Azərbaycanda karantin rejimi iki ay uzadıldı

Azərbaycanda karantin rejimi iki ay uzadıldı

19-04-2023 11:57 / Bu xəbər 907 dəfə oxundu

Səbəb kimi yoluxucu xəstəliklərin yayılması göstərilib

Azərbaycan Nazirlər Kabineti karantin rejiminin daha iki ay da uzadılması barədə qərar verib.

Qərara görə, ölkədəki xüsusi karantin rejiminin müddəti mayın 1-dən iyulun 1-dək artırılıb.

Səbəb kimi "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi göstərilib.

Ən son, aprelin 18-də açıqlanan məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 62 nəfər olub.

Eyni gündə virusdan 55 nəfər sağalıb, üç nəfər isə həyatını itirib.

Azərbaycanda 2020-ci ilin martından bu yana koronavirus pandemiyası əsas gətirilərək Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə quru sərhədlərdən gediş-gəliş bağlanıb.

Son zamanlar sosial şəbəkələrdə, mediada tez-tez mayın 1-də Azərbaycanın quru sərhədlərini aça biləcəyi ilə bağlı məlumatlar paylaşılırdı.

Səbəb isə ötən ay ölkədə karantin rejimindən qalan sonuncu bəzi qadağaların da ləğv edilməsi idi.

Məsələn, artıq Azərbaycana gələn xaricilərdən peyvənd sertifikatı tələb edilmir, böyük alış-veriş mərkəzlərində COVID pasportu istənilmir.