Nemət Əliyev: "Azərbaycana mal gətirən sahibkarlar gömrükdə soyulur"

Nemət Əliyev:

09-03-2021 18:10 / Bu xəbər 4317 dəfə oxundu

İqtisadçı: "Vergilərin bu dərəcədə artması heyrət doğurur"

2020-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Onlar 111 ölkəyə məhsul göndərib, 174 ölkədən məhsul alıblar.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bildirilir ki, 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları olub.

Ticarət dövriyyəsinin 13470,4 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 10730,7 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.

Nəticədə 2739,7 milyon dollar məbləğində müsbət saldo yaranıb.

Bu da 2019-cu illə müqayisədə 26,8 faiz, real ifadədə 21,9 faiz, o cümlədən idxal 36,0 faiz, ixrac isə 12,0 faiz azalma deməkdir.

2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16,0 faiz azalıb və 1851,3 milyon dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Son bir ildə ölkədə vergi ödəyicilərinin vergi yükü 39, gömrük rüsumu isə 43 faiz artıb.

İqtisadçı Nemət Əliyev Meydan TV-yə deyir ki, gecəsini gündüzünə, qatıb dünyanın dörd bir yanından Azərbaycana mal gətirən sahibkarlar, iş adamları, müəssisə və təşkilatlar, sadə insanlar gömrükdə soyulur.

O, Dövlət Gömrük Komitəsinin topladığı vergilərin həcmi ilə idxal göstəricilərini qarşılaşdırıb və 2 hesabat arasındakı asılılığın təhlilindən sonra belə nəticəyə gəlib: "Faktiki bazar qiymətləri ilə 2019-cu ildə 13,7 milyard, 2020-ci ildə isə 10,7 milyard dollarlıq mal gətirilib Azərbaycana. İdxal göstəricisi 2020-ci ildə 3 milyard dollar azalıb. Gömrük Komitəsinin topladığı vergilər (gömrük rüsumu+ƏDV+aksiz+yol vergisi) isə 2020-ci il ərzində 4,4 milyarddan 3,9 milyarda düşərək 500 milyon manat məbləğində azalıb”.

İqtisadçı deyir ki, idxaldakı nominal azalmanın yığılan vergilərin azalması ilə müşayiət olunması dərhal gözə çarpdığına görə burada sanki hər şey qaydasında görsənir. Lakin bu, aldadıcı təəssüratdır: "Əgər hər 1000 dollar idxal malına düşən vergiləri hesablayıb müqayisəyə çəksək, məlum olar ki, bu göstərici 2019-cu ildə 321 manat olduğu halda 2020-ci ildə 365,0 manat təşkil edib (4,4/13,7∙1000≈321; 3,9/10,7∙1000≈365). Yəni hər 1000 dollar idxal malından Gömrük Komitəsinin tutduğu vergi 2020-ci ildə orta hesabla 44 manat və ya 14 faiz artıb”.

Nemət Əliyev bildirir ki, vergilərin bu dərəcədə artması heyrət doğurur. Pandemiya dönəmində istehsalın və idxal-ixrac əməliyyatlarının kəskin ixtisar olunduğu bir zamanda Gömrük Komitəsinin vergini artırma səbəbini anlaya bilmir: "Dünya iqtisadiyyatı üçün çox ağır il sayılan 2020-ci ildə hər şeyin tənəzzül etdiyi bir dövrdə Gömrük Komitəsinin vergi yığımlarında əks-diametral trend nümayiş etdirməsi xeyli əlavə suallar oyadır. Lakin bu 14 faizlik artım Komitənin ortaya qoyduğu nəticələrin hələ hamısı deyil. "1000 dollar idxala düşən vergi” göstəricisi müəyyən qədər aydınlıq yaratsa da, vergilərin nə dərəcədə artıb-azalması və vergi yükünün miqyası haqqında tam təəssürat yarada bilmir. Bu məsələyə əhatəli şəkildə aydınlıq gətirmək üçün idxalın fiziki həcmi ilə konkret vergi yığımları arasındakı əlaqəni nəzərdən keçirmək, analiz etmək gərəkdir”.

Dövlət Statistika Komitəsinin açıqladığı daha bir məlumatda isə bildirilir ki, 2019-cu ilin qiymətləri ilə 2020-ci ildə 8,8 milyard dollar, 2019-cu ildə 13,7 milyard həcmində mal idxalı həyata keçirilib.

İqtisadçı deyir ki, bu iki göstərici eyni qiymətlərlə hesablandığına görə aradakı fərq idxalın fiziki çəkisinin (kütləsi də demək olar) 2020-ci ildə necə dəyişməsini ifadə edir.

Göstəricilərin müqayisəsi göstərir ki, idxal mallarının fiziki çəkisi 2020-ci ildə 36 faiz və ya 5 milyard dollar dəyərində azalıb (8,8/13,7∙100-100≈-36%).

"İdxalın fiziki çəkisi bu dərəcədə azaldığına görə vergihesablama və vergitutma bazası da bu dərəcədə daralmalı idi. Gömrük Komitəsinin 2020-ci ildə vergi yığım göstəricisi bu enmə tempinə uyğun şəkildə azalmalıydı ki, vergi ödəyicilərinin vergi yükü artmasın. Başqa sözlə desək, 2019-cu ildə 13,7 milyard dollarlıq idxal malından 4,4 milyard manat vergi yığan Gömrük Komitəsi 2020-ci ildə 8,8 milyard dollar ekvivalentində, yəni 2,8 milyard manat vergi toplamalı idi (4,4:13,7∙8,8 ≈2,8). Amma Komitə vergi ödəyicilərindən 2,8 milyard manat deyil, 3,9 milyard manat vergi tutub. Aradakı fərq 1,1 milyard manat və ya 39%-dir (3,9-2,8=1,1; 3,9/2,8∙100 ≈39%). Təsəvvür edirsinizmi, eyni həcmdə idxal malından Gömrük Komitəsi 2019-cu ildə 2,8 milyard manat, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub”, - o bildirib

Nemət Əliyev daha sonra məsələni belə izah edir: "Gömrük Komitəsi 2019-cu ildə 1 ədəd maldan 100 manat vergi almışdısa, bu, 2020-ci ildə 139 manat olub. İqtisadçı bidlirir ki, gömrükdə bu şərtlərlə tutulan vergilər ümumi vergi yükünü 2020-ci ildə 39 faiz və ya 1,1 milyard manat artırıb. Yüklü fərqdir, var-yoxdan çıxaran artımdır. Öz təbii axarı ilə idxal mallarının 2-3 faiz bahalaşa biləcəyini ehtimal etsək, bu, vergi yığımı nəticələrində ən yaxşı halda 100-120 milyon manat səviyyəsində artırıcı təsir yarada bilərdi. Gömrük Komitəsi isə 1,1 milyard manat və ya 39 faiz yükartırıcı təsir yaradıb”.

İqtisadçı əlavə edir ki, 2020-ci ilin vergiyığma siyasəti yekun etibarı ilə vergi yükünün 39 faiz artması və Azərbaycana gətirilən malların 23 faizə yaxın bahalaşması ilə nəticələnib: "Ölkənin əmtəə bazarında böyük çəkiyə malik idxal mallarının bu dərəcədə bahalaşmasının digər malların, iş və xidmətlərin daxili bazar qiymətlərinə zəncirvari qaydada necə böyük impuls verməsi təsəvvürediləndir. Odur ki, bu gün daxili bazarlarda əhalini var-yoxdan çıxaran bahalaşmaya görə Gömrük Komitəsi və Nazirlər Kabineti birlikdə məsuliyyət daşıyır. Ölkədaxili qiymətlərin ümumi sabitliyinə görə vəzifə məsuliyyəti daşıyan isə Mərkəzi Bankdır. Lakin bu Bank da daxili bazarlarda qiymətlərin kəllə-çarxa qalxmasına xidmət edən addım və qərarlara səsini çıxarmayıb, necə deyərlər "ac qulağım, dinc qulağım” zərb məsəlinə nöqtə-vergülünə qədər əməl edib”.