"Nazirin dostu Nizami rayonunda böyük bir parkı məhv edir" - FOTO
08-07-2018 09:23 / Bu xəbər 4367 dəfə oxundu
Arif Qasımovun Muxtar Babayevlə dost olduğu deyilir
Nizami rayonunda Neftçilər metrosunun yaxınlığındakı park məhv edilir.
Hüquq müdafiəçisi: "Park məhv edilir, yerində restoranlar tikilir"
Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.
Mirvari Qəhrəmanlı
"Bu da Nizami rayon icra hakimiyyətinin nəfsi. Park prospektdən başlayaraq, yavaş-yavaş məhv edilir, restoran tikilir. Başçı Muxtar müəllimin dostudur ki? (Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nəzərdə tutulur. red)".
Hüquq müdafiəçisinin sözlərinə görə, parkda hər gün istirahət edən təqaüdçülər də yaşllıqlarn məhv edilməsinə etiraz ediblər.
Hüquqşünas: "Nizami rayonu işğal altındadır"
Şücaəddin Bağırov
Hüquqşünas Şücaəddin Bağırov isə yazıb ki, Nizami rayonunda xeyli yaşıllıq məhv edilib: "Hələ siz Xəzər Universitetinin qarşısında, Zəngəzur litseyinin, İnsan Resursları Departamentinin və Nizami Rayon Məhkəməsinin yanındaki parkları deyin. Nizami rayonu işğal altındadır və bütün yaşıllıqlar vəhşicəsinə məhv edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır? Ancaq bir kasıb ağac kəssəydi, o zaman FHN, DİN, DTX adını saymaqla bitirmək mümkün olmayan qurumlar, hətta su və kanalizasiya idarəsi də həmin kasıbın sümüyünün suyunu içmək üçün onun evini mühasirəyə alacaqdılar. Azərbaycan reallığı. Çox təəssüf..."
Ərazidə tikinti aparan şəxsin Fövqəlada hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun köməkçisi, biznesmen Ramin Babayevin olduğu iddia edilir.
Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasmovun Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə dost olduğu deyilir.
Muxtar Babayev
Qeyd olunur ki, Arif Qasmovun yaşıllıqları məhv etməsinin cəzasız qalması da bu dostluqdan qaynaqlanır.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Şəhərsalma və rayon təsərrüfatı şöbəsinin müdiri Taryel Tahirov Arqument.Az-a açıqlamasında məsələyə belə münasibət bildirib: "Azər Manafov küçəsi ilə Qara Qarayev prospektində yerləşən parkda gedən abadlıq-quruculuq-yenidənqurma işləri Bak Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi layihə və müvafiq icazə əsasında həyata keçirilir. Park yenidən qurulur. Ümumiyyətlə, Nizami rayonunda parkların qurulması xüsusi şəkildə davam etdirilir. Buna Azər Manafov küçəsi ilə Şərifli küçəsinin kəsişməsində olan parkın may ayında yenidən qurularaq vətəndaşların istifadəsinə verilməsini göstərmək olar. Parkda aparılan yenidənqurma işləri zamanı ağacların kəsilməsi və köçürülməsi faktı müəyyən edilməyib. Ona görə də deyilənlər həqiqəti əks etdirmir".
Arif Qasımov
Redaksiyadan: Hüquqşünas Şücaəddin Bağırov Arqument.az-a rəsmi məktubla müraciət edib. O bildirib ki, 2 il öncə dərc olunmuş bu yazıdakı fikirləri ilə bağlı sosial şəbəkədə yanlış məlumatlar tirajlanır, kimlərsə öz məqsədləri üçün onun sosial şəbəkədə yazdığı rəydən sui-istifadə edib guya bütövlükdə bu yazıdakı informasiyaların ona məxsus olduğunu iddia edirlər.
Arqument.az olaraq rəsmi məktubda əksini tapan fikirlərə əsasən yazıdakı sitata aydınlıq gətirmək istəyirik.
Qeyd edək ki, bu yazı 08-07-2018-ci il saat 09:23 tarixində dərc olunub. Şücaəddin Bağırov şəxsən Arqument.az-a heç bir açıqlama və müsahibə verməyib. Onun yazıdakı fikirləri sosial şəbəkədə ekspert Mirvari Qəhrəmanlının yazdığı statusudakı "rəy bildir" bölməsindən götürülüb.
Arqument.az qanunla public informasiyalar kateqoriyasına daxil olduğunu nəzərə alaraq, həmin rəyi dərc edib.
Onu da qeyd edək ki, yazıda adlarıçəkilən şəxslərə bağlı da hər hansı bir informasiya ilə hüqüqşünasın hər hansı bir əlaqəsi yoxdur. Həmin statusdakı şərhindən başqa yazıdakı hər hansı bir iddia və açıqlama da ona məxsus deyildir.
Onu da qeyd edək ki, yazıda adlarıçəkilən şəxslərə bağlı da hər hansı bir informasiya ilə hüqüqşünasın hər hansı bir əlaqəsi yoxdur. Həmin statusdakı şərhindən başqa yazıdakı hər hansı bir iddia və açıqlama da ona məxsus deyildir.
Yazıda adları çəkilən şəxslərlə bağlı iddialar ekspert Mirvari Qəhrəmanlının statusuna və redaksiyanın əldə etdiyi informasiyalara əsaslanır. Eyni zamanda yazıda Nizami Rayon İcra Nakimiyyətinin də rəsmi mövqeyi əksini tapıb.