Müşfiqin ölümündə məşhur qadının iştirakı: şairin üzünə kimlər durub?

Müşfiqin ölümündə məşhur qadının iştirakı: şairin üzünə kimlər durub?

05-06-2024 18:21 / Bu xəbər 1858 dəfə oxundu

Bu gün Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür. 

Bir qədər əvvəl M.Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmin qalıqların ona aid olmadığı təsdiqlənib.

İctimaiyyətdə maraq doğuran məsələ Müşfiqin qalıqlarının harada olmasıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyevin sözlərinə görə, 27 may 1937-ci ildə NKVD-nin təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə Müsavat gənclər təşkilatı ilə əlaqə saxlayır, əksinqilabi təşkilat qrupuna daxildir: "Həbs olunmuş müttəhimlərin "könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən, Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, 4-də isə həbs edilmişdi. İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilindi. Onun üzünə oxunan hökmdə yazıçı və şair dostlarının yazılı izahatlarını da göstərirlər. 

İzahatda yazılır: "Mikayıl Müşfiq zahirən sovet, lakin bütün daхili quruluşu etibarı ilə qəddar əksinqilabçı ruhu ilə dolu olan əsərlər yazır. Eyni zamanda o, Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibarı ilə "proletariata sadiq şair” deyil”.

Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadə

Tarixçi deyib ki, ölüm hökmündən öncə o, NKVD divarları arxasında ağır işgəncələrə məruz qalır: "Sənədlərdə ona zülm edənlərdən birinin də Ayna Sultanova olduğu qeyd edilir. Bir sənəddə yazılır: "Müşfiq qaldığı kamerada ifadəyə qol çəkmək üçün aparılmağa gəlir və bütün ittihamları rədd edir. Bu zaman əsgər çöldə gözləyən həkimi içəri çağırır. Əsgər onun sol ayağından corabı çıxarır. Həkim kəlbətini yaxınlaşdırıb dırnağını tutdu. Kəlbətinin soyuq dişləri kipləndi, dırnağı isə əzab verə-verə çıxarıldı”. NKVD-də ifadə verən məhbuslar yaşından asılı olmayaraq ağır işgəncələrə davam gətirə bilmir, "günahlarını” boynuna almağa məcbur olurdular. Xüsusilə ona qarşı qəddarlığı Ayna Sultanova edirdi. Onu nəm əski ilə döyürdü, sonra isə özünün iştirakı ilə şairin əl və ayaq dırnaqları çıxardılmışdı. Daha sonra onu quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayırlar. İki gecə yatmadıqdan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur edirlər”.

Ayna Sultanova

SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il məhkəməsi: "Saat 11:20 dəqiqədə başlanan məhkəmə cəmi 20 dəqiqə çəkdi. Ona verilən "Günahlarını boynuna alırsanmı” sualına "Bəli, daha bu əzablar bitsin” deyə, Müşfiq cavab verir. Saat 11:40. Qərar: "İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu 1908-ci ildə anadan olub. "Azərnəşr”in keçmiş redaktoru və tərcüməçisi, Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatının üzvü olub. Hərbi kollegiya İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunu ən ağır cəzaya – güllələnməyə məhkum edir. Hökmün icrası dərhal həyata keçirilsin”.

1938-ci il. 5 yanvardan 6 yanvara keçən gecə: "Gecə saat 01:30 Mikayıl Müşfiq başına torba keçirilərək kameradan çıxarılır. Onu aparanlar arasında həkim, iki əsgər və bir zabit var idi. Şair dizi üstə yerə otuzdurulur. Arxadan tapançanın lüləyini onun boynuna tuşlayan zabit tətiyi çəkir. Bir güllə 29 yaşlı gənc şairin ömrünə son qoyur. Həkim yaxınlaşır və onun nəbzini yoxlayır. "Öldü” deyərək, təsdiq edir. Beləliklə, sovet terrorunun qurbanı daha bir ziyalı - Mikayıl Müşfiqin həyatına son verilir”.

Zaur Əliyev deyib ki, Mikayıl Müşfiqi əksinqilabçılıqda, xırda burjua sinfinə aid və müsavatçı olmaqda ittiham etsələr də, əsl səbəb başqa idi: "Mikayıl Müşfiq Məmməd Rahim, Azərbaycan Yazıçılar İttifaqının üzvü Seyidzadə Mehdi, Azərbaycan Yazıçılar İttifaqının sədri Seyfulla Şamilov və şair M.Rzaquliyevlə "Azərnəşr”in binasında olan zaman etdiyi bir hərəkət və sözə görə ölümə məhkum edilir. Mikayıl bu adamlarla "Azərnəşr”in binasında oturub söhbət edən zaman onların Stalinə şeirlər və mədhiyyələr dediklərini görüb. O, ayağa qalxaraq Stalinin heykəlinə yaxınlaşır və onun başına vuraraq "bir gün sənin də boğazına zəncir keçirib bu heykəlini ayaqlar altına atacaqlar” deyir. Bunu görən orda olan – yuxarıda adını çəkdiyim adamlar dərhal durub gedirlər və hamısı NKVD-yə tez teleqram vurular ki, bəs Mikayıl Müşfiq Stalini təhqir etdi. Hətta bu hadisənin şahidləri dindirilən zaman şair M.Rzaquluyev M.Müşfiqin Stalinə həsr etdiyi şeirin üzərində durur və Stalini təhqir etdiyini əsas gətirirdi. Məhz bu fakta görə onu həbs edirlər, Ayna Sultanova da bu sözlərə görə ona həbsxanada zülmlər edir, şairi nəm dəsmalla döyür, onun əl və ayaq dırnaqlarını çıxardır, zülmə məruz qoyur”.

Z.Əliyevin dediklərinə görə, M.Müşfiq həyatının ən son saatlarına qədər ölümünə inanmayıb: "Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: "Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb…”.

Bəzi mənbələrə inansaq onu Nargin adasında güllələyib, dənizə atırlar, bəzi mənbələr yazır ki, guya onun meyitini pulla alıb gizli adla dəfn edirlər, hətta bir-iki mənbə də yazır ki, onu Stalinka tipli binaların birində diri-diri divara hörüb öldürüblər. Doğrunu isə bir Allah və o dövrdə bu hadisənin şahidləri bilir”.