxunc, mübaliğəli cəhənnəm dünyasında baş verən hadisələrlə, real dünyada, cəmiyyətdə baş verən hadisələr arasında paralellər aparır və məlum olur ki, real dünyada baş verən hadisələr daha qorxunc, daha ağlasığmazdır.  Maraqlısı budur ki, Xortdanın cəhənnəmdə gördüyü adamlar real həyatda qarşılığı olan mollalar, seyidlər, ruhanilər, hacılardır. Cəmiyyətdə nüfuzu çox böyük olan bu adamların həqiqi obrazını yaradıb, onları adları ilə bir yerdə cəhənnəmdə təsvir etmək, doğrudan da, yazıçıdan böyük cəsarət tələb edir. İnsanların ayaqlarını öpdüyü bir seyidi cəhənnəmdə göstərmək üçün adamda, yumşaq desək, böyük ürək olmalıdır. Çünki dövrün mənzərəsi, insanların vəziyyəti çox acınacaqlıdır. 

Həmin dövrdə İslamda yalnız xilaskarlıq və nicat var, inkişaf yoxdur. Yavaş-yavaş sənayeləşən cəmiyyətdə də artıq faciəyə yer vermək olmaz. Hər şey şən olmalıdır. Haqverdiyev "Xortdanın cəhənnəm məktubları”nda bu qəliblərdən çox məharətlə sivişib həm dövrün tələbinə uyğun "şən” bir əsər yazır, həm də insanlara guya "xilaskarlıq” və "nicat” paylayan adamları tənqid edib, dünyəvilik anlayışının yolunu çəkir. 

Əbdürrəhim bəy povestdə mənfi obrazları İblislə qarşılaşdırır. Bu İblis mifik obraz yox, həqiqi, real tiplər kimi verilir. Amma məncə, Haqverdiyevin və ümumən, Molla Nəsrəddinçilərin yaratdığı İblis obrazı bədii dəyəri zəif, aşağı əyarlı İblisdir. Və bu publisistik, epatajlı İblis fiquru Hüseyn Cavidin İblisinin yanında çox kiçik görünür. 

Müəllif əlindəki zəngin ədəbi materialı dörd hissəyə bölüb: "Bir neçə söz”, "Müqəddimə”, "Cəhənnəm” və "Odabaşının hekayəsi”. Son hissə olan "Odabaşının hekayəsi” sonradan əsərə əlavə edilib, onun haqqında ayrıca danışacağıq. 

Haqverdiyev bu əsərində bir neçə ədəbi priyomdan istifadə edir. Bunlardan ən birincisi danışılan hadisənin fərqli təhkiyəçilərin dilindən verilməsi fəndidir. Əsərdə üç təhkiyəçi var: Xortdan, yolda Xortdanla təsadüfən rastlaşan və onun faytonuna minən Məşədi Səttar və Xortdanın cəhənnəmdə gördüyü, ona bələdçilik edən Odabaşı. 

Əsərdə dəqiq təsvir, kontrast, səs, ifadəli mimikalar və sair kimi fəndlərdən də məharətlə istifadə olunub. Hər ədəbi fəndə dair misallar versəm, yazı xeyli uzanacaq, ona görə bircə misalla kifayətlənək. Dəqiq təsvirə aid bir misal: 

"Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında "Qarqar” deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstündə diklənibdir. Gendən baxanda guya bir bayquş qanadlarını sərib, çaydan su içməkdədir”. 

Ədibin uşaqlıq illərində çəkdiyi əzab onun yaradıcılığına da ciddi təsir edib. Yaradıcılığının ilkin mərhələsində atadan yetim qalan və əmi zülmü görən qəhrəmanlarının ağrıları məhz avtobioqrafik xüsusiyyət daşıyır. Başdan ayağa ironiya üzərində yazılmış "Xortdanın cəhənnəm məktubları”ndakı "Odabaşının hekayəsi” hissəsində də qəddar, zalım əmi obrazı var.

Hacı Kamyab vicdansız qardaş və zalım əmidir. Gövhərtac adında bir qızı var və bu qızı əmisi oğlu Fərman sevir. Gövhərtac da əmisi oğluna qarşı laqeyd deyil. Bir sözlə, gənclər bir-birini sevirlər. Amma Hacı Kamyab bu sevgidən xəbərdar ola-ola zorla qızını bir xanın oğluna vermək istəyir (Hacı Kamyab əsərdə zalım ata kimi yox, zalım əmi kimi təsvir olunur). Axırda gənclər əlacsız qalıb qaçırlar və bütün mahalın böyüyü, ağsaqqalı hesab olunan, ətəyi öpülən, xeyirxah əməlləri əfsanəyə, rəvayətə çevrilən Hacı Mirzə Əhməd ağaya sığınırlar. Yalançı din adamı da ona pənah gətirən gəncə xəyanət edərək Gövhərtaca tamah salır, qızı yaşındakı uşağı özünə arvad etməyə qərar verir. Sonda Fərmanla Gövhərtacın sevgisi faciəvi şəkildə bitir.

Bioqrafik elementlərlə zəngin olan "Odabaşının hekayəsi” hissəsi, məncə, "Xortdanın cəhənnəm məktubları”nın ən yaxşı, ən uğurlu hissəsidir. Bu hissə əsərə sonradan əlavə olunsa da, quyruq kimi, yamaq kimi görünmür, əksinə, əsəri ironiya atmosferindən çıxarıb, ona dramatik qat verir. 

Ədəbiyyatımızda magik-realizm janrında ilk əsər hesab olunan və çox orqanik, təbii, zahiri bəzəkdən uzaq, canlı dillə yazılmış "Xortdanın cəhənnəm məktubları”nın tül örtüyünün altında Dantedən tutmuş dini kitablara qədər müxtəlif əhvalatlar yatır.  

***

Haqverdiyevin ömrünün son ilində yazdığı məktubdan məlum olur ki, bütün həyatını ədəbiyyata həsr edən yazıçının güzəranı yaxşı deyil, övladı olmayıb və maddi vəziyyəti pisdir, gözləyir ki, ona "Xalq yazıçısı” adı versinlər, bəlkə, təqaüd alıb, bir az istirahət edə bilər. 

"... çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə "xalq ədibi" namini versinlər. O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəm".

***
Yaxşı, bəs onu indiki dövrlə səsləşdirən nədir? Haqverdiyev öz əsrinin çərçivələrindən kənara çıxmağı bacarıb. Magik realizm, avtobioqrafik elementlərdən, müxtəlif təhkiyə formalarından məharətlə istifadə, çoxlu bədii priyomlar, zahiri təmtəraqdan uzaq sadə, canlı dil və bu qəbildən olan təzə-təzə öyrəşdiyimiz şeylər Haqverdiyevi məhz indiki dövrlə səsləşdirir. Bunlar onun üslub baxımından müasirliyidir. Mövzularının, obrazlarının, qaldırdığı problemlərin çoxu hələ də aktuallığını saxlayır. Haqverdiyevin əsərlərində bəzən elə obrazlara rast gəlirik ki, sanki onlar yüz il əvvəlin insanları deyil, dövrümüzdə yaşayırlar. Klassikliyin əsas meyarlarından biri də budur: təkcə öz dövründə deyil, sonrakı dövrlərdə də forma və məzmun olaraq gücünü və aktuallığını qorumaq. 
 
Thebakureview.com