Tənha insanın faciəsi...

Tənha insanın faciəsi...

16-07-2015 02:00 / Bu xəbər 2363 dəfə oxundu

Elnaz Eyvaz

Hər bayram nəvə-nəticə yığışıb baba-nənəmlə bayramlaşmağa gedirik. Yoxsa gözləri yolda qalır...Həm də adətdir də, bayramlarda sevdiklərinlə bayramlaşmaq. Yaxşı ki, az-maz qoruyub saxladığımız yaxşı adətlərimiz var. Adamların gündən-günə bir-birindən soyuyub uzaqlaşdığı bir vaxtda...

Babamın yaşı 90-a doğru irəliləyir, nənəmin bilmirəm. Nə vaxt kəndə getsəm, onları qoşa görmüşəm. Yayda ya həyətdə oturarlar, ya da balaca kərpic evlərinin qarşısındakı eyvanda. Həyətdə hündür daş evlərinin olmasına baxmayaraq, həyata qoşa addımlamağa başladıqları bu balaca kərpic evdən heç kim çıxara bilmir onları. Bir-birinə qısılıb oturar, gözlərini qapıya dikərlər. Həmişə kimisə gözləyirlər sanki.  Biz qapıdan girəndə gözləri gülər. Nənəm dil boğaza qoymaz. Babam çox sakit və səbirlə bir-iki sual verər, verilən suallara eyni tərzdə: "şükür Allaha, şükür,” – deyə cavab verər. Sonra ağız deyəni qulaq eşitməz. Oğul-uşaq, nəvə-nəticə qarışar bir-birinə. Babam yenə susar, elə hey susar. Gözləri də ancaq yol çəkər. Hərdən də öz-özünə: "Allah ey,” - deyər. Babamın gözlərindən gözlərimi çəkə bilmərəm. O da elə bil hərdən bunu başa düşər, diqqətlə və mənalı-mənalı baxar üzümə, danışmaz. Doluxsunar, baxışlarını üzümdən yayındırar. Kövrələrəm...

Heç kimin heç nəyində ömür boyu gözü olmayan, həmişə əlinin zəhməti, alnının təri ilə ailəsini saxlayan, çörəyini qazanan adam olub babam. Əlləri damar-damardır. Gözləri sulu, dolu, mənalı. Eynək taxmır, həmişə də kitab oxuyur. 

Səs-küy artanda  ayağa qalxıb əsalarını götürər, ayaqlarını sürüyə-sürüyə öz küncünə çəkilər. Heç vaxt da kömək eləməyə qoymaz heç kimi. Zəhmət verməkdən xoşu gəlmir. Gedib görərsən ki, təkcə oturub, əllərini cütləyib əsasına, çənəsini də əlinə söykəyib fikrə gedib. Həmişə babamı belə görəndə düşünürəm ki, görəsən, babam niyə şair, yazıçı olmayıb?! Bu qədər dərin adam, yəni doğrudanmı, ömür boyu bir misra, bir cümlə də olsa, yazmayıb?!

...Babamla əmim üz-üzə oturub. Əmim babama çox oxşayır, görkəmcə. Xasiyyətcə hər oğluna bir az pay verib, çoxu, məncə, atama düşüb. Əmim səs-küylü, hay-huyludur. Babamla atam elə deyil. Kənardan qanı qanımdan olan bu iki kişini seyr edirəm. Biri – həyatın hər üzünü görmüş, zəhmətlə, zülmlə yeddi uşaq böyüdüb ev-eşik edən, indi gözləri ancaq yol çəkən, düşünən biri, o biri ali təhsilli, savadlı, zəhmətkeş, iki övladından hələ ki birini ev-eşik etmiş, nənəm demiş, yarı yolda qalmış əmim. Həyat yoldaşını 42-43 yaşında lənətə gəlmiş xərçəng apardı, . Sevdiyini, ömür-gün yoldaşını israrla əlindən almağa çalışan xərçənglə bir il vuruşdu. Qadın ölüncə xəstəliyini bilmədi. Əmim hamımza tapşırmışdı ki, özünə deməyin. Heç kim də demədi. O da ölüncə ümid elədi ki, sağalacaq. Əmim onun əlində olan sonuncu ümidi ondan almaq istəmədi, son günə qədər bunu qorudu. Əlindən gələni etdi. Hər yerə apardı, çarə olmadı təbii...İndi gözünün yaşı qurumur, əslində, gözünün  yaşı zəhrimar xəstəliyi biləndən ovcunda idi. Həm dərdinə, həm özünün zəhmətinə, həm qadınının çəkdiyi zülmlərə, həm balalarına, həm də sabahına ağlayır. Deyirlər, torpağın üzü soyuq olur, ölüsünü basdırandan sonra ölü yiyəsi soyuyur. Əmimə baxanda bunu demək olmur ancaq.  

O da bayram namazından sonra Qadını ilə "bayramlaşmağa” getmişdi. Qayıdıb bizimlə görüşdü, stolun bir başında  da o oturdu. Sümüklü, iri əllərini cütləyib yumruqladı. Yavaş-yavaş bir-birinə döyəclədi. Yaşla dolu gözlərini gizlətməyə çalışdı. Bacarmadı. Hönkürüb ağlamağa başladı. Düz gözlərinin içinə baxdım. İlahi! Əmimin gözlərindən tənha insanın faciəsi irişirdi. Murdar-murdar baxıb: bu , mənəm, mənəm bu, - deyirdi, sanki. Əmimsə, hey ağlayırdı. Bu zaman  babamın üzünə baxdım. Birdən-birə beli büküldü elə bil. O da içində ağlayırdı. Oğlundan gözlərini ayırmadan. Bəlkə də, nənəmin varlığına görə oğlundan utanırdı, "mənim bu yaşımda yanımda yarım var, sənsə...”- deyə. Bilmirəm. 

Əmimə baxıb anladım ki, həyatda qadınsız kişi, kişisiz qadın deyilən bir təbii  fəlakət də var. Həyatı boyu tək-tənha, yalnız qalacağını anlayan adam! Yox, əslində ona baxanda nə düşündüklərimi, içimdən keçən sızıltını ifadə etməyə söz tapmıram, tapa bilmirəm. Ancaq əmim, qızına: " gəl bura bir döşək at, bir az mürgüləyim, bundan sonrakı ömrümü balalarım üçün yaşacam, onlara həsr edəcəm özümü, mənimki bitdi...”, - deyəndə anladım ki, yaxşısı budur, buna heç can atmayıb, alınmaz birdən...

...Həyətə düşdüm. Babam yenə evinin qarşısında əsasına söykənib oturmuşdu. Bu dəfə gözümə daha dərdli, daha qayğılı dəydi. Gözləri heey yol çəkir, arada doluxsunur, əlinin arxası ilə gözlərinin silirdi...