Punktuasiya və nöqtəli vergül problemi
20-05-2019 11:51 / Bu xəbər 9113 dəfə oxundu
Nabatəli Qulamoğlu, təhsil eksperti,
DİM yanında İctimai şuranın üzvü
Punktuasiya və nöqtəli vergül problemi
Biz bu məqalədə punktuasiyanın ağrılı problemi olan bir durğu işarəsindən ─ nöqtəli vergüldən söhbət açacağıq. Təbiidir ki, nöqtəli vergülün işlənməsində digər durğu işarələrinin təsirindən bəhs etməmək mümkün deyil.
Oxucuların diqqətini önəmli hesab etdiyim bir məsələyə cəlb etmək istərdim. Ona görə də əvvəl bədii nümunə verək, sonra ümumiləşdirmə aparaq. Belə nümunələrə biz tez- tez rast gələcəyik. Tabeli mürəkkəb cümlədən (buna keçid xarakterli mürəkkəb cümlə də demək olar, çünki burada həm tabesizlik, həm də tabelilik əlamətləri vardır) ibarət olan aşağıdakı şeirdə sayca 10 budaq cümlə bir baş cümləyə bağlanmışdır (şeiri ixtsarla veririk). Punktuasiya qaydalarına görə, baş cümləyə bağlanmış budaq cümlələrin ən azı birinin tərkibində vergül işlənərsə və budaq cümlələr arasında tabesizlik bağlayıcısı olmazsa , bu zaman onların arasında nöqtəli vergül işarəsi qoyulur [23, § 133]. lakin şeirdə buna əməl olunmamışdır, yəni vergül qoyulmuşdur.
Ana düşündü: "Bəlkə, qəlbini qırdım onun,
Kim bilir, nə gəlibdir başına poçtalyonun...
Bəlkə, onun da oğlu qanlı döyüşlərdədir,.."
(S. Rüstəm)
Bütün bu əvəzləmələr onu deməyə əsas verir ki, bədii ədəbiyyatdan gətirilmiş nümunələr punktuasiya üçün etalon ola bilməz. Ona görə də çox vaxt dilçi alimlərimiz daha etibarlı mənbələrə istinad etməlidirlər. Mənbələrin etibarlı olmasına qarantiya olmadığı üçün ədiblərimiz tərəfindən punktuasiya qaydalarının pozulması təbii haldır. Məhz bu səbəbdən heç kim durğu işarələrindən istifadə qaydalarını ədəbi nümunələrə tabe etdirə bilməz.
Dilçi alim Z. Budaqova nöqtəli vergülün qoyulmasına aid 6 paraqrafdan ibarət qayda müəyyən etmişdir. İki ardıcıl paraqrafı bir- biri ilə müqayisə edək. 68- ci paraqrafda yazılır: "Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir..." [3, § 68].
Bunun ardınca növbəti paraqrafda göstərilir: "Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarələrindən biri işlədilir..." [3, § 69].
Hər iki paraqrafda eyni məzmun təkrar edilmişdir: 1) tabesiz mürəkkəb cümlədir, 2) bağlayıcısızdır, 3) komponentlərin ən azı birinin içərisində durğu (?) işarəsi işlənir, 4) nöqtəli vergül tabesiz mürəkkəb cümlənin komponentləri arasında yerləşir. Əlbəttə, burada da yanlışlığa yol verilmişdir, vergül işarəsi konkretləşdirilməmişdir, çünki genişlənmiş komponentdə durğu işarəsi vergül deyilsə, qayda öz əhəmiyyətini itirmiş olur. 68- ci paraqrafda isə son cümlə tamamilə qeyri- müəyyəndir: məlum deyil, tərkibində durğu işarəsi işlənən bütövlükdə tabesiz mürəkkəb cümlədir, yoxsa onun komponentləridir.
Ən maraqlısı budur ki, 69- cu paraqrafda veriilmiş nümunələrin ikisi həmin qaydaya uyğun gəlmir. Bunlara baxaq:
Onlar otaqdan çıxmamış otağa səs- küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C. Cabbarlı).
Aktyorun zahiri kimi xasiyyəti də ustanın xasiyyətindən seçilmirdi; o daima fikirli olardı (M. İbrahimov).
Hər iki nümunədə nöqtəli vergülün qoyulması üçün heç bir əsas yoxdur, çünki bağlayıcısız mürəkkəb cümləni təşkil edən komonentlərin heç birinin tərkibində vergül işarəsi yoxdur.
Daha bir uyğunsuzluq. 70 və 71- ci paraqraflarda nöqtəli vergülün qoyulmasının səbəbi bağlayıcılarla əlaqələndirilir, halbuki sintaktik- semantik blokların öz daxilində vergüllər hesabına genişlənmə olduğu üçün nöqtəli vergülə ehtiyac əmələ gəlmişdir, yəni nöqtəli vergüldən istifadənin səbəbi deyil, onun hansı situasiyalarda işlənməsi halları göstərilmişdir.
Oxşar yanaşmanı Z. Budaqovanın istinad etdiyi mənbədə də görürük: nöqtəli vergülün işləndiyi situasiya səbəb kimi göstərilmişdir. Demək istəyirik ki, nöqtəli vergülün işlənməsini doğuran səbəb olmasaydı, bağlayıcıların iştirakı həmin durğu işarəsindən istifadəni zərurətə çevirə bilməzdi. Verilmiş nümunədə isə yanlışlıq yoxdur, yəni tabesiz mürəkkəb cümləni təşkil edən hissənin tərkibində vergül işarəsi işlənmişdir:
Mənim yalnız mavi boyam vardı; lakin buna baxmayaraq, mən ov rəsm etməyə başladım (L. Tolstoy) [ 23 § 131].
Əlbəttə, nöqtəli vergülün ümumiləşdirilmiş funksiyasından çıxış etsək, bu paraqrafların hamısını vahid bir cümlədə birləşdirib nöqtəli vergülün işlədilməsi qaydasını müəyyən edə bilərik. Əvvəlcə digər nümunələrə nəzər salaq, sonra isə nöqtəli vergülə tərif verək.
Nöqtəli vergül mənimsənilməsi çətinlik törədən durğu işarəsidir. Hətta punktuasiya haqqında yazılan bir çox dilçilik ədəbiyyatlarında bu işarənin mahiyyətini müəlliflər yetərincə dərk edə bilməmişlər. Ən sonda yazılmış "Müasir Azəraycan dilində durğu işarələri" (V. Dumanoğlu və İ. Əsgər) kitabında nöqtəli vergülə aid iki paraqraf verilmişdir. 1-ci paraqrafda müəllifin nə demək istədiyi anlaşılmır: "1. Qarışıq tipli müəkkəb struktura malik olan tabeli və tabesiz mürəkkəb cümlələr arasında nöqtəli vergül qoyulur" [5, 80].
Əvvəla, mürəkkəb cümlə qarışıq tiplidirsə, deməli, orada həm tabesizlik, həm də tabelilik əlaqəsi vardır. Ona görə də tabeli və tabesiz mürəkkəb cümlələr ifadəsi artıq və yersuzdir. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələr mürəkkəb struktura malik ola bilər. Hər iki halda mürəkkəb cümləni təşkil edən semantik- sintaktik bloklar arasında nöqtəli vergül qoyulur.
Kitab nüəllifləri tarixi faktları belə saxtalaşdırmaqdan çəkinməmişlər. Onlar yazırlar: "Hətta Lomonosovun durğu işarələri qaydalarında yalnız tire, çox nöqtə və dırnaqdan danışılmışdır" [5, 4].
İnanmaq olmur ki, M.V. Lomonosovun "Rossiyskaya qrammatika" kitabını oxuyan şəxs bu cür həqiqətə uyğun olmayan fikir bildirsin. Həmin kitabda vergül (§ 130), nöqtəli vergül (§ 131), qoşa nöqtə (§132), nöqtə (§133) və sual işarəsinə (§134) tərif verilmişdir. Hələ üç əsr bundan qabaq M. Lomonosov nöqtəli vergülün qrammatik funksiyasını müəlliflərin müəyyən etdiyi anlaşılmaz qaydalardan qat- qat doğru təsəvvür etmişdir: "Nöqtəli vergül dövrü üzvləri fərqləndirir... " [17, § 131].
Düzdür, böyük alim nöqtəli vergüldən sintaktik- semantik bloklar arasındakı müxtəlif əlaqələri ifadə etmək üçün istifadə etmişdir, amma zaman keçdikcə rus dilçiləri bu ideyanı konkretləşdirmişlər.
Ə. Abdullayev nöqtəli vergülə belə tərif verir: "Nöqtəli vergül elə hallarda qoyulur ki, oradakı sintaktik- semantik bölgüdə fasilə (pauza) vergüldə olan fasilədən çox, nöqtədə olan fasilədən azdır" [1, 209].
Tərifin çatışmazlığı ondadır ki, müəllifin nəzərdə tutduğu fasiləni qoşa nöqtəyə də aid etmək olar, çünki bu durğu işarəsi də nöqtədən az, vergüldən çox fasilə tələb edir. Riyazi olaraq nöqtə, vergül, nöqtəli vergül və qoşa nöqtə arasındakı subordinasiyanı bu şəkildə ifadə edə bilərik:
Nöqtə > qoşa nöqtə > nöqtəli vergül > vergül.
Aşağıda verilmiş cümlədə bərabərsizlikdəki asılılıq öz əksini tapmışdır:
Xəyal məni götürmüşdü: iki saatdan sonra on il bundan öncə ayrıldığım həyətdə olacağam; dost, qohum və qonşuların hamısı başıma toplaşacaq.
Ə. Abdullayevin də müəyyən etdiyi 5 hal üzrə nöqtəli vergülün qoyulması qaydaları yalnız bir fikrə xidmət edir.
Nöqtəli vergülün işlənmə dairəsi dilçilərimiz tərəfindən nisbətən fərqli təqdim edilmişdir. Deyək ki, Ə. Abdullayev qarışıq tipli mürəkkəb cümlələrdə nöqtəli vergülün istifadəsindən danışsa da, baş cümləyə bağlanmış bir neçə həmcins budaq cümlələr arasında (əgər budaq cümlələrdən ən azı birinin tərkibində vergül işlənibsə) nöqtəli vergülün qoyulmasını qeyd etməmişdir. Məlumdur ki, qarışıq tipli mürəkkəb cümlə dedikdə biz elə cümlələri nəzərdə tuturuq ki, orada həm tabesizlik, həm də tabelilik əlaqəsi olsun. Baş cümləyə bağlanmış bir neçə həmcins budaq cümlə isə fərqlidir, yəni burada yalnız tabelilik əlaqəsi mövcuddur. Z. Budaqovanın monoqrafiyasında isə bu detalların heç birinə diqqət yetirilməmişdir.
Başqa bir fərqli yanaşmaya diqqət edək. Ə. Abdullayev qaydalara aid bir neçə nümunə verərkən həmin nümunələr arasında nöqtəli vergül qoymuşdur:
"b) birnci komponentlə ikinci arasında səbəb- nəticə əlaqəsi olan tabesiz mürəkkəb cümlə:
Yox, sən xain adamsan, şələ- şüləni yığışdır, buralarda izini- tozunu görməyim (M. İbrahimov); Qaranlıq məni boğurdu, əl atırdım, dəmirə dəyirdi (B. Bayramov); Barmağı üzüyə ilişəndə gözləri iriləndi, utanıb əlimi çəkmək istədim, buraxmadı (B. Bayramov)" [1, 190] .
Göründüyü kimi, ardıcıl olaraq üç cümlə misal gətirilmiş və bu cümlələrin arasında nöqtəli vergül qoyulmuşdur. Müəllif, digər dilçilərdən fərqli olaraq, hətta bunu qaydaya çevirmişdir: "Qrammatikada misal gətirilən cümlələr arasında da vergül qoyulur" [1, 415]. Verilən nümunələrin bu cür formalaşdırılmasına bir çox dilçilik ədəbiyyatında [8,13,14,15] rast gəlirik. Yalnız SSRİ Elmlər Akademiyasının nəşr etdiyi kitabda bir neçə cümlə misal gətirilirsə, onların hamısı abzasdan başlayır və sonuncuda nöqtə qoyulur. Z. Budaqovanın monoqrafiyasında da bu formatdan istifadə edilmişdir. Bu da bir daha sübut edir ki, müəllif həmin kitaba istinad etmişdir [3, § 68; 69].
Əlbəttə, dilçilərin mütləq əksəriyyəti nümunələri verərkən nöqtəli vergüldən istifadə etmişlər. Bu cəhətdən Z. Budaqova və onun istifadə etdiyi mənbə azlıqda qalır. Buna baxmayaraq, biz bolşevik qanunlarından çıxış edib "çoxluq haradadırsa, həqiqət də oradadır" deyə bilmərik. Dilçilkdə bu prinsip yetərli deyil, burada aparıcı rol məntiqindir.
Fikrimizcə, nöqtəli vergüldən sonra cümlənin böyük hərflə yazılması ağlabatan deyil ─ bu bir. Düzdür, durğu işarələrindən istifadə prosesində məntiqə sığmayan belə uyğunsuzluqlara rast gəlirik. Tutaq ki, bölgü sıralarını kiçik hərflə başladıqda cümlə bitirsə və ondan sonra yeni cümlə gəlirsə, yeni gələn cümlədən əvvəl nöqtə qoyulur, halbuki bölgü sırasının sonunda nöqtəli vergül qoyulur. Yəni nöqtə > qoşa nöqtə > nöqtəli vergül bərabərsizliyi pozulur.
Əgər başqa çıxış yolu yoxdursa, durğu işarələrinin işlənməsi zamanı məntiqin pozulması məqbul sayıla bilər. Yuxarıda göstərdiyimiz halda isə çıxış yolu vardır, yəni misalları yeni sətirdən verib hər bir cümlənin sonunda nöqtə işarəsi qoymaq mümkündür. Digər tərəfdən, nümunə kimi verilmiş bir neçə cümlə, çoxkomponentli mürəkkəb cümlələrdən fərqli olaraq, bir-biri ilə sintaktik- semantik əlaqədə deyil. Ona görə də Z. Budaqovanın və onun istinad etdiyi mənbənin mövqeyini daha doğru hesab edirik. Əlbəttə, heç kim iddia edə bilməz ki, sadalanan əsərlərdə (həm milli, həm də rus dilçiliyi sahəsində) nöqtəli vergülün qoyulması üçün tələb edilən bütün məqamlar öz əksini tapmışdır. Ona görə də biz durğu işarəsinin bu növünə ümumiləşdirici tərif vermək fikrinə gəldik. Verəcəyimiz tərifin ümumiləşdirici xarakter daşımasına baxmayaraq, onu nisbi adlandırmağı daha doğru hesab edirik.
Aşağıda tanış olacağımız nümunələr belə deməyə əsas verir:
I. IX sinfin riyaziyyat dərsliyində [9] 259(a)- cu misalın cavabı belə verilmişdir: (7, 3) ; (-3, - ⅓). Biz görürük ki, x və y- in birinci iki qiyməti ilə ikinci iki qiyməti arasında nöqtəli vergül qoyulmuşdur, çünki bunların hər biri qiymətlər qrupudur. Birinci qiymətləri təşkil edən komponentlər isə bir- birindən vergül vasitəsilə ayrılmışdır ki, bu da cavabın düzgün başa düşülməsinə (semantik funksiya) kömək edir. Rasional yanaşmadır, çünki hər bir səviyyəyə uyğun durğu işarəsi işlənmişdir. Riyaziyyatçıların durğu işarələrindən necə düzgün istifadə etdiyini yuxarıdakı nümunədə aydın müşahidə etmək olur. Çox güman ki, keçmiş ənənənin təsiri öz rolunu oynamışdır. Bəs dilçilər məsələyə necə yanaşırlar?
Ona görə növbəti nümunələrə nəzər salaq:
II. Hansı qoşmalar bir- biri ilə yalnız cümlə daxilində sinonimlik təşkil edir?
1. Qədər 2. Qeyri 3. Dək 4. Doğru 5. Sonra 6. Əvvəl. 7. Bəri 8. Başqa
Düzgün cavab: B) 1,3,2, 8 [2, 90].
Məlumdur ki, qədər, dək qoşmaları bir, qeyri və başqa qoşmaları isə digər sinonimik qrup yaradır. Lakin cavabın formatından belə başa düşmək olur ki, yuxarıdakı qoşmaların hamısı bir-biri ilə cümlə daxilində sinonimlik təşkil edir. Ona görə də bir- biri ilə cümlə daxilində sinonimlik təşkil edən iki qoşma digər ikisindən nöqtəli vergül vasitəsilə ayrılmalı idi, yəni bu şəkildə: 1,3 ; 2,8.
III. Bölüşdürmə bağlayıcıları: gah, gah da, ya, ya da, istər , istərsə də [7,124].
Bağlayıcıların təqdimat formatından da belə başa düşülür ki, burada altı bağlayıcıdan söhbət gedir. Bu isə növbəti yanlış fikirdir, çünki üç bağlayıcı verilmişdir. Əslində, burada da bağlayıcı qrupları təqdim edilmişdir. Həmin qruplar üç yerə bölünür və qruplar yenə də bir-birindən nöqtəli vergül vasitəsilə ayrılmalı idi, yəni bu şəkildə: gah, gah da; ya, ya da; istər, istərsə də.
Aydın məsələdir ki, hər bir qrupu təşkil edən seqmentlər isə bir- birindən vergüllə ayrılmalıdır. Beləliklə, II və III nümunədə durğu işarəsindən istifadə zamanı başlıca prinsip ─ məna və fikrin çatdırılması nəzərdən qaçmışdır.
Yuxarıdakı nümunələrdən sonra nöqtəli vergülə tərif verə bilərik:
Hərf, söz, ifadə, cümlə, rəqəm və ya digər simvollar, eyni zamanda mürəkkəb konstruksiyalı cümlələri təşkil edən sintaktik- semantik strukturlar bəzən genişlənərək qrup təşkil edir. Qruplardan birinin və ya bir neçəsinin daxilində vergül işarəsi işlənirsə, belə qruplar bir- birindən nöqtəli vergül vasitəsilə ayrılır.
Qeyd. Ola bilər ki, qrup bir elementdən ibarət olsun. Buna baxmayaraq, o təklikdə digər qruplardan fərqləndiyi üçün nöqtəli- vergül vasitəsilə ayrılır. Ona görə də belə hallarda nöqtəli vergülün ayırıcı və fərqləndirici funksiyalarını bir- birindən seçmək mümkün deyil.
Nümunələr:
Verilmiş saitləri qalın və incə olmaqla qruplaşdırın: a, i, ö, ə, u,ı, o,ü, e.
Cavab: a,ı, o, u; e, ə, i, ö,ü.
Yaxud:
Aşağıda verilmiş riyazi simvolları qruplaşdırın:
√ , <, ∫, { }, ×, ≥, ( ),
Cavab: √; <, ≥; ∫; { }, ( ),
Verilmiş cavabda 4 qrup simvol öz əksini tapmışdır və bunlar bir- birindən nöqtəli vergül vasitəsilə ayrılmışdır. Kök və inteqral işarəsi təkdir, müqayisə və mötərizə işarələri iki simvoldan ibarət göstərilmişdir. Deməli, yenə də nöqtəli vergül qruplar arasında ayırıcı funksiyasını yerinə yetirə bilir. Göründüyü kimi, qrupu təşkil edən elementlərin sayı birdən artıq olmaya bilər, lakin digər qruplardan fərqləndiyi üçün təklikdə qrup təşkil etmiş olur.
Biz Z. Budaqovanın monoqrafiyası və akademiyanın nəşrində nöqtəli vergül üçün verilmiş 6 situasiyadan başqa, təqribən, bir o qədər də əlavə etdik . Biz çalışdıq ki, tərifdə nöqtəli vergülün işlədilməsi məqamları kifayət qədər öz əksini tapsın, lakin istisna halların həm indi, həm də gələcəkdə ola biləcəyinə heç bir qarantiya yoxdur. Ona görə də nöqtəli vergülün qoyulmasını Z. Budaqovanın 6 paraqrafı ilə məhdudlaşdıra bilmərik. Yuxarıda verdiyimiz nümunəyə oxşar elə yeni hallar meydana çıxa bilər ki, həmin situasiya mütləq nöqtəli vergül tələb edə bilər. Belə bir cümlə verilmişdir:
Kənddəki mağazada 3 ▲5 manata rezin ayaqqabı almaq olar.
Biz üçbucaq işarəsinin yerinə həm vergül, həm tire, həm də nöqtəli vergül qoya bilərik. Durğu işarəsinin qoyulmasından asılı olaraq çatdırmaq istədiyimiz fikir dəyişər. Vergül olarsa, belə çıxır ki, ayaqqabının qiyməti üç manat yarımdır, yəni tam ədədlə ifadə olunmamışdır ( burada riyazi işarə ilə durğu işarəsi üst- üstə düşür); tire qoyulsa, ayaqqabının qiyməti 3,4 və ya 5 manat olar; nəhayət, nöqtəli vergül qoysaq, belə başa düşülər ki, kəndin mağazasında iki növ rezin ayaqqabı vardır: 3 manata və 5 manata. Yəqin ki, fikrim oxuculara çatdı: son nümunə nöqtəli vergülə verilmiş tərifin çərçivəsini aşdı; çünki burada işarə qruplar deyil, sadəcə, iki rəqəm arasında qoyulmuşdur. Yuxarıdakı tərifdən sonrakı qeyd məhz bu və buna oxşar ehtimalları nəzərə alaraq verilmişdir.
Demək istəyirik ki, nöqtəli vergüldən istifadə olunmasına dair Z. Budaqovanın verdiyi 6 paraqrafın heç biri yuxarıda verilmiş tərifin təsir dairəsindən kənara çıxa bilmir. Yuxarıda qeyd etdiyimiz kimi, bəzən dilçilər bədii əsərlərdə yanlış işlədilmiş durğu işarələrinin təsiri altına düşərək yeni "qaydalar" müəyyən etməyə cəhd edirlər.
Ə. Abdullayev yazır: "Bəzən tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqəsi zəif olur, beləliklə, fasilə artır və nöqtəli vergül qoymaq lazım gəlir. Bu, əsasən, qoşulma (...) əlaqəsində olur"[1,215].
Sonra isə müəllif etiraf edir ki, qoşulma əlaqəsində vergül qoyulan hallar daha çoxdur. Belə çıxır ki, nöqtəli vergüllə vergülün arasında heç bir sərhəd yoxdur. Ona görə də hər hansı durğu işarəsinin qoyulmasına dair qaydaları təqdim edərkən istinad edilən bədii nümunənun mötəbərliyinə zəmanət yoxdur, çünki bütün ədiblər punktuasiya qaydalarına tələb olunan şəkildə əməl etmirlər. Oxşar yanlışlığı başqa bir mənbədə də görürük: "Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkibində hər hansı bir vergül işarəsi olan cümlədə yəni bağlayıcısından əvvəl nöqtəli vergül qoyulur:
I. Mənim bir yaşıl maykam var idi; yəni o, haçansa yaşıl olmuşdur (Elçin) [2,591].
Məlumdur ki, o, bu əvəzliyindən sonra vergülün qoyulması müxtəlif zamanlarda fərqli şəkildə təqdim edilmişdir. Son zamanlar isə əsas tələb budur:
1) o və bu əvəzlikləri mübtəda rolunda çıxış etsin; 2) onlardan sonra isim, sifət, say, əvəzlik, zərf kimi nitq hissələrindən biri gəlmiş olsun.
DİM əvəzlikdən sonra gələn sözlərin sırasına feili sifəti də əlavə etmişdir. Yenə də nümunələr əsasında müqayisələr aparaq və verilən tərifin nə dərəcədə düzgün olduğunu müəyyən edək:
1. O, kitab sərgisində iştirak etməyi xoşlayır.
2. Bu çox sevinir.
3. O yaxşı dost axtarır.
4. O səndən çox çalışır.
5. O, oxuyana qiymət verən adamdır.
Mövcud qaydaları nəzərə alsaq, bütün cümlələrdə o və bu əvəzliklərindən sonra vergül qoyulmalıdır. Biz vergülləri öz baxış bucağımza əsaslanaraq işlətmişik. 1 və 5- ci cümlədə vergülün qoyulmasını ona görə zəruri hesab edirik ki, vergül qoyulmasa, əvəzlik özündən sonra gələn sözü təyin edər və buna görə cümlədə fikir dəyişər. 2─ 4-cü cümlələrdə isə əvəzliklərin özündən sonra gələn sözü təyin etmək imkanı yoxdur, yəni bu cümlələrdə əvəzliyin mövqeyi aşağıdakı cümlələrdən heç də fərqlənmir:
6.O həm oxuyur, həm işləyir.
7. Bu ki insan deyil.
Müəlliflər verilmiş son iki cümlədə (6 və 7) o, bu əvəzliyindən sonra vergülün qoyulmamasını məqbul sayırlar. Müqayisə apardıqda görürük ki, 2-4, 6 və 7- ci cümlələrdə o, bu əvəzliklərinin dispozisiyası heç də bir-birindən fərqlənmir, yəni hamısında əvəzlik özündən sonra gələn sözü təyin edə bilmir və cümlənin sintaktik-semantik quruluşunda heç bir dəyişiklik əmələ gəlmir. Onda sual olunur: fərqli yanaşmalar nədən ötrüdür? Bu həm didaktik cəhətdən ziyanlıdır ─ öyrənmə prosesinə mənfi təsir edir, həm də punktuasiyanın qrammatik prinsipini pozur.
Nisbətən fərqli yanaşmanı professor B. Xəlilovun kitabında görürük. Müəllif mübtəda rolunda çıxış etmiş o və bu əvəzliklərindən sonra əvəzlik, zərf, feil və köməkçi nitq hissələri gələrsə, sonunculardan əvvəl vergül qoyulmasına etiaz edir [5, 402 ].
V. Dumanoğlu və İ. Əsgər də bu məsələdə öz mövqeyini ortaya qoymuşlar. Onların verdiyi qayda isə qaneedici deyil: "O, bu əvəzliyi cümlədə mübtəda funksiyasında çıxış etdikdə istisna halları nəzərə almaqla, onlardan sonra vergül qoyulur. Məsələn:...o, bir həkim diqqəti ilə yenidən uşaqlara baxdı " [5, 45 ].
İstisna hallar nədir ─ məlum deyil. Elm konkretlik sevir. Bu qeyri- müəyyənlik bir yana qalsın, müəlliflərin gətirdiyi nümunə göstərir ki, onlar bir sayı ilə bir ədatını fərqləndirə bilməmişlər. Verilmiiş nümunədə bir ədatdır və hamı tərəfindən qəbul edilmiş qaydaya görə, o, bu əvəzliyi mübtəda rolunda çıxış edərsə və onlardan sonra köməkçi nitq hissəsi gələrsə, həmin əvəzliklərdən sonra vergül qoyulmaz.
O, bu əvəzliklərindən sonra vergülün qoyulması qaydası Z. Budaqova tərəfindən fərqli müəyyən edilmişdir, lakin burada da bizi qane etməyən müəyyən nüanslar vardır. Onun verdiyi qaydaya görə, "o və ya bu əvəzliyi ilə ifadə olunan mübtəda isim, sifət və ya say ilə ifadə olunan cümlə üzvündən əvvəl gələrsə, ondan (mübtədadan) sonra vergül qoyulur" [3, 41].
Hesab edirik ki, yuxarıda sadaladığımız müəlliflər tərəfindən o və bu əvəzliyindən sonra vergülün qoyulması qaydasının müəyyən edilmə metodu düzgün deyil, çünki bu qaydaların heç biri hər zaman işlək deyil. Aşağıdakı misallarda Z. Budaqovanın müəyyən etdiyi qayda işləmir:
1. O dəftər aldı.
2. O beş kitab aldı.
3. O qırmızı qələm aldı.
Məsələ burasındadır ki, verilmiş nümunələrdə vergülün qoyulması üçün nə intonasiya , nə də məna cəhətdən zərurət vardır.
Başqa bir nümunə. Deyək ki, o, bu mübtəda rolunda çıxış edərsə və ondan sonra feli sifət gələrsə, vergülün qoyulmasına ehtiyac duyulur:
Bu gülən oğlandır.
Əgər bu əvəzliyindən sonra vergül qoysaq, cümlə üzvləri vergülsüz cümlədə olduğundan fərqli şəkildə dəyişər.
Müəllif qeyd hissəsində də yazır ki, "o şəxs və bu işarə əvəzliyi ilə ifadə olunan mübtəda əvəzlik, feil, zərf və köməkçi nitq hissələrindən əvvəl gələrsə, ondan (mübtədadan) sonra vergül qoyulmaz" [3, 41].
Göründüyü kimi, məlum əvəzliklərdən sonra zərfin iştirakı ilə bağlı Z. Budaqova və B. Xəlilov eyni mövqeni bölüşürlər, yəni bu zaman o və bu əvəzliyindən sonra vergülün qoyulmasını uyğun hesab etmirlər. Buna baxmayaraq, bəzən elə hallar yaranır ki, bu qayda da işləmir.
1. O gecə gəldi.
2. Bu axşam getdi.
Bu cümlələrdə vergülün qoyulması müəllifin fikrindən asılıdır, yəni vergül həm qoyula bilər, həm də əksinə. Bir sözlə, müəlliflərin iddiasının əksiinə olaraq, yuxarıda verilmiş cümlələrdə o və bu əvəzliyi mübtəda rolunda çıxış edərsə, vergül qoyulmalıdır.
Ümumiyyətlə, qaydaların müəyyən edilməsində yuxarıda qeyd olunmuş metod heç bir halda özünü doğrulda bilmir, çünki yeni- yeni situasiyalar meydana çıxır və qaydanın təsir gücü itır. Bu problemin həlli ilə bağlı cavabı Q. Kazımovun kitabında tapırıq. Hesab edirik ki, onun müəyyən etdiyi düstur bütün zamanlar üçün aktualdır. Burada diqqəti cəlb edən təkcə qaydanın təsir dairəsinin geniş olması deyil, həm də bu qaydanın böyük didaktik əhəmiyyətə malik olmasıdır. Əgər ona qədər verilmiş qaydalar əzbərçi xarakteri ilə (sonra isim, sifət. say, zərf gələrsə) seçilirsə, Q. Kazımovun müəyyən etdiyi qayda şagirddən qrammatikanı bilməyi tələb edir. Belə olduqda şagird cümlənin semantikasını anlaya bilir, bununla da vergüldən istifadə olunmasını öz təfəkkürü sayəsində müəyyən edir. Kurikulum təhsil proqramının tələbi də məhz bundan ibarətdir.
Q. Kazımov yazır: "Nəhayət, məna qarışan yerlərdə də vergül qoyulur ki, məna dolaşmasın:
O arabaçı, Kərimi axtarır. Yaxud: O, arabaçı Kərimi axtarır" [8,416].
Diqqət edin, əvvəlki müəlliflərdən fərqli olaraq, burada əvəzlikdən sonra hansı nitq hissəsinin gəlməsi önəmli deyil. Hesab edirik ki, bu düstur o və bu əvəzliyindən sonra vergülün qoyulması hallarının hamısına aiddir.
Məna qarışan hallar o zaman baş verir ki, o, bu əvəzliyi özündən sonra gələn sözü təyin etmiş olsun. Beləliklə, yuxarıdakı nümunə istisna halların olduğunu sübut edir. Buna görə də Qəzənfər müəllimin sadə şəkildə verdiyi tərifi ən universal qayda hesab edirik, çünki dilin mürəkkəbliyini nəzərə alsaq, istisna deyil ki, biz daha yeni situasiyalara rast gələ bilərik, amma bu situasiyaların heç biri professorun müəyyən etdiyi qaydanın təsir dairəsindən kənara çıxa bilməz. Ona görə hesab edirik ki, bu tərif dərsliklərdə öz əksini tapmalı və imperativ bir qayda kimi hamı ona əməl etməlidir. Düzdür, həmin tərif təkcə o və bu əvəzliyinə aid deyil, universal xarakter daşıyır. Bu da həmin qaydanın üstünlüyündən xəbər verir.
Yuxarıda söylədiklərimiz mahiyyət etibarilə Qəzənfər müəllimin yanaşması ilə üst- üstə düşür, yəni məlum əvəzliklərin özündən sonra gələn sözü təyin etmək ehtimalı yoxdursa və bu, cümlənin sintaktik- semantik quruluşunda dəyişikliyə səbəb ola bilmirsə, deməli, vergülün qoyulmasına heç bir ehtiyac qalmır.
İndi isə nöqtəli vergülün qoyulması ilə bağlı məsələnin üzərinə qayıdaq. Deməli, yuxarıda verilmiş I cümlədə (mənim bir yaşıl maykam var idi; yəni o, haçansa yaşıl olmuşdur )vergül yersiz işlənmişdir və bu səbəbdən ikinci fərqləndirməyə (nöqtəli vergülə) ehtiyac da yoxdur. Məhz bu səbəbdən həmin cümlədə nöqtəli vergülün qoyulması düzgün deyil. Cümlə "Mənim bir yaşıl maykam var idi: yəni o haçansa yaşıl olmuşdur" şəklində formalaşmalı idi. Ən başlıcası, aydınlaşdırma qoşa nöqtə ilə ifadə olunur. Deməli, nöqtəli vergülə ehtiyac qalmır.
Fikrimizi isbat etmək üçün professor Q. Kazımovdan daha bir sitat: "Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər: Əmir hələ yatağından qalxmamışdı; o, gecəki sərxoşluğun xumarlığı altında nazlanırdı " (Ordubadi) [5, 485].
Verilmiş nümunədə tabesiz mürəkkəb cümlənin komonentləri arasında nöqtəli vergül qoyulmuşdur, çünki komponentlərin birinin (2- cisinin) tərkibində vergül işarəsi işlənmişdir və bu, qaydalara uyğundur (o əvəzliyinin özündən sonrakı sözü təyin etmək ehtimalı ola bilər). Müəllif isə burada nöqtəli vergülün qoyulmasının səbəbini komponentlər arasındakı fasilənin nöqtəyə yaxın olması ilə izah edir. Aydın məsələdir ki, nöqtəli vergülün fasiləsi vergüldən fərqlidir. Ona görə Qəzənfər müəllimin dediyində həqiqətə uyğun olmayan heç nə yoxdur. Burada, sadəcə, formal cəhət nəzərə alındığı üçün təyinedici qayda sayıla bilməz. Ona görə də durğu işarəsinin qoyulub- qoyulmamasını fasilənin az və ya çox olmasının öhdəsinə buraxmaq düzgün deyil. Biz yuxarıda göstərmişik ki, dominant rol məna funksiyasınındır, intonasiya yalnız o hallarda başlıca rol oynayır ki, cümlənin sintaksisində dəyişiklik ehtimalı olsun. Həmin mövqedən çıxış etsək, fasilə olmayan məqamlarda da gərək durğu işarəsi qoyaq və ya əksinə. Digər tərəfədən, belə qayda ona görə işlək deyil ki, o, durğu işarəsinin qoyulmasında imperativliyi aradan çıxarır. Bu da öz növbəsində punktuasiyada fərarilik üçün şərait yaratmış olur.
Həm Ə. Abdullayev, həm də Q. Kazımov nöqtəli vergülə tərif verərkən onun nöqtə ilə vergül arasındakı fasiləni ifadə etməsini önə çəkirlər. Qoşa nöqtə haqqında isə danışarkən yenə də müəlliflər fasilənin diapozonu deyil, qoşa nöqtənin məna cəhətini ─ aydınlaşdırma bildirməsini diqqətə çatdırırlar. Deməli, fasilə etibarilə vergüllə nöqtə arasında olan durğu işarələrinin birini intonasiya, digərini isə məna cəhətdən qiymətləndirirlər. Bir sözlə, prinsipdə vahidlik pozulur. Beləliklə, nöqtəli vergüllə qoşa nöqtə arasındakı intonasiya fərqi oxucular üçün müəmmalı qalır. Əgər eyni tipli intonasiya ilə deyilən ikikomponentli mürəkkəb cümlənin (çoxkomponentli mürəkkəb cümlələrin tərkibində də müxtəlif tipli intonasiya ilə bir- birinə bağlanan hissələr ola bilər) komponentlərindən biri vergül vasitəsilə genişlənmişsə, təbii, qeyd olunduğu kimi, komponentlər arasında nöqtəli vergül qoyulmalıdır.
Ə. Abdullayev daha sonra bölgü sıralarının bir- birindən nöqtəli vergüllə ayrılmasını mütləq bir qayda kimi göstərir, halbuki bölgüləri təşkil edən sıralar sadədirsə, nöqtəli vergül yox, sadəcə, vergüldən istifadə edilir. Müəllif həmin vacib cəhəti nəzər almır, bu isə vergüllə nöqtəli vergül arasındakı prinsipial fərqi danmaq deməkdir.
İnsan:
- ədalətli,
- mərhəmətli,
- prinsipial,
- səxavətli olmalıdır.
Rozental yazır: "Əgər sadalanan rubrikalar müstəqil cümlələrdirsə və bu cümlələrin daxilində durğu işarələri varsa, onlar bir- birindən nöqtəli vergüllə ayrılır [24, 309].
Başqa bir mənbədə göstərilir: "Sadalanan sıralar müstəqil cümlələr deyilsə, lakin onlar kifayət qədər genişlənib və heç olmasa, birinin içərisində vergül varsa, bu sıralardan sonra (sonuncudan başqa) nöqtəli vergül qoyulur" [12, § 135].
Aşağıda verilən nümunədəki sıralardan birinın içərisində vergül işarəsi vardır:
Mal-qara ötürənlər:
1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;
3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər (Yol hərəkəti qaydalarından).
Bu yanlışlıq Z. Budaqovanın da monoqrafiyasında təkrarlanıb. Belə ki, nümunə kimi verilmiş beş sıranın heç birində sıradaxili vergül yoxdur [3, § 73]. Düzdür, sıralar kifayət qədər genişləndirilmişdir, lakin onları təşkil edən seqmentlər bir- biri ilə vergüllə deyil, bağlayıcılar vasitəsilə əlaqələnmişdir. Bu isə sıraları nöqtəli vergüllə fərqləndirməyə əsas vermir.
Hissələrin tərkibində məhz vergül işləndiyi üçün sintaktik- semantik konstruksiyaları bir- birindən nöqtəli vergül vasitəsilə fərqləndirməyə ehtiyac yaranır, yəni fərqli dil vahidlərini fərqli durğu işarələri bir-birindən ayırır.
Yuxarıdakı nümunədə isə bölgü sıraları yalnız sözlərdən təşkil edilmişdr, ona görə də onları nöqtəli vergüllə bir-birindən ayırmaq yersizdir.
Durğu işarələrinin işlənməsi zamanı iki hal müşahidə edirik: elə durğu işarəsi vardır ki, mövcud kontekstdə onu əvəz edə biləcək digər işarə yoxdur. Əksər hallarda belə olur. Elə situasiya da vardır ki, durğu işarələrinin qoyulmasında variativlik mümkündür. Nöqtəli vergüldən istifadə qaydaları da imperativ deyil, ona görə də bəzən bu qayda pozulur.
Aşağıdakı nümunəyə nəzər salaq:
Onda bütün yuxuları çin olacaq, xəyalları reallaşacaq, arzuları, istəkləri həyata keçəcəkdir.
Burada bağlayıcısız tabesiz mürəkkəb cümlə üç komponentdən ibarətdir. Sonuncu komponentin tərkibində həmcins üzvlər vardır və bunlar bir- birindən vergüllə ayrılmışdır. Deməli, tabesiz mürəkkəb cümləni təşkil edən komponentləri fərqləndirmək üçün zərurət yaranmışdır, yəni cümlə "Onda bütün yuxuları çin olacaq; xəyalları reallaşacaq; arzuları, istəkləri həyata keçəcəkdir" şəklində olmalı idi.
Heç şübhəsiz, biz təcrübədən çıxış edərək nöqtəli vergülün imperativ durğu işarəsi olmaması barədə mülahizə yürüdürük. Əsaslandığımız mənbə isə yenə də əvvəldə qeyd etdiyimiz məsələdir: bir sıra qələm sahiblərinin punktuasiya qaydalarına yetərincə riayət etməməsi.
Başqa nümunə:
O gün hamının yadında idi: soyuq qış günü idi, müharibə- filan olmasa da, rayondan xeyli cavan gedirdi (S. Əhmədov).
Bu cümləni Q. Kazımov aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrə misal gətirmişdir. Oradaca qeyd etmişdir ki, bu cümlədə mübtəda aydınlaşdırılır [8, 295]. Mübtəda aydınlaşırsa, deməli, bu cümlədə tabesiz mürəkkəb cümlənin əlamətlərinin olmasına baxmayaraq, o həm də mübtəda budaq cümləsidir. "Nə o gün hamının yadında idi?" sualına asanlıqla budaq cümlələr cavab verir. Burada iki budaq cümlədən birinin tərkibi genişlənmişdir, yəni 2- ci budaq cümlə baş və qarşılaşdırma budaq cümləsinə parçalanmışdır. İndi aşağıda verilmiş nəzəri məlumatlara istinad edib məlum cümlədə durğu işarəsinin qüzgün qoyulub- qoyulmamasına baxaq.
Ə. Abdullayevin [1,415, d)] və Rusiya Elmlər Akademiyasının nəşr etdiyi kitabda 132- ci paraqrafın [11] tələbinə görə genişlənmiş həmcins üzvlər arasında nöqtəli vergül qoyulur. Verilmiş nümunədə baş cümləyə iki həmcins budaq cümlə bağlanmışdır. Həmcins budaq cümlələrdən birinin (sonuncunun) tərkibində vergül işarəsi işlənmişdir. Qaydaları nəzərə alsaq, cümlə belə formalaşmalı idi:
O gün hamının yadında idi: soyuq qış günü idi; müharibə- filan olmasa da, rayondan xeyli cavan gedirdi (S. Əhmədov).
Nöqtəli vergldən istifadə punktuasiyada incə məqamlardan sayıla bilər.
Növbəti yazımızda da punktuasiyanın bu tip problemli məqamlarından söhbət açacağıq.
İstifadə edilmiş ədəbiyyatın siyahısı:
1. Abdullayev Ə. və b. "Müasir Azərbaycan dili. Sintaksis, 2007
2. Azərbaycan dili, TQDK, dərs vəsaiti, 2010
3. Budaqova Z. Azərbaycan dilində durğuu işarələri, 1977.
4. Cəfərov N. Yazı mədəniyyətinin durğu işarələri, "Azərbaycan qəzeti, 23 fevral, 2018- ci il.
5. Dumanoğlu və İ. Əsgər. Müasir Azərbaycan ədəbi dilində durğu işarələri, 2016
6. Xəlilov B. Müasir Azərbaycan dili(sintaksis), 2017
7. İsmayılov R. və b., Azərbaycan dili, VII s. dərslik, 2008, səh.124)
8. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis, 2007.
9. Riyaziyyat. Dərslik, Çaşoğlu, 2009)
10.Seyidov Y. və Əsədova T. Azərbaycan dili, 9- cu sinif üçün, Çaşoğlu, 2005
11. Бабайцева В.В., Л. Ю. Максимов. Современный ркусский язык, 1987
12. Бабайцева В.В. Современный русский язык, 1987
13. К.И. Былинский и Д. Э. Розенталь. Трудные случаи пунктуации,М. 1965
14. Валгина Н.С. Трудные вопросы пунктуации,1983
15. Валгина Н.С. Синтаксис современного русского языка,2002
16. Гвоздев. Современный русский литературный язык, М 1973
17. М. В. Ломоносов. Российская грамматика
18. Правила русской орфографии и пунктуаци, Академия Наук СССР, 1956
19. Валгина, В. Н. Светлышева. Орфография и пунктуация, справочник, М. 2001
20. Пипченко Н.М. Справочник по пунктуации Минсг. БГУ 2009
22. Правила русской орфографии и пунктуации. Полный академический справочник Российская Академия Наук, М. 2007
23. Правила русской орфографии и пунктуации, Академия Наук СССР, М. 1956
24. Письмо А. П. Чехова Холопову от 11 марта 1913 года
25. Розенталь Д.Э. Русский язык. Орфография и пунктуация, М.2003
26. Розенталь Д. Э. Справочник по русскому языку. Пунктуация, 2002.
27. Шахматов А.А. . Синтаксис русского языка,М. 2001
28. Шапиро. Современный русский язык. Пунктуация, Просвещение, 1974
29. Шапиро А. Б. Основы русской пунктуации", М. 1955