Nazirlə jurnalist arasında vergi, yoxsa tayfa davası? - Fətullayev Cabbarovu "nepotizm"də günahlandırdı
18-03-2023 23:32 / Bu xəbər 1586 dəfə oxundu
Jurnalist naziri qohumbazlıqda günahlandırır, problemin pərdəarxası nədir?..
"Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi "Qudalar Kabineti" adlandırıb, nepotizmə, yəni yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi... Səbrli millətik, gözləyərik!".
"Haqqın.az" saytının rəhbəri, hakimiyyətin rəqiblərinə qarşı əsas media ruporu kimi tanınan Eynulla Fətullayev "Feysbuk" hesabında belə yazıb.
"Hara ayağını basırsan, Mikayıl müəllim və ya onun qohumları üzə çıxır"
O, son illər Cabbarovu ən sərt tənqid edən ilk hökumətyönlü media təmsilçisi kimi diqqət çəkib:
"Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basırsan, Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur: bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir?"
"Bəs maraqlar konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?"
"Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb... Bəs maraqlar konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?" - deyə jurnalist qeyd edib.
Müavin xalaoğlu, "Azərgold" bacanaq, İTV Balaş, vergi Camal...
Fətullayev nazirin qohumlarının bir hissəsinin də adlarını açıqlayıb: "Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov "Azərgold"un başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, o birisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohunu Abdulla Tağıyev "SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim…"
Tayfa, yoxsa vergi davası?...
"Arqument.az"a verilən məlumata görə, nazirlə media rəhbərinin arasındakı çəkişmə külli miqdarda vergi borcu üzərində yaranıb. Belə ki, Fətullayevin media qurumunun 100 min civarında vergi borcunun olduğu iddia edilir.
Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru Camal Qasımov bu borcu ödəməyi tələb etdikdən sonra münasibətlər kəskinləşib.
Jurnalistin yazdıqlarına gəlincə, həmin şəxslər məhz Mikayıl Cabbarov yüksək məqama çatdıqdan sonra həmin vəzifələrə sahibləniblər. Amma məsələ bu deyil, doğrudanmı, jurnalist vergi borcunu ödəməkdən imtina edib, problemin kökü nədir?
"Arqument.az" mövzu ilə bağlı İqtisadiyyat Nazirliyindən mövqe öyrənə bilməyib.
Eynulla Fətullayev də saytın əməkdaşının zənglərinə cavab verməyib.