Qazaxıstan rusiyalı teleaparıcıya ölkəyə girişi qadağan edib
22-01-2024 17:27 / Bu xəbər 753 dəfə oxundu
Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya televiziyasının aparıcısı Tina Kandelakinin ölkəyə girişinə qadağan qoyub.
"Azadlıq" radiosunun Qazax xidməti – "Azattık" bildirir ki, Kandelaki sosial mediada "Qazaxıstanda rus dilinin dövlət səviyyəsində sıxışdırlmasını” iddia edən post yazıb.
Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib ki, "dövlət belə şeyləri heç vaxt bağışlamır”.
O əlavə edib ki, Kandelaki heç vaxt Qazaxıstana gələ bilməyəcək, gəlsə də, sərhəddən qaytarılacaq.
Dəmir yolu stansiyaları
Xəbər verilir ki, Kandelakinin belə bir post yazmasına Qazaxıstan hakimiyyətinin bir neçə dəmir yolu stansiyasının adının dəyişdirilməsi olub.
Teleaparıcı Teleqramda yazıb:
"Respublikanın Nəqliyyat Nazirliyi bir neçə dəmir yolu stansiyalarının rusca adlarını qazax adları ilə əvəzləmək barədə qərar qəbul edib. Məsələn Uralsk adı Oral, Uzen adı Janaözen adı ilə əvəzlənib. Baltikyanının təcrübəsi göstərir ki, bu çox təhlükəli meyldir. Orda da hər şey xırda məsələlərdən başlanmışdı, sonra isə qar uçqununa çevrildi. Rus məktəbləri bağlandı, sovet abidələri yığışdırıldı., rus dili qadağan oilundu və nəhayət pensiyaçıları şaxtalı havada çölə atdılar".
Qazaxıstanlılar hiddətləniblər
Azattık xəbər verir ki, Kandelakinin postu sosial medianın qazax seqmentində kəskin reaksiya doğurub.
Məsələn postlarda yazırlar ki, Qazaxıstan müstəqil ölkədir və öz dəmir yolları stansiyalarını necə adlandırmağı qazaxıstanlılar həll edirlər.
Postlarda bu da qeyd olunur ki, qazaxlar sovet hakimiyyəti illərində itirilmiş dillərini geri qaytarırlar.
2022-ci ilin mayında Qazaxıstan RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun Tiqran Keosoyanı "Qazaxıstanın və qazaxıstanlıların ünvanına səsləndirdikləri fikirlərə görə "persona non grata” elan edib.
Bir il sonra Keosoyan "arzuolunmaz şəxslər” siyahısına salınıb və onun Qazaxıstana gireişinə qadağan qoyulub.