Saleh Rüstəmov quru aclığa başlayıb

Saleh Rüstəmov quru aclığa başlayıb

13-12-2021 17:23 / Bu xəbər 1663 dəfə oxundu

Qardaşı Taleh Rüstəmov da aclıq aksiyasına qərar verdi

Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, 38 gündür həbsdə aclıq edən Saleh Rüstəmov artıq su və dərman qəbulundan da imtina edib. 

Bu barədə onun oğlu Sezgin Rüstəmov məlumat verərək bildirib ki, atası dekabrın 13-dən quru aclığa keçib.

Yaxınlarının bildirdiyinə görə , Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Saleh Rüstəmovun ailə üzvlərilə görüşməsinə 10 gündür ki, icazə verilmir. 

"Görünür, kimlərsə Saleh Rüstəmovun ölümündə maraqlıdır"

Ailə üzvləri deyir ki, Saleh Rüstəmovla görüşmək imkanları olanda onu quru aclığa keçmək fikrindən daşındıra bilirdilər: "Görünür, kimlərsə Saleh Rüstəmovun ölümündə maraqlıdır. Ona görə öz addımları ilə onun ölümünü sürətləndirirlər”.

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov onun durumunun ağır olduğunu bildirib: "Saleh Rüstəmov mənə cox pis olduğunu, artıq tükəndiyini dedi. Ancaq bu barədə heç kimə deməməyimi xahiş etdi. Mən isə bunu gizli saxlaya bilmərəm”.

Bugünlərdə Penitensiar Xidmət Saleh Rüstəmovun durumuyla bağlı yaydığı açıqlamada bildirib ki, onun qida qəbulundan imtina etməsi ilə əlaqədar səhhəti daim həkim nəzarətindədir. 

O, dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub: "Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda, respublikada səfərdə olan türkiyəli psixoloqların Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib”.

"Adil Qeybulla Saleh Rüstəmovun yanına buraxılıb"

Açıqlamada vurğulanıb ki, dekabrın 7-də Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla Saleh Rüstəmovun yanına buraxılıb, onu müayinə edib: "Vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”.

Saleh Rüstəmovun vəkilləri Bəhruz Bayramov və Aqil Layıc onun vaxtında əvvəl azadlığa buraxılması üçün dekabrın 6-da Nizami Rayon Məhkəməsinə müraciət edib. 

Bu ərizə hakim Nəriman Mehdiyevin icraatına verilib, amma məhkəmənin vaxtı məlum deyil.

"Hüquqi mexanizm olaraq, biz əlimizdən gələni edirik ki, onu həyata və azadlığına qovuşduraq. Onun ciddi xəstəlikləri var, eyni zamanda, böyrək çatışmazlığından da əziyyət çəkir. Məhz bu halları nəzərə alaraq, məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm, bu hüquqi prosedur müsbət qarşılanacaq və o, həm azadlığına, həm də sağlamlığına qovuşacaq”, – vəkil Aqil Layıc bildirib.

Vəkil əlavə edib ki, Nizami Rayon Məhkəməsi Saleh Rüstəmovun işi ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən sənədləri tələb edib.

Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov da aclıq aksiyasına başlayıb. 

Bu barədə T.Rüstəmov özü Meydan TV-yə deyib.

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

O, 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. 

Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.
 
Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.