Talibanın qalibiyyəti

Talibanın qalibiyyəti

16-08-2021 09:51 / Bu xəbər 2893 dəfə oxundu

Bəhruz Səmədov

Talibanın qalibiyyəti və triumfu bir çox proqressiv düşüncəli insan üçün kədərli hadisədir. Ancaq unutmaq olmaz ki, yerli əhalinin dəstəyi olmadan bu cür rahat qalibiyyət mümkün olmaz. 

Bu necə baş verdi?

Talibanın son illərdə götürdüyü taktika İslam dəyərləri altında bütün Əfqanıstanı bir milli dövlət kimi əlinə almaq idi. Etnik ayrı-seçkilik olmadan, hətta şiə-hazaralara qarşı belə inklüziv davranaraq, Taliban öz məqsədlərinə çatdı. Burada həm də Taliban lideri Heybətullah Axundzadənin də rolu böyükdür. 

Taliban yaradıcısı Molla Ömərdən fərqli olaraq, Heybətullah Axundzadə daha yumşaq siyasət aparırdı və Talibanın mübarizəsini lokallaşdırırdı. Buna görə də xarici qüvvələr Talibanın hakimiyyətə gəlməsini başa düşüb, onunla razılığa gedə bildilər - Çin üçün uyğur məsələsi, Rusiya üçün isə müttəfiq ölkələrə qarşı təminat alındı.

Burada həm də İslam dövlətinin məğlubiyyətinin rolu var. İŞİD yarananda bir çox islamçı hərəkat ona qoşuldu, Əfqanıstan əvəzinə cihadçılar Suriyaya getməyə başladılar. 

Orada da bir çox məşhur islamçı öldürüldü, Taliban isə lokallaşdı. Orta asiyalı islamçılar İD-yə biyyət etdilər, bu da Taliban üçün rahatlaşdırıcı hal oldu: onların mübarizəsi tam lokal səviyyəyə endi. 

Əlavə olaraq, Taliban Pakistan talibanı ilə də maksimum distansiya yaratmağa çalışdı. Pakistan Talibanı tanıdığımız əfqan Talibanından qat-qat daha radikal, daha terrora meyilli hərəkatdır və əsas məqsədi Pakistana qarşı ən qanlı metodlarla mübarizə aparmaqdır.

Talibanın qalibiyyətində həm də sadə xalqın Kabul administrasiyasından narazılığı, koalisiya qüvvələrinin çoxsaylı dinc insanları səhvən dronlarla vurması oldu. Bütün bunlar Talibanı xalq gözündə qəhrəman, xalqı təmsil edən qüvvə etdi. 

Taliban da öz növbəsində heç vaxt özünə müxalifət hərəkat kimi baxmadı, əskinə, özünü Əfqanıstan İslam Əmirliyi adlandırdı və legitim hakimiyyət hesab etdi, regionlarda hər zaman rəsmi hakimiyyət və məhkəmə ilə yanaşı, Talibanın təyin etdiyi gizli əmirlər və şəriət məhkəməsi fəaliyyətdə oldu.

İndiki halda Taliban qalibdir və dünya birliyi bununla barışır. Çətin günlər isə orada yaşayan proqressiv kəsimi gözləyir. Çox güman ki, yaxın zamanda onları Qərb qüvvələri Əfqanıstandan xilas edəcək. 

Taliban da buna mane olmayacaq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.