Tofiq Yaqublunun vəziyyəti pisləşib
10-01-2023 18:55 / Bu xəbər 743 dəfə oxundu
Altı gündür ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Binəqədi rayonunda yerləşən İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyəti pisləşib.
Bu barədə həyat yoldaşı "Turan"a məlumat verib.
Yanvarın 10-da təcridxanada siyasətçi ilə görüşən həyat yoldaşı Maya Yaqublu deyib ki, bu dəfə görüş şüşə arxasından deyil, üzbəüz olub: "Tofiqin vəziyyəti pisdir. Bənizi təmamən solub, göz bəbəkləri saralıb, üz dərisinin rəngi isə qaralıb. Ayaq üstə güclə durur, səntirləyə-səntirləyə yeriyir, başı gicəllənir".
Onun sözlərinə görə, Yaqublu ayrı kamerada təcrid edilməyib: "6 nəfərlik kamerada 5 narkomanla saxlandığı yetmirmiş kimi, kameraya daha bir narkoman dustaq gətiriblər. Tofiq Yaqublu aclığın gətirdiyi əsəblə yanaşı, bir də kamerada 6 nəfər narkomanla birlikdə psixoloji gərginlik yaşayır".
O həmçinin qeyd edib ki, Yaqunlunun qan təzyiqi və bədən temperaturu aşağı düşüb.
Bununla belə, Yaqublu tələbləri yerinə yetirilənə qədər aclığı davam etdirmək niyyətindədir.