Ter-Petrosyan: "Ölkədən vətəndaş müharibəsi qoxusu gəlir"

Ter-Petrosyan:

28-05-2021 15:12 / Bu xəbər 846 dəfə oxundu

Ölkənin hazırkı rəhbərliyi ilə Robert Koçaryanın tərəfdarları arasında kəskin qarşıdurma var.

"Sputnik Ermənistan"ın mayın 28-də verdiyi məlumata görə, bunu ölkənin ilk prezidenti Levon Ter-Petrsoyan İctimai Televiziyaya müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistanda daxili siyasi vəziyyət partlayış təhlükəsi həddindədir. Ölkədən demək olar ki, vətəndaş müharibəsi qoxusu gəlir. 

"Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Bu düşmənçilik dayandırılmasa, nələrin baş verəcəyini təsəvvür etmək belə dəhşətlidir. Hər iki tərəf vəziyyəti ölüm-qalım həddinəcən gətirib". 

Ter-Petrosyan ölkədəki parlament idarəetmə üsulunu da tənqid edib. 

O bildirib ki, "parlament idarə üsulu olan ölkədə 27 siyasi partiyanın seçkilərdə iştirak etməsi absurddur. Parlament sistemində 2-3 siyasi təşkilat iştirak etməli və müəyyən müddətdən bir bir-birlərini əvəzləməlidirlər". 

Sabiq prezident ölkənin parlament idarəetmə sisteminə keçməsinin səhv qərar olduğunu vurğulayıb:

"Parlament idarəetmə sistemi Ermənistanı məhvə aparır. Mütləq prezident idarəçilik sisteminə qayıtmaq lazımdır. Parlament sisteminə keçid Serj Sarkisyanın ən böyük səhvi idi. Bu qərar indi onun öz başına bəla olub". 

Levon Ter-Petrosyanın fikrincə, Ermənistanı gələcəkdə olduqca kədərli günlər gözləyir. O, vətəndaşları seçkilərdə vicdanla səs verməyə çağırıb.