“Saakaşvili emosional qərarlar verir, amma...” - Yuşşenko
18-10-2015 03:12 / Bu xəbər 1544 dəfə oxundu
"Korrupsiya bu gün Ukraynanın doğrudan da ən əsas problemlərindən biridir. Təəssüf ki, korrupsiya bizim ölkəmizdə nəinki azalmır, əksinə, daha da çiçəklənir”.
Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.
Sabiq prezidentin sözlərinə görə, Ukraynada korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan 100-dən çox qanun var, lakin onlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir: "Korrupsiyanın kökünü kəsmək üçün atılan addımlarda, görülən işlərdə hansısa formada bir sistemsizlik müşahidə olunur. Deməli, Ukraynanın hazırkı hakimiyyəti bu bəla ilə mübarizədə daha çox fəallıq və qətiyyət göstərməlidir. Əks halda o, cəmiyyətin dəstəyindən birdəfəlik məhrum olacaq”.
V.Yuşşenko müxbirin "elə təəssürat yaranmırmı ki, sizin ölkədə yalnız Odessanın qubernatoru Mixail Saakaşvili korrupsiya ilə ciddi mübarizə aparır” sualını belə cavablandırıb: "Mən Saakaşvilini çoxdan tanıyıram. Məncə, o, uğur qazanacaq. Korrupsiya ilə mübarizə Saakaşvilinin həyatının ən böyük amalı və stimuludur. Doğrudur, Saakaşvili bəzən həddən artıq emosional qərarlar verir. Amma onun korrupsiya ilə mübarizədəki səmimiyyətinə əsla şübhə etmirəm”.
Arqument.Az












