Narkoloji Mərkəzin baş direktoru və müavini həbs olunub

Narkoloji Mərkəzin baş direktoru və müavini həbs olunub

01-03-2024 18:21 / Bu xəbər 628 dəfə oxundu

Baş Prokurorluqla Səhiyyə Nazirliyi birgə məlumat yayıb

Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev həbs olunub. Onlar rüşvət almaqda ittiham edilir. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi məlumat yayıb.

Baş direktor və müavininin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

İddia olunur ki, narkotik və spirtli içki asılılığından əziyyət çəkənlərin müayinə və müalicəsi, o cümlədən mərkəzə yerləşdirilməsi üçün rüşvət alınıb.

"Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilib, onlar cinayət başında yaxalanıb. Aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb”, – Baş Prokurorluq və Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.

Elşən Mustafayev və Zamin Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci  (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Binəqədi Rayon Məhkəməsinin qərarıyla hər ikisinin barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Elşən Mustafayev 2023-cü ilin aprelində Narkoloji Mərkəzə baş direktor təyin olunmuşdu.