Siyasi şərhçi: "Bakı Moskvaya nə irad tutsa, haqlıdır"
28-12-2020 14:40 / Bu xəbər 820 dəfə oxundu
Sülhəddin Əkbər: "Yubanmadan Türkiyə ilə hərbi sazişi imzalanmalıdır"
"Qondarma separatçı qurumun Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın "Əsgəran, Hadrut və Azərbaycan nəzarətinə keçən digər ərazilər vaxti ilə geri qaytarılacaq və bu istiqamətdə addımlar atılır” bəyanatından 2 gün sonra təmas xəttində 27 dekabr olayının baş verməsi təsadüfü deyil".
Bunu Meydan Tv-yə siyasi təhlilçi Əhməd Əlili Xocavəndə atəşkəsin pozulmasını şərh edərkən deyib.
O bildirib ki, hazırkı status-kvo separatçıların yox, Azərbaycanın xeyrinə olduğundan 27 dekabr olayının baş verməsi təsadüfü sayıla bilməz: "Ermənistan status-kvonu dəyişmək üçün bütün mümkün vasitələri işə salır. Bunun üçün Rusiya sülhməramlıları ilə Azərbaycan arasında müəyyən narazılıq yaratmağıa çalışırlar. 26 dekabrda Xocalıda rus hərbçilərinə mükafatlandırma mərasimi keçirilmişdi, eyni zamanda Balasanyanın məqsədli bəyanatı və bu cür hərəkətlər Azərbaycan və Rusiya arasında həll olunmuş məsələləri narazılıq kateqoriyasına daxil olmasına şərait yaradırlar. Amma Azərbaycan tərəfi haqlı olaraq bildirib ki, 10 noyabr bəyanatının dördüncü bəndinə uyğun olaraq paralel olaraq sülhməramlılar əraziyə daxil olmaqla silahlılar çıxarılmalıydı. Belə olanda ərazidə əli silahlıların hələ də qalması Moskva ilə Bakını üz-üzə qoymaq məqsədi daşıyır. Bütün hallarda Bakı əli silahlıların çıxarılması məsələsində Bakı Moskvaya nə irad tutsa, haqlıdır”.
Əhməd Əlili
Mənbə: google.az
Əhməd Əlili Ermənistandakı daxili mübarizənin son olayla bağlılığını istisna etmir: "Ona görə də Balasanyan kimi xırda rütbəli hərbçiləri təxribatlara əl atmaqla siyasi bonus qazanıb bunu Ermənistda hakimiyyət uğrunda mübarizədə istifadə etmək istəyirlər”.
Sülhəddin Əkbər: "Türkiyə ilə birgə hərbi postlar qurmalı və patrul xidməti təşkil etməliyik"
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, elmi və dini baxışa görə həyatda təsadüf yoxdur, xüsusilə siyasi-iqtisadi olaylarda hər bir hadisənin səbəbi var: "Rusiya sülhməramlılarını ölkəyə buraxandan sonra həyacan təbilini ona görə çalırdıq ki, problemin arxasında Moskvanın olduğunu söyləyirdik. Həm Ermənistan, həm də Rusiya separatçılara bütün mümkün vasitələrlə dəstək verəcək, onlar da bundan ürəklənib hər cür təxribata əl atacaqlar”.
Sülhəddin Əkbər
Mənbə: Meydan TV
Sülhəddin Əkbərin qənaətincə, Rusiya ərazidə möhkəmləndikdən sonra yenidən kəşfiyyat və əks-kəşfiyyat mövqelərini gücləndirəcək: "Azərbaycan da müstəqil siyasət apardıqca, daha ciddi təxribatlarla qarşılaşa bilər. Ona görə yubanmadan Türkiyə ilə hərbi saziş imzalanmalıdır, qardaş ölkənin hərbi bazaları Azərbaycanda yerləşdirilməlidir. Eyni zamanda, Azərbaycan nəzarətində olmayan ərazini tam mühasirəyə almalıdır. Birinci, 5 kilometrlik Laçın dəhlizinin nəzarətini təmin etməli, sərhəd və gömrük xidməti təşkil edilməlidir, bütün daşınan mallara nəzarət olunmalıdır. İkinci, Türkiyə ilə birgə hərbi postlar qurmalı və patrul xidməti təşkil etməliyik. Üçüncü, mümkün qədər tez nəzarətimizdə olmayan əraziləri təmizləməli, orda Azərbaycan hakimiyyət orqanlarını bərpa edib azərbaycanlıları qaytarmalıyıq”.
Dekabrın 27-də Xocavənd rayonu ərazisində insident baş verməsi nəticəsində Azərbaycan hərbçisi Elmir Qəmbərov həlak olub.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Nazirlik silahlı qrupun 6 üzvünün öldürüldüyünü açıqlayıb.