Qiyas İbrahim DTX-ya aparılıb
28-09-2020 18:27 / Bu xəbər 1715 dəfə oxundu
"Özlərini Hərbi Komissarlığın əməkdaşları kimi təqdim etsələr də, sonradan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) gəldiklərini bildiriblər”
Gənc fəal Qiyas İbrahimovun saxlandığı bildirilir.
Bu barədə Meydan TV-yə onun anası Şura Əmiraslanova məlumat verib.
Ş.Əmiraslanovanın bildirdiyinə görə, evlərinə gələnlər öncə özlərini Hərbi Komissarlığın əməkdaşları kimi təqdim etsələr də, sonradan Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) gəldiklərini, Qiyası da ora aparacaqlarını bildiriblər.
"Deyəndə ki, "hərbi komissarlıqdanıq, səbərbərliyə görə Qiyası cəbhəyə aparmağa gəlmişik”, onlara bildirdim ki, bu mümkün deyil. Çünki Qiyas ağır cinayətə görə məhkum edilib, hərbi xidmətə aparıla bilməz. Amma əhəmiyyət vermədilər. Sonradan dedilər ki, Dövlət Təhlükəsizliyi Xidmətin əməkdaşlarıdır”, - deyə Ş.Əmiraslanova bildirib.
Ş.Əmiraslanovanın dediklərinə DTX-dan münasibət öyrənmək mümkün olmayıb.
İctimai fəalın DTX-ya aparılmasına səbəb kimi sosial şəbəkədə müharibə əleyhinə paylaşımları göstərilir.
Q.İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” şüayı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilmişdi. O, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi. Beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu "vicdan məhbusu” adlandırmışdı.












