“The Guardian”: Rusiya vətəndaşları ABŞ-dan deportasiyası edilir

“The Guardian”: Rusiya vətəndaşları ABŞ-dan deportasiyası edilir

20-03-2023 12:28 / Bu xəbər 915 dəfə oxundu

Amerika Birləşmiş Ştatları immiqrasiya qanunlarını pozan Rusiya vətəndaşlarının deportasiyasını yenidən bərpa edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra bu cür deportasiyalar dayanmışdı, indi isə yenidən həyata keçirilir.

Bu barədə Britaniyanın "The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin vəkillərə istinadən verdiyi məlumata görə, səfərbərlikdən qaçaraq ABŞ-a sığınan rusiyalı gənc bu həftə yenidən geri, öz ölkəsinə deportasiya edilib.

Həmin gəncin bir sıra digər rusiyalılar kimi ötən il ABŞ-dan sığınacaq istədiyi iddia olunur.

"The Guardian” yazır ki, Rusiyadan olan digər sığınacaq axtaran şəxslər indi ABŞ hakimiyyətinin onları Rusiyaya göndərə biləcəyindən narahatdırlar.

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi xarici vətəndaşları, o cümlədən rusiyalıları "ölkəyə məxsus təlimatlara uyğun olaraq” deportasiya etdiyini bildirib.

Yəni agentlik rusların deportasiyasının yenidən başlandığını inkar etməyib. 

"The Guardian” bu məsələlərlə bağlı Ağ Evə ünvanladığı sorğunun cavabsız qaldığını yazır.

Məlumatlarda o da vurğulanır ki, bir çox rusiyalı Amerika vizası olmadan Meksikaya uçaraq oradandan qanunsuz yolla ABŞ-a keçib. Bu zaman Ukraynadakı müharibə səbəbindən deportasiyaların dayandırıldığına əmin olaraq Amerikadan sığınacaq istəyiblər.

Hüquqşünaslar indi müştərilərinin deportasiya oluna biləcəyindən qorxduqlarını deyirlər.

İddia olunur ki, məhkəmələr artıq bir neçə işdə sadəcə hərbi xidmətə çağırılma imkanının sığınacaq verilməsi meyarlarına cavab vermədiyi barədə qərar çıxarıblar.

ABŞ 2022-ci il martın əvvəlində, Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən iki həftə keçməmiş Rusiya, Ukrayna, Belarus və bir sıra digər ölkələrə deportasiyaların dayandırıldığını elan edib. Amma bu qərarın ləğvi barədə rəsmi məlumat verilmədiyi bildirilir.