Rafiq Tağının ölümü - 9 ildir, dayanan araşdırma

Rafiq Tağının ölümü - 9 ildir, dayanan araşdırma

23-11-2022 23:00 / Bu xəbər 1286 dəfə oxundu

23 noyabr yazarın ölüm günüdür

Müəllif: Hüquqşünas Yalçın İmanov

Yazıçı və publisist, doktor Rafiq Tağının qətlə yetirilməsinin ötən 11 ilinin yalnız ilk illəri qətlinin araşdırılmasına həsr olunub. Bir az da dəqiqləşdirsək, ilk iki ilindən də az bir müddəti. 2011-ci ilin 20 noyabrından, 2013-cü ilin 8 noyabrınadək olan dövr.  

20 noyabr 2011-ci ildə yazıçının bıçaqlanması faktı əsasında Xətai Rayon Polis İdarəsində başlanan cinayət işi sonradan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinə tövsif edildi və istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərildi. Həmin idarənin müstəntiqinin araşdırmalarının yekununda – 8 noyabr 2013-cü ildə cinayət işi üzrə icraat dayandırıldı. Dayandırmanın səbəbi banal, amma "tutarlı” arqumentə söykənirdi: Cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmayıb. 

Qalan 9 illik dövr – 2013-cü ilin 8 noyabrından bu yana, istintaq passiv mərhələyə daxil olub və buvaxtadək elə o mərhələdə də ilişib qalıb. 

Cinayət prosessual qanunvericilikdə cinayət təqibi üzrə icraatın dayandırılması üçün 7 əsas sadalanır. Həmin əsaslardan biri də təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmamasıdır. Bu sadə dildə o deməkdir ki, bütün istintaq və prosessual hərəkətlərin həyata keçirilməsinə baxmayaraq, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmayıb.  Bir az da sadələşdirsək, istintaq orqanı cinayətin kim və yaxud da kimlər tərəfindən törədilməsi barədə hər hansı məlumata malik deyil.
  
Rafiq Tağının qətlə yetirilməsi işi üzrə 8 noyabr 2013-cü il tarixli cinayət təqibinin dayandırılması qərarı da məhz bu prosessual əsasa istinad edir.

Ancaq, belə bir qərarın qəbul edilməsindən əvvəl istintaq orqanı təqsirləndirilən şəxs olmadan bütün mümkün istintaq və prosessual hərəkətləri vaxtında və keyfiyyətlə aparmalı, həyata keçirməlidir.

Hərçənd, doktorun qətlə yetrilməsi işi üzrə bütün mümkün istintaq və prosessual hərəkətlərin vaxtında və tam həcmdə həyata keçirilməsi, sübutların vaxtında əldə olunması və tədqiq edilməsi ciddi şübhə doğurur. Bu şübhənin əyani təsdiqi kimi, yazıçının bıçaqlanmasını araşdıran Müstəqil Təhqiqat Qrupunun cinayət təqibi orqanından əvvəl hadisə yerinə baxış keçirməsini, iş üçün qiymətli olan kamera görüntülərini izləməsini, hadisə baş verən perimetr üzrə şahidlərlə söhbətləşməsini, iş üzrə bəzi məhkəmə-tibbi ekspertizaların vaxt itkisiylə - gecikməylə təyin edilməsini və s. göstərmək olar.    

Eyni fikri istintaq orqanının cinayət hadisəsinin baş vermə səbəbini əsasən məişət səviyyəsində məhdudlaşdırması, Müstəqil Təhqiqat Qrupu, o cümlədən zərəçəkmiş şəxsin hüquqi varisi ilə hər hansı, o cümlədən fəal əməkdaşlıqdan imtina etməsi və s. barədə də söyləmək olar.   

Belə olan halda isə, cinayət təqibinin tezliyinə əməl edildiyini və sübutların vaxtında əldə olunub, tədqiq edildiyini iddia etmək mümkün deyil.  

Cinayət təqibi üzrə icraatın dayandırılması mahiyyət etibarilə araşdırmaya məcburi, amma müvəqqəti fasilə verilməsidir və bu obyektiv səbəblərdən, faktorlardan qaynaqlanmalıdır. Doğrudur, bu müvəqqətilik bəzən qeyri-müəyyən müddəti də əhatə edə bilər, amma bütün hallarda icraatın taleyinin qəti şəkildə yekunlaşmadığını, həll edilmədiyini göstərir. 

Ancaq dayandırma heç bir halda tam hərəkətsizliklə, sükunətlə də assosiasiya olunmamalıdır. Həmin vaxt ərzində cinayət təqibi orqanı iş üzrə icraatın dayandırılmasına səbəb olan halları aradan qaldırmağa yönələn tədbirlər görməli, müstəntiq özü və ya təhqiqat orqanı vasitəsilə bir sıra hərəkətləri reallaşdırmalıdır. Həmin hərəkətlərə təhqiqat orqanlarına tapşırıqlar verilməsini, digər hüquq mühafizə orqanlarına sorğular göndərilməsini, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlarla məlumat mübadiləsini və s. aid etmək olar.
 
Azərbaycanda bütün açılmayan cinayət işləri ilə bağlı nəinki cəmiyyətə, bir çox hallarda heç zərərçəkmiş şəxsin ailə üzvlərinə belə hər hansı məlumat verilmədiyindən, 2013-cü ilin 8 noyabr qərarından sonra istintaq orqanının icraatın dayandırılmasına səbəb olan halı aradan qaldırmağa yönələn hansı tədbirlər gördüyü, R.Tağını qətlə yetirən şəxsi və yaxud da şəxsləri müəyyən etmək, tapmaq üçün hansı növ əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə bağlı tapşırıqlar verdiyi məlum deyil. Halbuki, bu cinayət işinin əhəmiyyəti, miqyası və yaratdığı səs-küy onun gedişatı barəsində cəmiyyətin vaxtaşırı məlumatlandırılmasını tələb edirdi. 

Qanunvericiliyin tələbinə görə, müstəntiq o cümlədən zərər çəkmiş şəxsi, onun nümayəndəsini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara həmin qərardan şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. 

Ancaq, yazıçının qətl işində nəinki bu tələbə riayət edilib, hətta onun hüquqi varisinin və nümayəndəsi olan vəkilin dayandırma qərarının surətini əldə etməklə bağlı bütün qanuni cəhdləri heç bir səmərə verməyib. İstintaq həmin qərarını surətini hər dəfə müxtəlif bəhanələrlə verməkdən imtina edib, məhkəmə isə qərardan şikayətləri, qərarın surəti şikayətə əlavə olunmadığı əsası ilə geri qaytarıb. 

İstintaq və ya onun nəticələrinə ictimai nəzarətin kifayət qədər mexanizmi olmayanda, hesabatlılıq da xəyala çevrilir. Başqa sözlə, doktorun cinayət işinin istintaqı və onun nəticəsizliyi cəmiyyətin nəzarətindən və təftişindən də kənardır.

Bütövlükdə isə cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxan kimi, icraat da təzələnməli və istintaq davam etdirilməlidir. Yəni, dayandırma prosedurunun özü yalnız istintaqın davam etməsinə yaranmış maneəni aradan qaldırmaq üçün lazımdır. İşin dayandırılması institutu cinayət-prosessual hüquq sistemində öz məqsədinə o halda çatmış olur ki, o, həm də icraatın bərpası mexanizmini özündə ehtiva etsin. 

Ancaq Rafiq Tağının işi üzrə istintaqın nə vaxtsa bərpa olunub, təzələnəcəyinə, 8 noyabr 2013-cü il tarixli qərarın ləğv edilib, araşdırmanın adi qaydada davam etdiriləcəyinə zəif inam ifadə etmək də sadəlövh təsir bağışlayır. Hətta onun qətlinin ən çox tirajlanan versiyası - İran faktoru belə Azərbaycanla bu islam respublikasının siyasi münasibətlərinin misli görünməmiş səviyyədə kəskinləşdiyi və hər an az qala silahlı qarşıdurmaya keçid ərəfəsində olduğu bu günlərdə istintaqın canlanması üçün münbit zəmin kimi çıxış etmir. 

İki ölkənin davamlı qarşılıqlı casus ovu və digər çeşidli cinayət ittihamaları "mübadiləsində” publisistin cinayət işi bütün məntiqi qanunauyğunluğa zidd olaraq niyəsə heç cür yada düşmür və güman ki artıq tozlanmış dosye Baş Prokurorluğun İstintaq İdarəsinin arxivində ağzıgünə qalmaqdadır. 
             
Bağlı cinayətlərin qatının açılmamasının cəmiyyətə verdiyi qarışıq latent ismarıclar var.  Onlardan biri də cinayətkarlığa qarşı dövlət siyasətinin konkret kriminal nümunələrdə hansısa obyektiv səbəblərdən uğursuzluğudur. Belədə işin araşdırılmasının davam etdirilməsinə mane olan mürəkkəb halların mövcudluğu və onların aradan qaldırılmasına zəruri fasilələrin lazım olduğu məntiqi və arqumentli, eləcə də bəraətverici hesab edilir.

Hərçənd Rafiq Tağının işini bu sıraya aid etmək mümkün deyil. 

Dövlətin yaşamaq hüququ ilə bağlı təqsirkarların müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara bilən səmərəli araşdırma aparmaq öhdəliyi nəticə deyil, vasitələrlə bağlı öhdəlikdir. 

Bunu təhqiqat standartı, araşdırma düsturu da adlandırmaq olar.  

Yəni yaşamaq hüquqna qəsd zamanı hakimiyyət orqanları arsenalında olan ağlabatan bütün hüquqi addımları atmalı və təqsirli şəxslərin müəyyən edilməsinə xələl gətirən hər hansı çatışmazlıqlardan yayınmalıdır. Əks halda sözügedən təhqiqat standartının, düsturun pozulma riski yaranır.

Ötən 11 ilin yığcam analizi belə Rafiq Tağının qətlinin təhqiqatının bu sübut standartından çox kənarda qaldığını nümyaiş etdirir...