Müavini: "10 gündür ki, Əli Əliyevdən xəbər yoxdur"

Müavini:

30-08-2022 15:59 / Bu xəbər 964 dəfə oxundu

"10 gündür ki, Əli Əliyevdən xəbər yoxdur, narahatıq". 
 
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin ailəsi və vəkili 10 gündür ki, onunla əlaqə saxlaya bilmir.  
 
Bu barədə "Toplum TV"-yə onun müavini Zaur Qasımov məlumat verib.  
 
Z. Qasımovun dediyinə görə, sonuncu dəfə ailəsi onunla avqustun 21-də görüşə biliblər: "Ondan sonra heç zəng də olmayıb. Əvvəllər həftədə 1-2 dəfə zənglə danışa bilirdilər. Ailəsi bazar günü görüşə getmişdi, ona da icazə vermədilər".  
 
Zaur Qasımov bildirib ki, təcridxana əməkdaşları görüşə icazə verməməklərini içəridə dezinfeksiya işlərinin getməsilə əlaqələndirib: "Dedilər ki, 3 gün dezinfeksiya işləri gedəcək. Harada görülüb ki, bir yer 3 gün dezinfeksiya edilsin? Soruşduq ki, bəs zənglərə niyə icazə verilmir? Dedilər ki, xətlərdə problem var. Lakin biz bilirik ki, digər məhbuslar ailələri ilə əlaqə saxlaya bilirlər".  
 
Z. Qasımov söyləyir ki, bu gün Ə. Əliyevin vəkilinə də onu görməyə icazə verməyiblər: "Vəkilinə deyiblər ki, ali məhkəmədən sənəd gətirməlisiniz. Halbuki bu artıq təsdiq olunmuş bir məlumatdır. Vəkil indiyədək üç məhkəmədən sənəd təqdim edib".  
 
Ə. Əliyevin müavini bunun partiya sədrinə qarşı növbəti təzyiq olduğunu hesab edir: "Günlərdir xəbər ala bilmirik, narahatıq. Biz bilirik ki, onu həbsxanada sıxırlar".
 
Z. Qasımov artıq Ombudsman Aparatı və BMT-nin Bakı ofisinə müraciət etdiklərini bildirib.  
 
Penitensiar Xidmət: "...həqiqətəuyğun olmayan informasiyadır" 
 
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov deyib ki, görüşlər və telefon danışıqlarının təqdim olunması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir və bununla bağlı heç bir problem yoxdur: "Təqsirləndirilən şəxsə təzyiqlərin edilməsi iddiası isə həqiqətəuyğun olmayan informasiyadır".  
 
Xatırlatma 
 
VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. 
 
O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib. 
 
Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır. 
 
Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. 
 
Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.