Tixanovskaya blogerə işgəncə verildiyinə inanır

Tixanovskaya blogerə işgəncə verildiyinə inanır

31-05-2021 16:19 / Bu xəbər 702 dəfə oxundu

Belarusun aparıcı müxalif siyasətçisi Svetlana Tixanovskaya mayın 31-də həbsdə olan bloger Roman Protaseviçin həbsxanada döyüldüyünü və işgəncə verildiyini söyləyib. 

"Röyters”in xəbərinə görə, Svetlana Tixanovskaya Tallindəki mətbuat konfrası zamanı jurnalistlərə açıqlamasında belə deyib. 

"Roman Protaseviçi ziyarət edən bir vəkil yaxşı olduğunu söyləsə də,  şübhəsiz ki, o, həbsdə döyülür və işgəncələrə məruz qalır”. 

Siyasətçi iddiasını təsdiq edəcək heç bir dəlil gətirməsə də, Protaseviçin ailəsinin həbsdən çəkdiyi videoda blogerin bədənində işgəncə izlərinin göründüyünü söyləyib. 
 
Belarus hökumətisə məhbuslara qarşı işgəncə iddialarını rədd edir. 

Mayın 23-də Afina-Vilnüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. 

Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. 

Təyyarə Minsk hava limanına endirildikdən sonra xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.  

Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. 

Belarus onu beynəlxalq axtarışa vermiş və  "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.