Mətn və strategiyalı oxu

Mətn və strategiyalı oxu

12-05-2023 10:28 / Bu xəbər 1572 dəfə oxundu

Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında təqdim edilən mətnlərlə bağlı müzakirələr bəzi suallar meydana çıxardı: doğrudanmı, mətnlər həcmcə böyükdür və mətn tapşırıqlarını cavablandırmaq çox vaxt tələb edir? Bu suallara cavab tapmaq üçün, ilk növbədə, təhsilin məzmununa diqqət yetirmək lazımdır.

Məlumdur ki, 2008-ci ildən təhsilin məzmununda dəyişikliklərlə əlaqədar "yaddaş məktəbi”ndən "təfəkkür məktəbi”nə keçilmişdir. Bu o deməkdir ki, təhsil sistemində həmin vaxtdan tətbiq edilən yeni təhsil proqramına (kurikuluma) əsasən, şagirdlərə kiçik yaşlarından biliklərlə yanaşı, müvafiq bacarıqlar da aşılanır. 

O cümlədən ümumtəhsil müəssisələrində Azərbaycan dili fənninin tədrisi boyu dil qaydaları ilə bağlı biliklərlə yanaşı, ətraf aləmi anlama, dərk etmə, təhlil etmə bacarıqları da formalaşdırılır. 

Yuxarıda qeyd edilənlər göstərir ki, müasir dünyada təhsilin qarşısında qoyulan tələblər dəyişmişdir. Buna müvafiq olaraq, fərqdlərin mənimsəməli olduqları bacarıq, bilik və vərdişlərin məzmununda da dəyişikliklər olmuşdur. Bəs bu dəyişikliyi zəruri edən nədir?

Müasir dövrdə gündəlik həyatda insanın qarşılaşdığı informasiyanın həcmi olduqca böyükdür. Bu da informasiyanı daha çevik yadda saxlamaq, təhlil etmək, dəyərləndirmək bacarığı tələb edir. Buna görə də yeni nəsil üçün ən mühüm bacarıqlardan biri də informasiyanı sürətlə mənimsəyə bilmə qabiliyyətidir. Təhsil sahəsində bu, fənn kurikulumunun təlim nəticələri və məzmun standartlarının tələbləri əsasında formalaşdırılır. 

Belə bacarıqlardan ən mühümü oxuyub-anlamadır. Mətni çevik, sürətli, eyni zamanda dərk edərək oxumağı sistemli öyrənmə prosesində formalaşdırmaq olar. Fənn kurikulumunun təlim nəticələrinə görə müasir yanaşmalarda "sürətli oxu” dedikdə qısa müddət ərzində çox söz oxumaq deyil, dərk etmə, anlama əsaslı oxu başa düşülür. Bəs qısa müddət ərzində mətni həm sürətlə, həm də effektiv necə oxumaq olar? Bu, Azərbaycan dili dərslərində mətn üzərində işin məzmun standartlarının  tələbləri əsasında qurulmasından asılıdır. 
Şagirdlərin öz oxu fəaliyyətlərini düzgün təşkil və idarə edə bilmələri üçün müəllim onlarda hələ aşağı siniflərdən strategiyalı oxu bacarıqlarını formalaşdırmalıdır. 

Strategiyalı oxu düşünərək oxudur. 

Strategiyalı oxu zamanı şagird çevik düşünmək  bacarığına yiyələnir. 

Strategiyalı oxu prosesində şagird təqdim edilən mətnin mənasını dərk edir, problemı müəyyənləşdirir. 

Mətnin oxusunu problemi həll etmə forması kimi dəyərləndirərək məqsədə nail olmaq üçün fəaliyyətini düşünülmüş şəkildə təkil edir. Belə oxu gözlənilən nəticəni mətnin oxusuna baslamazdan əvvəl aydın təsəvvür etməyə imkan verir:

• mətndə fikir ardıcıllığı müəyyən ediləcək;
• mətnin ayrı-ayrı hissələrində əksini tapmış fikirlər və ümumilikdə əsas fikir müəyyənləşdiriləcək;
• ictimai problem və ya obrazların (mətn bədii mətndirsə) qarşısında duran şəxsi problemlər müəyyən ediləcək;
• mətnin məzmununa və ya üslubuna yad olan cümlə seçiləcək;
• çətin başa düşülən sözlərin mənası kontekstə nəzərən aydınlaşdırılacaq və s.

Əlbəttə, belə oxu bacarığının aşağı siniflərdən başlayaraq formalaşdırılması çox vacibdir. Əks halda, buraxılış imtahanlarında qarşılaşdığı mətnlər şagirdə irihəcmli, çətin, tapşırıqlar isə vaxtaparan görünəcək. 

Strategiyalı oxu bacarığına yiyələnmiş şagird isə mətni oxuyub başa çatdırdıqda ona təqdim edilən test tapşırıqlarını cavablandırmağa artıq hazır olacaq.

Təhsil mütəxəssisi: Sevda Səməd