Mustafa Hacıbəyliyə həbs xəbərdarlığı
14-05-2020 02:01 / Bu xəbər 1649 dəfə oxundu
Mayın 13-də "Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunub.
Mustafa Hacıbəyli özünün feysbuk səhifəsində yazır ki, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti həbs cəzası kəsəndə 322 manat 34 qəpik məbləğində ekspertiza xərclərini də üzərinə qoyub:
"Söhbət mənə qarşı cinayət işinə səbəb olan iki məqalənin linqvistik ekspertizasından gedir. İndi məndən bu pulu – 322 manat 34 qəpiyi tələb edirlər. Dedim ki, məhkəmənin qərarı qanunsuzdur, siyasi işdir, ödəməyə pulum da yoxdur. Xəbərdarlıq etdilər ki, pul 5 gün ərzində ödənməsə, sənə inzibati həbs cəzası verilə bilər”.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib.
2 ili sınaq müddəti olan şərti həbs cəzası Gəncə işi ilə bağlıdır.
2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada "Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. "525-ci qəzet”də, "Yeni Müsavat” qəzetində çalışıb, "Demokrat” qəzetinin baş redaktoru olub. "Basta” saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəridir.