Pedro Paramo
06-05-2023 00:42 / Bu xəbər 2137 dəfə oxundu
Ənnağı Hacıbəyli
Latın Amerikasının böyük yazıçısı, meksikalı Xuan Rulfo "Pedro Paramo” romanını yazandan sonra otuz bir il yaşasa da, heç nə yazmayıb.
Cəmi üç yüz səhifəlik iki kitabı ilə (hekayələr toplusu və "Pedro Paramo” romanı) ədəbiyyata gəlib-gedən yazıçıya dünya şöhrəti qazanmaq üçün bunlar yetərli olub. Onu ən böyük rəqibi sayan Markes deyib: "Bu əsər ispandilli ədəbiyyatın ən gözəl əsəridir. "Pedro Paramo”nu yazsaydım, mən də yazıçılığın daşını atardım".
Bu, nəhəhg yazıçının rəqibinə verdiyi səmimi və böyük qiymətdir.
Bu əsər bütün zamanların, insanlığın rəvayətidir: Adəmdən Xatəmə kimi. Əsəri oxuyanda hadisələrin hansı ildə, əsrdə, harada cərəyan etdiyini bilmirsən, heç bilmək də istəmirsən.
İnsanlıq, onun dərdləri və problemləri zaman çərçivəsinə sığan nəsnələr deyil. Böyük yazıçılar bunu hamıdan yaxşı bilir, duyur, göstərir. Magik realizm janrı yazıçıya imkan verir ki, zaman və məkan çərçivəsinə sığmayan təsvirlərlə insanlığın ilk baxışda çox adi görünən dərdlərini əbədiləşdirsin.
Əsərin maraqlı səhnələrindən biri varlı və hər şeyə qadir Pedro Paramonun oğlu Migelin dəfn səhnəsidir. Kilsədə tələsik dua oxuyub aradan çıxmaq istəyən Padre Renterianı Migelin atası saxlayır və xahiş edir ki, müqəddəs ata mərhuma xeyir-dua versin. Padre imtina edir. Şayiələrə görə, Migel çoxsaylı cinayətlərdə, o sıradan keşişin qardaşının ölümündə və onun qızının zorlanmasında günahkardır.
Dəfn iştirakçıları getdikdən sonra kilsədə tək qalan Pedro keşişə yaxınlaşıb deyir: "Siz ona nifrət etməkdə haqlısınız. Amma indi olanları unudun, Padre, mərhuma hörmət göstərin, Tanrının onu əfv etdiyi kimi siz də onu bağışlayın”.
Mərhumun atası bir ovuc qızıl pulu ibadət yerinə qoyub deyir: "Məbədinizin ehtiyacları üçün bu pulu məndən qəbul edin”.
Pedro getdikdən sonra Padre qızıl pulları götürüb altara yaxınlaşır və Tanrıya müraciət edir: "Bu sənə çatacaq. Onun pulu cəhənnəm əzabından xilas olmağa da çatar. Amma bu pulların yetərli olub-olmaması tək sənə bəllidir. Mən də sənin ayaqlarına yıxılıb yalvarıram ki, onun bəlasını özün verəsən. Haqlı olub-olmadığımı bilmirəm, amma yalvarıram, onun bəlasını özün ver”.
Müqəddəs ata əmindir ki, pozğun, ağır günahlar eləmiş adamlar Tanrı səltənətinə yaxın düşə bilməzlər. Belə adamlara dua eləməklə onlara yardımçı olmaq olmaz. Tanrı bunu günah sayar.
Keşiş cübbə otağına keçib hönkür-hönkür ağlayır və deyir: "Yaxşı, mən daha geri dururam, Tanrı”. Amma kimsəyə etiraf etməsə də, qəlbində Migelin günahlarını bağışlayır.
Bilirsinizmi niyə? Çünki ittihamlar şayiəyə söykənirdi, sübut yox idi. "Səfillər”də, "Paris Notrdam kilsəsi”ndə Hüqonun müqəddəs ataları kimi Rulfo da mükəmməl bir din adamı personajı yaradıb. Dinə bütün varlığı ilə bağlanıb xidmət edən adam üçün vəzifəsi – günahları bağışlamaq hər cür şəxsi hisslərin fövqündə olmalıdır.
Əsərin bir yerində yazıçı epizodik olaraq qeyd edir ki, keşiş hökumətə qarşı qiyama qoşulur, dəstəsi ilə dağlara çəkilir. Amma bu hadisə, onun mahiyyəti və sonucları əsərdə göstərilmir. Bir yandan dində ədalət axtaran adam üçün bu seçim təbii və qanunauyğun görünür. Başqa yandan keşişin bu fəaliyyətinin təsvir olunmaması maraqlı ədəbi priyom təsiri bağışlayır – qoy bu hadisə oxucu fantaziyasının ümidinə qalsın…
Rahat oxunan əsər ağır səhnələrlə doludur. Burada "hər ah ömrün bir parçasını qoparır”. Ölü dünyası ilə diri sayılanların ruh və gerçəklik aləmi bir-birinə qarışır. Tanrı səltənəti ilə gerçək aləm arasında sərhəd qoymaq asan deyil. Birincidə hər şey Tanrının iradəsindədir, ikincidə həm də bəndələr hökmranlıq edirlər. Onlar isə Tanrı qədər mərhəmətli deyillər. Burada günahların bağışlanmasının daha ağır prosedurları və qiyməti var.
"Tanrı mərhəməti sonsuzdur – müqəddəslik də elə budur”. Bəs onda "Tanrının günahı olanlara mərhəməti yoxdur” hökmü necə olsun? Axı hər iki hökm müqəddəs atanın Tanrı adından çıxardığı verdiktdir!
Ümumiyyətlə, bağışlanmayan günahlar varmı? Bütün günahlar bağışlanırsa, dinin bu institutunun social dəyəri nədən ibarətdir?
Pozitiv məqam aydındır, bəs bu günahların qurbanlarının gözlədiyi ilahi ədalət necə olsun? Bütün günahları bağışlayan mərhəmət ilahi ədalət sayıla bilərmi?
Dövlət qanunlarında "Bərabər mənafelərə bərabər münasibət” prinsip deyil, deklarasiyadır, bəs dində? Günah edənlə bu günahdan zərər çəkmiş şəxsin mənafeləri bərabərmi? "Elə günahlar var ki, bağışlanmır” qaydası "Bütün günahlar tövbə şərti ilə bağışlanır” qeyd-şərtindən nə dərəcədə sığortalanıb?
Görünür, sonsuz mərhəmətin də fəsadları var…