ABŞ diplomatı Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham etdi

ABŞ diplomatı Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham etdi

13-05-2024 15:22 / Bu xəbər 702 dəfə oxundu

"Pekinə iki stulda oturmağın mümkün olmadığını birbaşa deməyin vaxtıdır”

ABŞ Dövlət Katibinin keçmiş müavini Viktoriya Nuland Çini gizli şəkildə Rusiyanın hərbi ehtiyaclarını dəstəkləməkdə ittiham edib.

Bu barədə Viktoriya Nuland "Meduza”ya müsahibəsində danışıb.

O bildirib ki, Çin Rusiya-Ukrayna savaşında neytral olduğunu iddia edir, amma gizli şəkildə Rusiyanın hərbi ehtiyaclarını dəstəkləyir: "Düşünürəm ki, iki stulda oturmağın mümkün olmayacağı barədə Çinlə birbaşa danışmağımız tamamilə zəruridir. Siz ya Rusiyanı dəstəkləyirsiniz, öz reputasiyanızı, xarici ticarətinizi qurban verirsiniz, ya da həqiqətən, neytral olursunuz”.

"Putin üçün "yaxşı” Ukrayna SSRİ-nin nəzarəti altında 20-ci əsrə qayıdan qul Ukraynadır”

Çin lideri Si Cinpinqin Avropa səfəri zamanı qərbli həmkarlarını ABŞ rəhbərliyinə tabe olmamaq və "praqmatik” mövqe tutmaq çağırışına isə Nuland belə reaksiya verib: "Çin üçün inanılmaz dərəcədə dəyərli ticarət tərəfdaşı olan Avropa öz mövqeyindən getdikcə daha çox məyus olur. Avropa və Amerikanın Pekinə təzyiqləri davam edəcək və onlar iki stulda otura bilməyəcəklər. Pekin qərar verməli olacaq”.

Diplomat Vaşinqtonun Kiyevə dəstəyinin davam edəcəyini və bunun Putin Rusiyası üçün hansı mənzərə yaratdığına toxunub: "Düşünmürəm ki, Putin bizim hər addımımıza o qədər də həssas reaksiya verir. Sadəcə, onun bütün istəkləri Rusiyanın hüdudlarından kənara çıxır. Güclü, müstəqil və avropalı Ukrayna ona bir növ lənət kimi görünür. Etiraf edim ki, bizim üçün bunu başa düşmək çətindir. Əslində, Moskva ilə münasibətləri qoruyub saxlayan qərbyönlü və firavan Kiyev nə vaxtsa Rusiyanın özü üçün Qərbə gedən sərfəli yola çevrilə bilər. Amma Putin öz maraqlarını hər şeydən üstün tutur və bunun bütün rusların maraqları olduğunu bildirir. O hesab edir ki, "yaxşı” Ukrayna SSRİ-nin nəzarəti altında 20-ci əsrə qayıdan qul Ukraynadır”.

"Putin öz əlləri ilə Kiyevi Moskvadan uzaqlaşdırdı. Yada salaq: ukraynalıların əksəriyyəti, hətta Maydan hadisələrindən dərhal sonra Rusiyaya rəğbət bəsləyirdi. Amma Putin Krımı ələ keçirib adamlarını Donetsk və Luqanska göndərdi. Ölkəniz bir neçə tərəfdən işğal olunarkən, gəncləriniz cəbhədə həlak olanda necə anti-Rusiya mövqeyi tutmayasınız?”, – deyə Nuland əlavə edib.

"Ukraynaya hərbi-siyasi dəstək davam edəcək”

O, Ukraynaya hərbi-siyasi dəstəyin davam edəcəyini söyləyib: "Son üç ildə ABŞ Kiyevə çoxlu hərbi və iqtisadi dəstək verib. İnfrastrukturun yenidən qurulması, ölkəyə enerji dəstəyi, humanitar yardım üçün xüsusi fondlar yaradılıb. Xüsusi elçimiz Ukrayna şəhərlərini canlandırmaq üzərində işləyir ki, insanlar evlərinə qayıda bilsinlər. Amma biz, Avropa və Asiya müttəfiqlərimiz Ukraynaya getdikcə daha çox pul verərkən Putin getdikcə daha çox ziyan vurur”.

"Bəzi hesablamalara görə, gündə min rus kişisi cəbhədə bir-iki kilometr irəliləmək və bir neçə kəndi ələ keçirmək üçün ölür. Beləliklə, bəli, Ukraynanın ehtiyacları artır, amma biz ona kömək etməyə davam edəcəyik – o cümlədən bu yay cəbhədə görəcəyiniz yeni və daha uzun mənzilli silahlarla”, – diplomat vurğulayıb.

"ABŞ Kiyevi danışıqlara başlamaq üçün gücləndirməlidir”

Onun sözlərinə görə, hazırda Amerika strategiyasının məqsədi Kiyevi hərbi, iqtisadi və siyasi cəhətdən hazırlamaqdır ki, o, güclü mövqedən danışıqlara başlaya bilsin: "Putin və onun hərbi rəhbərləri başa düşsünlər ki, bu, onlar üçün uduzmuş müharibədir və artıq razılığa gəlmək vaxtıdır, öz maraqlarınız üçün”.

Nuland indiki vaxtda Kiyevin danışıqlara başlamaq üçün kifayət qədər güclü olmadığını vurğulayıb: "Biz istərdik ki, Putin Ukrayna torpağının hər kvadrat kilometrini tərk etsin. Ancaq Ukrayna kifayət qədər güclənənə qədər, hələlik, nəyin mümkün olduğunu bilmirik”.

"Putin Navalnının seçicilərə məsləhətini bəyənmədi”

Keçmiş müavin rusiyalı müxalifətçi Aleksey Navalnının ölümünün mübadilə danışıqlarının nəticəsi olduğuna inanmadığını deyib: "Ekstradisiyanın qarşısını almaq üçün Putinə onu öldürməyə ehtiyac yox idi. Sadəcə, "yox” deyə bilərdi. Düşünürəm ki, Putin Navalnının prezident seçkiləri ərəfəsində rusiyalı seçicilərə verdiyi məsləhəti, sadəcə, bəyənmədi. O, təkrar seçkilər ərəfəsində rəqibinin olduğunu hiss etmək istəmirdi. Biz heç vaxt təfərrüatları bilməyəcəyik”.