Qazaxstanda baş verənlərin bir adı var: XALQ ÜSYANI!

Qazaxstanda baş verənlərin bir adı var: XALQ ÜSYANI!

05-01-2022 18:34 / Bu xəbər 708 dəfə oxundu

Akif Qurbanov

Bizim ənənəvi konspiroloqlar (komplo teoristləri) yenə də hadisədə Rusiya və Qərb izi axtarırlar. Adətən, belə hadisələrdə bizim hakimiyyət və onun "dialoqçu" yandaşlarının da kürkünə birə düşür. 

Öz konspiroloji "nəzəriyyə"lərini şişirtməyə başlayır və Azərbaycandakı vəziyyətin tamamilə fərqli olduğunu cəmiyyətə sırımağa çalışırlar. Çünki varlıqları buna bağlıdır, özlərini mövcud situasiyadan kənarda görə bilmirlər. Ölkədəki siyasi status-kvo onların özünüifadəsi üçün yeganə məkandır... 

Etirazçı elektorata liderlik etmək istəyənlər də zaman-zaman belə hadisələr fonunda hansısa "hava"ya girir, görmək istədikləri vəziyyətin təsəvvürünü yaratmaq üçün yalan-doğru arqumentlər səsləndirir, baş verənlərdən düzgün nəticələr çıxara bilmirlər. Yaxşı olardı ki, heç olmasa bu dəfə təmkinlərini qorusunlar, cari siyasət yanaşmalarını kənara qoyub, strateji davranmağa çalışsınlar. 

Bəllidir ki, bu üsyanın yeganə "memarı" elə Nazarbayev idarəetməsidir. Təsir əks-təsirə bərabərdir: nə qədər ictimai-siyasi institutları məhv edəcəksənsə, insanlara öz potensialını sivil vasitələrlə ifadə etməyə imkan verməyəcəksənsə, tətbiq etdiyin zopa bir gün bumeranq effekti verəcək və daha ağır formada sənin özünə qayıdacaq... 

Tarixdə bütün üsyanlar spontan baş verib. İndi də elədir, yəni nə zamanı bilinir, nə də planlanır, - bir sözlə, gözlənilməz olur. Planlaşdırılmayan proseslərin isə nəticələri ağır ola, hətta ciddi uğursuzluqlarla da nəticələnə bilər. Bəzən qaçınılmaz olsa da,  bir çox hallarda bu, dəyişimin də yeganə üsuluna çevrilir. 

Təbii ki, üsyandan qaçmanın ən optimal variantı əsasən, hakimiyyətdən asılıdır. Lakin bu tipli hakimiyyətlər "kor tutduğundan buraxmayan" kimi ənənələrinə sadiq qalırlar. Çünki istək və arzuları, həmçinin pis əməllərindən törəmiş qorxuları başqa cür davranmağa imkan vermir. 

Ona görə də hakimiyyətdən "yumşalma xülyaları" gözləntilərinə girmədən cəmiyyətin proqressiv insanları gərək toparlanmağı, cəmiyyətin müqavimət gücünü formalaşdırmağı bacara bilsinlər. Bu da ilk növbədə alt yapı - fundamental məsələlərinin həllindən keçir.