Ombudsman hüquq müdafiəçisinin Tofiq Yaqublu ilə bağlı sorğusuna məhəl qoymur
15-05-2020 18:50 / Bu xəbər 1836 dəfə oxundu
Ombudsman aparatı qanunvericiliyi pozur və hüquq müdafiəçisi Samir Kazımlının 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan müxalifətçi Tofiq Yaqublunun hüquqlarının pozulması ilə bağlı müraciətinə məhəl qoymur.
Kazımlı mayın 5-də İstintaq Təcridxanası əməkdaşlarının Yaqubluya ailə üzvləri tərəfindən aparılan geyim və dərman pereparatlarını ona çatdırmaqdan imtina etməsi ilə əlaqədar ombudsman Səbinə Əliyevaya müraciət edib.
Hüquq müdafiəçisi müraciətdə qeyd edir ki, Yaqublu Qarabağ müharibəsi veteranıdır və astmadan əziyyət çəkir. Kazımlı ombudsmandan bu məsələni dövlət orqanları qarşısında qaldırmağı və məsələnin həll olunmasına köməklik etməsini xahiş edib.
10 gün keçməsinə baxmayaraq, ombudsman nəinki problemi həll etməyib, heç müraciətə də cavab verməyib ki, bu da qanun pozuntusudur. Bu zaman indiyədək Yaqubluya geyim və dərman verilməyib.
* Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib.
Həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışında müxalifətin ünvanına təhdidlər səsləndirməsindən bir neçə gün sonra baş verib. Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, Yaqublunun "cinayəti" onun park edilmiş avtomobilinə başqa maşının vurmasından və avtomobildəki şəxslərin ona hücum etməsindən ibarətdir. Daha sonra həmin şəxslər Yaqublunu ittiham ediblər.
Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar.
Müxalifətçinin silahdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin şəkildə tənqid etməsi və "Facebook"dakı yazıları olduğundan əmindirlər.
Turan.az