Türkiyə seçkiləri və demoqrafiya

Türkiyə seçkiləri və demoqrafiya

01-04-2024 22:46 / Bu xəbər 823 dəfə oxundu

 

Xalid Bağırov

Türkiyə Cümhuriyyətinin tarixi boyu formalaşan qütbləşmiş cəmiyyəti mövcuddur. Bu sosial bölünmüşlük həmişə seçimdə də öz əksini tapır. Türklər demişkən, kəmikləşmiş müzafizəkar və layik (dünyəvi) seçmənlər var.

Təbii ki, hər zaman mühafizəkar partiyaların, son 22 ildə isə əsasən AKP-nin elektoratını təşkil edən iç Anadoluda yaşayan və xüsusən kəndlərdən ibarət olan bu seçicinin demoqrafik strukturu dəyişməkdədir.

Anadoluda ikinci demoqrafik keçid baş verməkdədir. 

AKP-nin Anadolunu, öz seçməninin uzun illər iqtisadi olaraq gücləndirməsi də bu demoqrafik keçidi sürətləndirdi.

İkinci demoqrafik keçid nədir? 

İkinci demoqrafik keçid, şəhər əhalisinin kənd əhalisini üstələməsidir.
 
Əhalinin şəhərləşməsi (urbanlaşması) gətirdiyi nəticələr aşağıdakılardır:

1) Ailə institutu kənddə olduğu mənasını daşımır və boşanmalar asanlaşır;
2) Ailə qurmağa meyli olmayan və tək uşaq böyüdən əhali artır;
3) Uşaq doğumu azalır, ailələr maksimum 1-2 uşaq doğmağa meyli olur.

Bu gün Türkiyədə hər qadına ortalama 1,45 uşaq düşür. Ərdoğan nə qədər rəbiyə göstərib, hər ailəyə 4 uşaq təbliğatı aparsa da, demoqrafiya sifarişlə işləmir. 

Demoqrafiya sosial iqtisadi faktorlara bağlıdır. 

Mühafizəkarlar, o cümlədən avtoritar siyasi hərəkatlarının ən çox can atdığı biopolitika (Mişel Fuko) və nekropolitika (Aşil Mbembe) həm də onların zəif yeri olur.

Türkiyə də ümumilikdə ikinci demoqrafik keçid ötən əsrin 80-lərinin sonunda, 90-ların əvvəlində baş vermişdi. 1990-cı ilin göstəricilərinə görə əhalinin 43.9% kənd əhalisi, 56.1% -ni şəhər əhalisi təşkil edirdi.

Əgər dünyəvi seçicilərin olduğu qırmızı zolaqda ikinci demoqrafik keçid, çoxdan baş verib oturuşsa da, iç Anadoluda bu  proses son 20 ildə baş verdi. İç Anadolu şəhərlərinin sənayeləşməsi və iqtisadi yüksəlişi bu şəhərlərin müasirləşməsini şərtləndirdi. 

Kənd əhalisinin şəhərə köçməsi ilə tam urbanlaşması üçün minimum 30 il lazımdır. Yalınz üçüncü nəsildə əhali özünü tam şəhərli kimi hiss edir və davranır. 

Yeri gəlmişkən, bunu öyrənən Almaniyaya köçmüş türk köçmənləri ilə bağlı aparılmış araşdırmalar var, onlara əsasən yalnız üçüncü nəsil köçmənlər özünü yerli almanlar kimi aparırlar. Beləliklə, Türkiyədə illər boyu kəmikləşən və artan mühafizəkar kəsimin yaxın dövrlərdə artması yox, azalması gözlənir. 

Bu seçkilərə yeni demoqrafik situasiyanın işığında baxmaq lazımdır.