Nensi Pelosi: “Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını qətiyyətlə pisləyirik”
18-09-2022 17:22 / Bu xəbər 1092 dəfə oxundu
"Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir”
"Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik”.
"Reuters”in məlumatına görə, bunu hazırda Ermənistanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib. O bildirib ki, Amerika Ermənistanın suverenliyinə dəstəkdir və onun səfəri 200-dən çox insanın həlak olduğu sərhəd toqquşmalarına səbəb olan "Azərbaycanın Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlarından” sonra xüsusi əhəmiyyət kəsb edib.
"Biz bu hücumları qətiyyətlə pisləyirik”, – deyə Pelosi bildirib: "Bu, azərbaycanlıların təşəbbüsüdür və bunu etiraf etmək lazımdır”.
Pelosi deyib ki, sərhəddəki döyüşlərə azərbaycanlıların Ermənistana hücumları səbəb olub və münaqişənin xronologiyası aydınlaşdırılmalıdır. Pelosinin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistanın müdafiə ehtiyaclarının nə olduğunu dinləyir, eyni zamanda Vaşinqton demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istəyir.
Nensi Pelosi sentyabrın 17-də Yerevana gedib.
Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verib, hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi indiyədək 80 hərbçinin, Ermənistan isə 135 hərbçisini itirdiyi haqda məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.