“Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya: saxlanılanlar var

“Saleh Rüstəmova azadlıq” tələbi ilə aksiya: saxlanılanlar var

01-12-2021 16:53 / Bu xəbər 4004 dəfə oxundu

Saxlanılan fəalların 9-cu və 39-cu polis bölmələrinə aparıldığı deyilir

Dekabrın 1-də paytaxtın "Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub.

Mitinq başlanmazdan əvvəl polislər ərazini mühasirəyə alsalar da, tədbirin iştirakçıları "Fəvvarələr bağı”na daxil ola biliblər.

Onlar "Saleh Rüstəmova azadlıq!” şüarını səsləndiriblər.

Amma polislər imkan verməyib və şüar səsləndirənləri zorla polis maşınlarına mindirərək ərazidən uzaqlaşdırıblar. Aparılarkən aksiyaçı qadınlardan biri yerə yıxılıb. Polislər onu sürüyüblər.

Aksiya zamanı mülki formalı polislər "Toplum TV”-nin jurnalistini hədələyiblər. Onlar jurnalistə "bizi çəksən, aparatını alıb cilik-cilik edərik” deyə bildiriblər.

Aksiyada Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmova, Nigar Həzi, Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Mətanət İsmayıl, Emin Xəlil, Novruz Əliyev, Fərid İmanov, Əmrah Təhməzov, Əhməd Məmmədli, Zəfər Əhmədov, Ayxan Hacıbəyli, Elman Quliyev, Əziz Məmiyev, Namiq Abbasaliyev, Babək Həsənov, İlham Hüseyn, Saqif Qurbanov, Elnur Quliyev, Tünzalə Əmirova, Mehriban Hüseynli, Afa Cəfərova, Səyyad Quliyev, Mehriban Rəhimova, Əli İmanxanlı və digərləri saxlanılıb.

Noyabrın 30-da ictimai fəallar Mete Türksoy və İlkin Rüstəmzadə "Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiya keçirəcəklərini bildiriblər.

Aksiya başlanmazdan əvvəl Mete Türksoyun saxlanıldığı haqda məlumat yayılıb.


Aksiya, Foto: Meydan TV

Saleh Rüstəmov 26 gündür ki, aclıq aksiyası keçirir. O, həbsinə və yaxınlarının əmlakına, həmçinin ata evinin müsadirə olunmasına etiraz edir.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.

O, 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd ediblər.

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.///meydan.tv