Orta məktəb müəllimi: "Öncə müəllimlər özləri prosesə hazır olmalıdırlar"
06-02-2021 02:31 / Bu xəbər 3339 dəfə oxundu
Azərbaycanda orta və ali məktəblərdə ənənəvi tədris qismən bərpa olunur. Fevralın 1-dən isə məktəblərdə ibtidai siniflər üçün əyani təhsil bərpa edilib.
Koronavirus pandemiyası ilə bağlı distant keçirilən dərslərin yenidən ənənəvi sistemə qayıtması müzakirələrə səbəb olub. Əksər sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, paytaxtdan fərqli olaraq, bölgələrdə internet problemi yaşanır və dərslər tam şəkildə ənənəvi sistemə qayıtmalıdır.
Bəs indiyə qədər keçirilən onlayn tədris prosesi nə dərəcdə effektiv olub, ənənəvi dərslərin bərpasının hansı üstünlükləri var?
Bütün bu suallara bölgələrdə fəaliyyət göstərən müəllimlərin də baxış açısından cavab tapmağa çalışdıq. Beləliklə, müsahibimiz Oğuz rayonunun Calut kənd orta məktəbinin müəllimi Günel İbrahimovadır.
- Günel xanım, pandemiya dövründə dərslər əsasən onlayn sistemdə keçirilir. Bölgələrdə bu nə dərəcədə effektiv oldu?
- Cəmiyyətdə hər yenilik ilkin mərhələdə çətinliklərlə qarşılanır, qəbul edilir. Bu da təbiidir. Çünki insanlara tanış olmadıqları bir yeniliyi qısa zamanda qəbul etdirmək o qədər də asan deyil, üstəlik, əgər bu, ucqar kəndlərdə, rayonlardadırsa. Yəni şəhər mərkəzlərinə, böyük şəhərlərə nisbətən bu çətin bir prosesdir. Keçən il mart ayından başlayan pandemiya mərhələsində bölgələrdə ilkin olaraq Təhsil Nazirliyinin nəzarət və tapşırığına əsasən müəllimlərə distant təhsilin təşkili, keçirilmə qaydası, önəmi xüsusi təlimlərlə öyrədilməyə başladı. Bu yaşlı nəslin nümayəndəsi olan müəllimlərdə müəyyən problem və çətinliklər yaratsa da, gənc müəllimlərdə ciddi problemlərə səbəb olmadı. Hər kəs əlindən gəldiyi qədər öyrənməyə çalışdı. Bölgələrdə yeni sistemin təşkilində əsas problem internet sisteminin tam təşkil olunmaması, evlərin hamısının internet təminatının olmaması, eyni zamanda kompüter və ya sistemi dəstəkləyən telefonların olmaması idi. Bununla yanaşı, apardığımız təbliğatlar, valideynlərlə iş və söhbətlər əsasında onlayn dərs sisteminə keçidə ilkin mərhələdə 50%-dən çox nail olduq. Təbii ki, canlı auditoriyada dərs keçməklə distant dərs keçməyin effekti eyni olmur. Amma nə qədər çətin olsa belə, heç olmamaqdan, təhsildən şagirdlərin tamamilə uzaq qalmasından daha qənaətbəxş nəticələr əldə etdik.
- Yəni şagirdlərin texniki imkanları vardı?..
- Xeyr, bütün evlərdə kompüter və internet tam təmin edilməyib. Bu da təbii haldır. Amma biz yenə də hər bir şagirdi dərsə cəlb etməyə çalışmışıq. Məsələn, "Micrasoft Teams" platformasında qoşulmaq imkanı olmayan şagirdlərimiz üçün dərs izahlarını "whatsapp" vasitəsilə izahlar yollamaqla az-çox təmin etməyə çalışmışıq. Eyni zamanda "Zoom" proqramı üzərindən də dərslərimizi keçmişik.
- Siz ötən tədris ilində onlayn son zəng də təşkil etmişdiniz. Bu, sizin ideyanız idi, yoxsa ümumiyyətlə, belə bir tendensiya ilə əvvəl də qarşılaşmışdınız?
- Bəli, onlayn "Son zəng" tamamilə öz ideyam idi. Amma bunu geniş işıqlandıran olmadı. Dərsləri təşkil edirik deyə düşündüm ki, onlayn şəkildə tədbir də təşkil edə bilərik. Bu asan deyildi, amma bacardıq. Dərslərdə olduğu kimi, tədbirimizdə də canlı çəkiliş etdiyimizə görə internet problemləri, səsin və ya görüntünün itməsi ilə bağlı bəzi xoşagəlməz hallarla qarşılaşdıq. Amma iş, nəticə olan yerdə mütləq əziyyət, problem, çətinliklər də olacaq. Belə olan halda isə işin dəyəri də çox olur.
- Ümumilikdə bölgələrdə təhsilin səviyyəsi necədir?
- Ümumilikdə bölgələrdə təhsil səviyyəsini qənaətbəxş hesab edərdim. Çünki mən sırf öz bölgəmizə nəzərən onu deyə bilərəm ki, şagirdlərimizin sinif üzrə 80-85%i gündəlik dərslərdə iştirak edib, fəallıq göstərib. Nisbətən çox ucqarda yerləşən məktəblərdə bu nəticə eyni deyil, təbii ki. Bu da aydın məsələdir. Çünki elə bölgələrimiz var ki, orada internet təminatı ümumiyyətlə yoxdur. Üstəlik, internet problemlərindən dolayı o şagirdlər heç mobil telefon vasitəsilə internet paketlərdən istifadə edərək də qoşula bilməyib, tamamilə təhsildən uzaq qalıblar. Biz distant təhsildə iştirak edərək nailiyyət qazanan şagirdlərimizin uğurlarına sevinməklə bərabər, dərsə qoşula bilməyərək bu mərhələdən kənar qalan şagirdlərimizə görə də üzülür, təəssüf edirik.
- Nazirlər Kabinetinin son qərarı ilə ənənəvi təhsil qismən bərpa olundu. Sizcə, bu, indiki halda doğru qərardır?
- Bu qərara çox sevinənlərdən biri olaraq onu deyə bilərəm ki, qərarı doğru hesab edirəm. Həm də öz övladlarım məktəblidir. Çünki nə qədər mükəmməl şəkildə təşkil olunsa da, distant təhsil əyani dərsi əvəz etmir. Çatışmazlıqlarından dolayı hələ tam şəkildə distant təhsilə keçid üçün ölkəmizin hazır olduğunu düşünmürəm. Amma ümid edir və inanıram ki, yaxın gələcəkdə biz də innovativ ölkə kimi digər dövlətlər sırasında adımızı ön pillələrə yazdırmağı bacaracağıq. Bu bizim millətimiz üçün heç də imkansız bir məqam deyil. 30 illik Qarabağ problemini 44 gündə həll edən, kiçik ölkə olmağına rəğmən hegemon dövlətlərin belə yeri gəlsə, bacara bilmədiyi bir uğura imza atan Azərbaycan üçün bu asan olacaq, fikrimcə. Gələcəkdə distant təhsil bizim ölkənin gəncləri, işadamları üçün də xaricdə olduğu kimi geniş imkanlar yaradacaq. Hər kəs işini idarə etməklə yanaşı, məsafədən təhsilini də davam etdirə biləcək. Təbii ki, canlı auditoriyada keçilən dərslər bir başqa uğurdur. Çünki canlı ünsiyyət insanın emosiyalarının, hisslərinin, düşüncələrinin real ifadəsində əvəzsizdir. Amma bu o demək deyil ki, biz yeniliklərə göz yumub, onları qəbul etmədən köhnə sistemlə davam etməliyik. Millətin uğurlu gələcəyi hərtərəfli inkişaf etmiş gənclərin əlindədir. Ona görə gələcəyə ümid doğuran gəncləri yetişdirə bilmək üçün hər bir halda lazım olan bütün imkanları dəyərləndirmək vacibdir.
- Bəzi məlumatlardan görürük ki, paytaxtda valideynlər övladlarını hələ də məktəbə göndərmək istəmirlər. Bölgələrdə durum necədir? Belə problemlərlə qarşılaşırsınızmı?
- Digər bölgələrimizdə dəqiq deyə bilmərəm, amma bizdə elə halla qarşılaşmırıq. Çünki valideynlərimizin əksəri hələ də distant təhsilin imkanlarını, onun fərqliliyini, özəlliklərini tam şəkildə qəbullanmaqda çətinlik çəkir deyə əyani təhsili daha üstün hesab edir və məktəblərdə təhsilin bərpa edilməsini çox istəyirlər. Bu səbəbdən də övladlarını məktəbə yollamağa çox meyllidirlər. Şükürlər olsun ki, bu cür problemlərlə qarşılaşmırıq. Şagirdlərimin hər biri necə ki onlayn dərslərdə tam şəkildə qoşulurdular, eyni ilə dərsə də tam şəkildə gəlir, iştirak edirlər. Açıq deyim ki, mən özüm də bu sahədə xeyli təcrübə qazandım. Çünki distant təlimlərdən keçmişəm, rəqəmsal bacarıqlar qazanmışam, rəqabət qabiliyyətli kadr hazırlığında özümü hazır hesab edirəm. Bu sahədə əlimdən gələn nə varsa, bir müəllim kimi etməyə daim hazıram. Hər bir müəllim unutmamalıdır ki, ölkənin inkişafı, gələcək nəsillərin taleyi sağlam və peşəkar kadrların, düzgün və proqramlaşdırılmış təlimlərdən keçir. Ona görə də müəllimlər öncə özləri prosesə hazır olmalıdırlar. Tolstoy deyirdi ki, şagirdlər heç nəyi müəllimlərinin səhvləri qədər möhkəm yadda saxlamırlar...
Samirə