Şəkidə etiraz aksiyasında yolu bağlayıblar
24-06-2023 14:08 / Bu xəbər 869 dəfə oxundu
İyunun 23-də Şəki rayonunda bir qrup yerli sakinin qısa bir müddətə magistral yolu bağladığı bildirilir.
Yerli sakinlərin yaydığı məlumata görə, onlar deyiblər ki, dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə, təsərrüfatlarına ciddi ziyan dəyib.
Məlumatlara görə, habelə aksiya iştirakçıları onlara kömək edilmədiyindən şikayətlənərək hakimiyyət orqanlarını biganəlikdə günahlandırıblar.
Şəki Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı "Qafqazinfo”ya münasibət də bildirilib.
Vurğulanıb ki, iyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
Şəki Rayon İcra Hakimiyyətindən deyildiyinə görə, dəymiş maddi ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyası evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib:
"Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün (iyunun 23-də) magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”.