Görkəmli korrupsioner deputat böyük ziyalı rolunda

Görkəmli korrupsioner deputat böyük ziyalı rolunda

09-04-2024 12:52 / Bu xəbər 781 dəfə oxundu

Cəmil Həsənli

Belə getsə, London Yüksək Məhkəməsi böyük uyğur mütəfəkkiri Mahmud Kaşğarinin və onun təkrarsız dil abidəsi olan "Divanü Lüğat-it-Türk" əsəri üzərinə də həbs qoyacaq. Dünən oxudum ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun  təsisçiləri xalq yazıçısı Anar və Elxan Zal Qaraxanlı Fondun yeni rəhbəri kimi Milli Məclisin deputatı Cavanşir Feyziyevin namizədliyini irəli sürüblər. Cavanşir Feyziyev Mahmud Kaşqari adına Beynəlxalq Fondun  yeni prezidenti oldu. 

Son iki ildə London Yüksək Məhkəməsi Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq mənbəyi şübhəli olan, yəni oğurluq pulunu müsadirə edib, haradasa altı həftə bundan əvvəl dəyəri Feyziyevə və onun ailə üzvlərinə məxsis ümimi dəyəri 60 milyon olan 22 daşınmaz əmlakın üzərinə həbs qoyub, məhkəmə öz açıqlamasında elan edib bu mülklərin alınmasına sərf edilmiş bu qədər böyük vəsatət çirkli pulların yuyulması (Azərbaycan camaşırxanası) marşrutu ilə ölkədən çıxarılıb, adamın məhkəməyə təqdim etdiyi sənədləri məhkəmə saxta elan edib, o biri tərəfdən bu qədər böyük rüsvayçılıqdan sonra Cavanşir Feyziyev Mahmud Kaşqari  adına Beynəlxalq Fondun  yeni prezidenti seçilib. 

Bundan artıq türk dünyasını, Mahmud Kaşğarinin böyük adını və işıqlı əməllərini necə təhqir etmək olar, necə ələ salmaq və rüsvay etmək olar. 

Kaşğarı fondunun prezidenti olmaq Feyziyevin nəyinə lazım idi. Əgər xatırlayırsınızsa, bu ilin fevral ayında London Yüksək Məhkəməsinin müzakirələrində aydın oldu ki, Feyziyevin vəkili onun öz ölkəsində tanınmış "ziyalı" olması, "kitablar" yazması, ictimaiyyət arasına "nufuzu" olması haqqında vəsatət qaldırmışdı. Amma keçmədi, məhkəmə bu vəsatəti rədd etdi. 

Kitab demişkən son illər bəziləri Cavanşir Feyziyevin  "Türk dünyası” adlı 5 cildliyi haqqında bütün türk dünyasını dolanan "qanadlı" rəylər yazırlar. Adama necə İlham gəlibsə, dərman alverin-zadın kənara qoyub, dizin atıb yerə bir nəfəsə 5 cildlik "Türk dünyası" adlı absurdnaməni qoyub ortalığa. 

Tam məsuliyyətlə deyirəm ki, akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə nəşr olunan bu 5 cildliyin elmə, türk dünyasının tarixinə və mədəniyyətinə heç bir aidiyyəti yoxdur. 

Kitabların 5-də kampelyasiyadan, ensiklopedik nəşrlərdən və digər kitablardan ibarət primitiv söz yığınıdır. Əslində, kitab Feyziyevin ağlının yox, pulunun məhsuludur. 

Bu dərman alverçisinin murdarlamadığı yer qalmayıb. İzi itirmək üçün Azərbaycandan pulları Marşal adaları, Hong Kong, Seyşel adaları, Anguilla, İrandiya, Rusiya, Britaniya Vircin adaları, Panama, Müqəddəs Kitts və Nevis,  Dominikan Respublikasını dolandırmaq yolu ilə ölkədən oğurlayıb. 

İnsafən, adam elə marşrut qurub ki, heç Mahmud Kaşğari də ondan baş çıxarmaz. Belə bir adamı Mahmud Kaşğari fonduna prezident seçmək ilk növbədə Mahmud Kaşğarinin türk dünyası üzərində 10 əsrdən artıqdır ki, dolanan müqəddəs ruhuna təhqirdir, bütövlükdə türk dünyasına təhqirdir. 

Bütün baş verənlər necə də tragikomik bir bədii əsərin mövzusudur.