Fəqət nə Cəlal var, nə də ki Humay
31-01-2024 01:43 / Bu xəbər 1243 dəfə oxundu
İlham Əziz
O hadisədən bir il keçsə də, bir gün, bir saat, bir dəqiqə dinclik tapmamışdı, yediyi-içdiyi zəhərə dönmüş, bu bir ildə əlli il dala düşmüşdü. Ən uzaq məsafələri gözüylə qət etmişdi, son nöqtədə nəsə tapmağa ümidi vardı, o ümid Cəlalı tərk etmirdi, bərk-bərk o ümidə sığınıb yaşayırdı. Cəlalın bəxti əvvəldən gətirməmişdi, bir qarını ac, bir qarını tox məktəbi bitirib, instituta girmişdi, elə həmin il bu dünyada tək simsarı olan anası oturduğu yerdə keçinmişdi.
Tələbə sevincini ana yasında yaşamışdı. Ən yaxşı hisslər boğazında düyünlənmişdi, qəhərdən boğulurdu. İkinci kursa təzə başlayanda o biri qrupdan Humaya birdən-birə diqqət eləmişdi. Hər diqqət edəndə nədənsə anasını xatırlamışdı, gözlərini qızdan ayıra bilməmişdi. Sapsarı qulac saçlı, iri gözlü, bəstəboy Humay əvvəl fikir verməmişdi, sonradan ayılmışdı ki, hara getsə, Cəlal orda peyda olur, gözünü ondan ayırmır.
Qruplara pıqqapıq düşmüşdü. Qızlar Humayı ora-bura dartıb göz-qaş oynatmışdılar, gülüşmüşdülər. Humay bu söz-söhbətə əvvəl-əvvəl ürəyində sevinsə də, sonralar bir-bir qızlarla dalaşmağa başlamışdı. Günün birində də hönkür-hönkür ağlamışdı. Cəlal da köhnə-küləş paltarlarını yuyub-ütüləyib, saçını arxaya darayıb qızı gözdən qoymurdu. Axır bir gün Humay lapdan Cəlalın qolundan tutub üçüncü mərtəbədə laboratoriyanın qara qapısının qabağına çəkmiş, "Sənin abırın, həyan yoxdu? Əl çək də yaxamdan, utanmırsan? Adıma söz çıxarmısan. Ölsən də, sənə gəlmərəm. Bir də mənə yaxın dursan, rektora şikayət edəcəm", – demişdi.
Cəlal o söhbətdən sonra yataqxanada üç gün üzüqoylu yatmışdı, yeməmişdi, içməmişdi, bircə anasını düşünmüşdü, onu axtarmışdı, ürəyində onunla danışmışdı. Demişdi ki, ana, atam evlənib, xəbərin var? Bilirsənmi, sən yığdığın qabların hamısının yeri dəyişib. O sevdiyin ceyran rəsmli qırmızı palazı zibilliyə atıblar. İndi evimizdə başqa söhbətlər edirlər. Bilirsənmi, ana, mən o qızı sevirdim, sənə oxşayırdı, onu heç vaxt incitməzdim.
Məsələ qonşu otaqdan oğlanlara çatmışdı, yığılıb gəlmişdilər, durmamışdı, heç kimlə danışmamışdı. Gecə astaca saçını soyuq suyla isladıb qabağa daramışdı. Amma üçüncü gün səhər Günəş yataqxananın tozlu pəncərəsindən üzünə ilıq sığal çəkəndə birdən hər şeyi unutmuşdu, dikəlib gülümsəmişdi.
Otaq yoldaşı əvvəl qorxsa da, sonra sevinmişdi. Deyib-gülüb, allah verəndən yemişdilər, üç günün də üstünü vurmamışdılar. O gündən üzünü Humay tərəfə tutmamışdı. Kim adını çəkmək istəsə, ağzından vurmuşdu, söhbəti dəyişmişdi. İçində yanıb-yaxılsa da, özünü o yerə qoymamışdı. Başqa qızlara nəzər etmişdi, amma hara baxmışdısa, harda gözəl görmüşdüsə, gözünə Humay görünmüşdü, özü-özünü danlamışdı, bir də düşünməyəcəm demişdi, nə illah eləmişdi, bacarmamışdı.
Son vaxtlar gözü sataşanda onu da sezmişdi ki, Humayın üzündən kin-küdurət sübhün alaqaranlığı kimi çəkilib, qeyb olub, çöhrəsinə səhər səadəti qonub. Son dəfə qarşılaşanda başını azca tərpədib Cəlala salam da vermişdi. Cəlal da bu salamı min yerə yozmuşdu. Ürəyində "yəqin, bilib bu iş qurtardı, onunçün belə edir", – demişdi. Payızın adamı həlimləşdirən günlərinin birində metroya çathaçatda Humay hardansa peyda olmuş, iki-üç addım yanbayan addımlayandan sonra qəflətən "Cəlal sən məni həqiqətən sevirsən?",– deyib, eləcə baxmışdı, Cəlalın sümükləri sızıldamışdı. Addımlarını yeyinlətmiş, ağlını itirməmək üçün gözü dost-tanış axtarmışdı. Humay yerindəcə donmuşdu. Cəlala elə gəlmişdi ki, Humay orda heykələ dönüb qalacaq, bir də heç vaxt dinib-danışmayacaq.
Günlər bir-birini qova-qova qışı gətirəndə artıq Cəlal Humayı evlərinə yola salırdı. Şər qarışan vaxtların birində əlindən də tutmuşdu. İçindən elə sızıltı keçmişdi, o sızıltı içindən çıxsa, səmanı yarıb keçərdi…
Beləcə həzin sevgi nağılı başlamışdı, institutun, yalan olmasın, hamısı bu sevgiyə həsəd aparmışdı. Cəlal bu nağılda itib-batsa da, bir şey onu möhkəm narahat etməyə başlamışdı. Görən, atası nə deyəcək? Yenə anası olsaydı, sirr verərdi, ürəyini alardı, o da zəhmindən zəhər tökülən atasını birtəhər yola gətirərdi. Atasının xofu onu hər an izləyirdi, hara getsə, dalına düşüb, hər addımda yaxalayırdı.
İnstitutu təzəcə bitirmişdi. Humayla görüşləri seyrəlməyə başlamışdı. Qız hələ iş-güc tapmadığından evdən çıxmağı çətinləşmişdi. Cəlala atası uzaq qohumlarının əliylə iş tapmışdı, allahdan iş də yaxşı, məvacibi də qənaət eləsən, yığmağa da yetirdi. Fikirləşmişdi, bir il belə getsə, toy-nişana pul-para da toplayar. Onsuz atası da Cəlalın rayona qayıtmağını istəmirdi. Düzü, bilmirdi ki, gələcəyinə görə ya ögey anasının sözüylə belə edir… Cəlalı bəxtəvərlik bürümüşdü, ilk dəfə Humaya hədiyyə də almışdı. Əl hörgüsü balaca dovşanı Humaya vermişdi, qız onu elə bağrına basmışdı, sanasan, Cəlalı qucaqlayırdı.
Bu bəxtəvərlik ta atasından gələn zəngə qədər çəkdi. Nə oldusa, o zəngdən sonra oldu. Atası salamsız-sağolsuz Cəlalı təcili kəndə çağırdı. Cəlalın da kişinin səsindəki zəhmdən əl-ayağı əsdi. Sübh obaşdan rayona getdi. Bu dəfə ögey ana Cəlalı gülər üzlə qarşıladı, qabağına çay qoydu, hal-əhval tutdu. Cəlal əvvəl sevinsə də, bu işin içində bir iş olduğunu duydu, dillənmədi, özünü o yerə qoymadı. Elə də oldu, qorxduğu başına gəldi. Atası günortadan sonra söhbəti açdı. Dedi ki, belə qərara gəlmişəm, vaxtındı, evlənməlisən. Sənə bir qız ad eləmişəm, təmiz-tarıq. Belə deyəndə ögey ananın gözü yüz yerdən parıldadı, dayana bilmədi, "Odey, bacımın gözəl-göyçək qızı Xoşqədəm", - deyib yarı yalvarış, yarı amiranə gözlə Cəlalı süzdü. Atası heç danışmağa imkan vermədi, "Allah mübarək eləsin!", – dedi, yayxanıb uzandı, rahatlandı, üzünə itik tapmış adamın təbəssümü qondu.
*
Sonralar olub-keçəni, yalan olmasın, min dəfə özümə nağıl etdim.
Mən nə olub bitdiyini unamamış hiss elədim ki, artıq gecdir. Atamın zəhmi, xofu məni heç vaxt rahat buraxmamışdı, o zəhmin, xofun qabağında yumağa dönmüşdüm. Həm də hiss etdim ki, içimdə də bir razılıq boy verib boylanır. Toydu, nişandı, Xoşqədəmdi, heç on beş gün çəkmədi. Bir də ayıldım ki, evliyəm, Bakıya ayın-oyun daşıyıram. Bir də ayıldım ki, mənim sevgilim vardı, məni gözləyirdi, o necə oldu? Anam gəldi gözümün qabağına, gördüm o şəfqət, o yanımcıllıq üzündən qeyb olub. Bir də yadıma düşdü ki, anam "uzunsaçın ahı yerdə qalmır, bala", - deyirdi. Onda mənə əyan oldu ki, bədbəxtəm, mənimki heç vaxt gətirməyəcək. Hər gün, hər saat onu düşündüm, amma ürək edib axtarmadım, aramadım. Elə bil Humay da nağıl oldu, danışıldı, bitdi, göyə çəkildi. Amma ruhu, siması, qulac-qulac saçları, bir də səsi məni tərk etmədi, gün verdi, aman vermədi. İllər keçdi, içimdəki ağrı keçmədi. Məni ən çox yandıran Humayın səssizliyi oldu. O səssizlikdə o qədər ağırlıq vardı, altında qaldım, əzildim, dirçələ bilmədim. Üstündən on beş il keçsə də, yaram hər gün qanadı, hər gün göynədi.
Xoşqədəmlə sayalı günlər çox çəkmədi. O toy sənin, bu qonaqlıq mənim gəzib-dolaşdıqdan sonra evə yığıldıq. Hər şeyin üstü də onda açıldı. Dil tapmadıq, məni düşündürən şeylər ona, onu maraqlandıranlar mənə ulduz qədər uzaq gəldi. Qız asta-asta özünə çəkildi, mən çölə. Son vaxtlar evimiz səssizliyə bürünmüşdü. Yeməklər də dadını itirmişdi, çay da rəngsiz. Bir yaşamağın tək çarəsi vardı, o da uşaq. Ancaq Allah onu da əsirgədi… O həkim, bu təbib, olmadı ki, olmadı… Səbəb də Xoşqədəmdi. Həkimlər "hər şey qaydasındadı, amma boyuna uşaq düşmür",- deyirdi.
Beş-altı il keçəndən sonra o da taleyin sancısıyla barışdı, içindən çəkdi. İndi biz daş evdə bir-birini tanımayan ən yaxın adamlarıq. Arada Xoşqədəm yatanda üzünə baxıb fikirləşirəm ki, bəlkə ölə, mənim həyatım dəyişə. Mən indi ancaq özümü düşünürəm, mənimçün heç nə müqəddəs deyil, Bircə Humay yadıma düşəndə rəngim avazıyır, içimə insaf damır, halsız oluram, nə boyda günahın içindəyəm, duyuram, ölüb-ölüb dirilirəm…
Elə həmin gecə də onu düşünürdüm, düşündükcə maşını bərk sürürdüm, elə bil ona çatmağa can atırdım. Tini dönəndə iki göz maşının qabağından mənə zilləndi. Üzündə qorxu, təlaş, həyəcan… Heç nə edə bilmədim, çığırtı qulağıma, ordan da içimə doldu. Qorxdum, dayanmadım, uzaqlaşdım. Bu bir ildə o səs mənim içimdə ora-bura dəyib hər yerimi zədələdi, qanatdı. Hər güzgüyə baxanda o uşağa oxşadım, gözlərim o gözlərə çevrildi. Bir yandan Humay, bir yandan o uşaq. İndi dünyanın ən əclaf adamı olduğuma çoxdan razılaşmışam.
Bir səhər dözə bilməyib tələbə yoldaşlarımdan Humayın telefon nömrəsini aldım, üzümə üz bağlayıb zəng elədim. Belə olacağı ağlıma da gəlməzdi. Məni çox şirin dillə dindirdi, cəsarətimi toplayıb qarmaqarışıq sözlər deyəndən sonra görüşə çağırdım. Əlüstü razılaşdı, imanım-dinim yandı. Vədələşdik.
Günorta görüşünə sübhdən getdim. Küçələri dolaşdım, soyuq skamyalarda oturdum, ötənləri xatırlamaq istədim, heç nə yadıma düşmədi. Bir anlıq istədim getməyim, qayıdıb hardasa içim, tanımadığım adamlarla gülüm, danışım. Birdən anamı xatırladım, utandım. Və birdən göyün düz ortasından ağappaq qar dənələri tökülməyə başladı. Birdə başımı qaldırıb göyün düz ortasına baxdım, buludlar harasa yox olmuşdular. Uşaq vaxtı gördüyüm göylər indi bozarıb, itin sifətinə düşüb. İlin son günlərində adam utanmalıdır, yaşadığı günlərə görə, sevmədiyi adamlara görə. Elə o qardan da, ilin son günlərindən də utandım. Bəzən fikirləşirdim ki, xoşbəxtlik hardasa yaxındadı, lap hənirtisini də hiss edirəm, amma kimsə onu tutub saxlayıb, mənə yaxın gəlməyə qoymur. Həmişə belə şeylər ağlıma gələndə özümü də gülmək tutur, deyirəm, ay yazıq, sən hara fəlsəfə hara? İndiyə kimi düz-ağıllı bir iş tutmusan?
Axır ki, özümü toplayıb soyuq qışın sazaqlı günündə razılaşdığımız, yayda it ulayan nimdaş kafeyə tərəf getdim. Kafe az qala müştəri dərdindən yalvarırdı. İçəri keçən kimi məni adamlarla yeməklərin qarışıq qoxusu vurdu, stol çəkib gözləməyə başladım. Ətrafına qaranlıq saçan kafeni elə-belə seçməmişdim. Bir ona ümidim vardı ki, Humay məni bağışlasa, bəlkə, bu kafeyə bağışlayar.
Kafenin istiliyi, adamların mürgü vurması, müğənninin həlim səslə "Gəl, ey mehri məhəbbətim" oxuması hər şeyin gözəl olacağını pıçıldayırdı. Çay gətirdilər, iki stəkan qoydular, elə birinci qurtumda qapı açıldı, Humay içəri girdi, gəlib qarşımda durdu, gülümsədi. Kaş gəlməyəydi, heç gülməyəydi. O sarı saçlar ağappaq, üz-göz qırış, miskini qarı…
Bircə gözlər həminki idi. Nə yerimdən qalxa bildim, nə də bu dəfə anamı xatırladım. Səssizcə əyləşdi, armudu stəkanı azca önünə çəkib üzümə uzun-uzadı baxdı:
– Cəlal, mənim oğlumu bir il əvvəl maşın vurub öldürdü.
Lopa-lopa qar yağırdı, kafenin işıqları közərirdi, müğənni pəstən oxuyurdu:
"Dağılar gülüzarım, gülüzarım mənim…".
Mənbə: Kulis.az