Obamadan Türkiyə və Rusiyaya çağırış
01-12-2015 22:12 / Bu xəbər 1440 dəfə oxundu
ABŞ prezidenti Barack Obama Türkiyə və Rusiyanı təyyarənin vurulmasından sonra baş vermiş gərginliyi azaltmağa çağırıb.
BBC məlumat verir ki, Parisdə Türkiyənin prezidenti Recep Tayyip Erdoğanla danışıqlardan sonra, cənab Obama, ABŞ-ın "Türkiyənin özünü və hava məkanını qorumaq haqqını” dəstəklədiyini bildirib. Lakin o vurğulayıb ki, Rusiya və Türkiyə mübahisəni "səngitməlidir”.
"Bizim hamımızın ümumi düşmənimiz var,” cənab Obama özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı nəzərdə tutaraq bildirib.
"Mən əmin olmaq istəyirəm ki, biz fikirlərimizi həmin təhlükəyə qarşı cəmləyək”, - o deyib.
"Türkiyə NATO-nun müttəfiqidir,” o əlavə edib. "Və biz Türkiyənin təhlükəsizliyinə və suverenliyinə sadiqik. Biz Türkiyə ilə Rusiyanın gərginliyi azaltmaq və diplomatik həll yolu üçün nə edə biləcəyini müzakirə etmişik”.
Cənab Erdoğan da cümə axşamı keçirilmiş görüşdə jurnalistlər qarşısında çıxış edib. O, hökumətinin gərginliyin azalmasında maraqlı olduğunu və İD qruplaşmasına qarşı "döyüşü davam etdirmək əzmində olduqlarını” bildirib.
Cənab Obama və cənab Erdoğan Parisdə keçirilən iqlim danışıqlarında iştirak edən 150 ölkə liderləri arasındadır.
Cənab Erdoğan Rusiyanın Suriyanın şimal-qərbindəki türkmən üsyançılara qarşı hava hücumlarını pisləyib və bildirib ki, bölgə "davamlı olaraq bombalanıb”.
Arqument.az












