Sevinc Vaqifqızına ithaf olunmuş hekayə: Şiş
06-01-2025 00:39 / Bu xəbər 262 dəfə oxundu
Azad Qaradərəli
(H e k a y ə)
Hazırda dustaq həyatı yaşayan jurnalist Sevinc Vaqifqızına
Mağaradan çıxan ilk insanın çəkdiyi divar, tikdiyi ev onun azadlığının məhdudlaşdırılması idi. Nə qədər mədəni hadisə olsa da, ilk ev həm də insanın özünün özünü ora gömdüyü həbsxanası sayılmalı. Sonralar insan oğlu daha böyük evlər, o evlərdən bir qədər aralıda əsl həbsxanalar tikəcəkdi...
Həbsxananı evdən ayıran insan mədəniyyətlə barbarlığın sərhədlərində ilişib qalmışdı. Əcəba, həbsxana hansına aiddi? Mədəniyyətəmi, barbarlığamı? Babalarımızın türmə dediyi bu qapalı müəssisədə nələrin baş verdiyini bir bilsəniz?!
Bu kiçik hekayətdə o türmədəki böyük-böyük olayların içindən xəmir acıyanda şişdiyi kimi şişib qalxan yupyumru bir nəsnədən söz açacağıq...
***
Türmədə çox şey çatışmır.
Ən əsası isə havadır.
Oksigendir.
Havalı insanların işi orada daha çətin olur.
Şarı partladıb havasını alan kimi havalı insanların da havasını almaq üçün türməyə tıxayırlar.
Burada hər tərəf divardır. Pəncərəsiz. Yalnız orta divarda kiçik bir nəfəslik var. Biz bu qutu kimi barakda növbə ilə ayağımızın altına stul qoyub ora qalxır, ağzımızı o nəfəsliyə dayayıb çoxlu hava udmağa çalışırıq (İlahi, çöldə olanda "qutu kimi” sözünü necə sevə-sevə işlədərdik.”Qutu kimi kostyum”, "Qutu kimi ayaqqabı”... İndi isə ironiya ilə... Burada ironiyasız keçinmək olmur. Çünki həyat səninlə ironiya ilə danışırsa, sən də ona eyni üz göstərməsən, sınarsan).
Tərslikdən türmənin dəmirdən olan kiçik nəfəsliyinin pəncərəciyəzi heç cür yerində durmurdu. Kimsə üzü üzlər görmüş adamlar kimi paslanıb sifətini itirən bu nəfəsliyin dəmir çərçivəsini və qəribə əndirəbadi həngaməsini yağlamışdı deyə ağır pəncərəciyəz bir neçə saniyə açıq qalandan sonra öz-özünə qapanırdı. Yox e, qapanır nədi, şaqqıltı ilə bağlanır, içəridə nəfəs almaq olmurdu. Barakda bərk bir əşya yox idi ki, nəfəsliyin zindan kimi ağır dirsəyinin dabanına qoysunlar, içəridəki hava çirklənməsin.
Ədyalı, mələfəni büküb qoysalar da, ağır dirsək az sonra onu basıb əzir, yenə nəfəslik bağlanırdı. İçəridəkilər şirin yuxuda ikən hamının Gözəl çağırdığı gənc qız bir az düşündü, nəhayət, ayağa qalxıb qolunu ədyala bükərək nəfəsliyin ağır çərçivəsinin altına qoydu...
Əlbəttə, bu vəziyyət yarım saata qədər içərini təmiz hava ilə təmin etdi, lakin tezliklə Gözəlin rəngi ağardı, qolu isə qəcidi. Artıq səsə oyanmış barak yoldaşlarından biri yarı-xoş, yarı-güc onun qolunu dartıb dəmir dirsəyin ağzından aldı...
***
Qızın qolunda iri bir şiş yaranmışdı. Görüş zamanı vəkili bunu görüb həyəcanlandı.
- Bu nədi?! Haçandan yaranıb qolunda? Niyə qabaqcadan bildirməmisən?!
Qız isə gülümsədi:
- Bu çöldəkilərin dərdini çəkməkdən olub... İçəridəkilər bilirlər ki, türmədədirlər, amma çöldəkilər harda olduqlarını belə bilmirlər... Onlara acımaqdan yaranıb bu şiş...
Səhəri vəkilin ağzından çıxan bu kəlmə ildırım sürəti ilə şəhərə yayıldı. Hətta bir həkim bunu belə yozmuşdu: "İnsan bədəninin müəyyən hissəsində yaranan ödəm gec-tez cəmiyyətə də nüfuz edəcəkdir. Ona görə...”
Bir gənc bloqçu isə həkimə etiraz etmişdi: "Ödəm alınma sözdür, şiş demək lazımdır. Biz axı müstəqil ölkənin vətəndaşlarıyıq”.
Soyadı hələ də - ovla bitən dilçi-alim isə həkimi topa tutmuşdu: "Ödəm sözü bizi min il geriyə salır. Gül kimi şiş ola-ola niyə axı ödəm?!”
Dil qurumunun üzvü olan Xalq şairi də qəzəblənmişdi: "Artıq 2025-ci ildir! Ayılın! Nə vaxta qədər köləlik zəncirində qalacaqsınız?! Ödəm nədir?! Şişimiz var olsun!”
Dilçilər Birliyi isə təcili toplantı keçirilmiş, ödəm kəlməsini lüğətdən çıxartmaq üçün qərar qəbul edilmişdi... (Ən gülməlisi isə o idi ki, gənc bloqçu araşdırıb görmüşdü ki, heç ödəm sözü orfoqrafiya lüğətində yeri-dibli yoxmuş. "Olmayan şeyi necə çıxardırlar bəs?!” – deyə o ironiya ilə yazmışdı).
Müstəqil ölkənin övladı olan şiş sözü, nəhayət ki, azadlığına qovuşaraq vətəndaşlıq hüququ qazanmışdı...
01.01.2025