Türkiyə referendumu: kim qazandı, kim itirdi?

Türkiyə referendumu: kim qazandı, kim itirdi?

19-04-2017 11:11 / Bu xəbər 2497 dəfə oxundu

Seymur Kazımov

Türkiyə Konstitusiya referendumu: Hansı partiya səs faizini artırdı, hansı sabit qaldı, səsləri parçalanan və səslərini itirən partiya hansıdır? 

Türkiyədə iki aylıq referendum yarışı 51 faizlə "EVET"çilərin qalibiyyəti ilə başa çatdı. "HAYIR"ın səs faizi 49 oldu. Referenduma konstitusiyaya əlavə və dəyişiklikləri çıxarılsa da, seçki kampaniyası sanki parlament və bələdiyyə seçkilərini xatırladırdı. Nəticə məlum olduqdan sonra irəli çıxan səs faizləri bunu əyani göstərir. Referendum həm də liderlərin və partiyaların yarışı kimi yadda qaldı. Son üç ildə üç dəfə seçkiyə gedən Türkiyədə sürpriz baş vermədi. AK Parti iqtidarı səs faizini qorudu, üstəlik kritik bölgələr sayılan ərazilərdə faizlərini artırdı.

AKP - Ədalət və İnkişaf Partiyası 

Belə ki, son 1 noyabr 2015-ci il parlament seçkilərinə baxsaq, hakim AK Partinın səs faizi cüzi fərqlə artıb. (ötən il 49.5 faiz idi). AKP Partinin 1 noyabrda qalib gəldiyi regionların hamısında demək olar ki, eyni rəqəmlər təkrarlanıb. Məsələyə 2014-cü il bələdiyyə seçkiləri kontekstindən də baxsaq, 1-2 faiz aşağı-yuxarı, eyni rəqəmlər qeydə alınıb. Böyük şəhərlərdə İstanbul və Ankarada "HAYIR"çıların qalib gəldiyi yazılır. Belə ki, bu 2 şəhərdə bütün seçkiləri hər zaman iqtidar üstlənib. Məhz bu şəhərlərdə EVET deyən 48-50 faiz AK Partinin elektoratıdır. "HAYIR" isə 3 hissəyə bölünür- CHP, narazı MHP-çilər və HDP seçməni. (Buraya kiçik siyasi partiyaları da əlavə etmək olar). İstanbulda və Ankarada HAYIR çıxmasının əsas "memarları” MHP-çilər olub. Hətta, İstanbulun mühafizəkar və AK Partinin qalası olan ilçələrində Eyüp, Üsküdarda da EVET cüzi fərqlə məğlub olub. İstanbulun CHP bələdiyyələrinin hakim olduğu ilçələrində isə sürpriz yaşanmayıb. Hər zaman olduğu kimi, narazı elektoratın səsi çox olub. Ankara haqqında da qismən eyni fikirləri söyləmək olar. Paytaxtda Çankaya köşkünün yerləşdiyi eyniadlı bələdiyyədə "HAYIR"la bərabər daha 5 ilçədə bu nəticə çıxıb. 2015-ci il 1 noyabr seçimlərində isə Çankaya istisna olmaqla, hamısında AKP qalib gəlib. 

AK Parti və MHP bələdiyyələri hakim olduğu, Ardahan, Adana, Manisa, Zonguldak, Balıkesir, Denizli kimi şəhərlərdə hakim partiya CHP və narazı MHP-çilərin (qismən də HDP) birgə səsi ilə məğlub olub.

CHP - Cümhuriyyət Xalq Partiyası

Bu partiyanın qalası sayılan şəhərlərdə sürpriz yaşanmadı. İzmir həmişəki kimi ənənəyə sadiq qaldı. İzmirdə hər zaman CHP qazansa da, qələbəni AK Parti qeyd edir. Kemal Kılıçdaroğlunun vətəni Tunceli də təəccübləndirmədi. Bu partiyanın bələdiyyə başqanı olduğu Aydın, Muğla, Kırklareli və Ədirnə də HAYIR dedi. AK Partinin əlində olduğu Antalya və MHP-nin rəhbərlik etdiyi Adana bələdiyyəsindən də "HAYIR" çıxsa da, CHP-nin sabiq 20-25 faizlik elektoratı ona bir daha sadiq qaldı. CHP bələdiyyələrinin hakim olduğu Burdur, Giresun, Sinopdan isə "EVET" çıxıb.

MHP - Milliyyətçi Hərəkat Partiyası

Referendumun baş tutumasının memarı və eyni zamanda da "HAYIR"ın böyük dəstəkçisi bu partiya oldu. Sirr deyil ki, kampaniya dönəmində MHP-dən ciddi şəkildə qopmalar yaşandı və partiyanın ağır artilleriyaları "EVET" əleyhinə təbliğat apardı. MHP 1 noyabr 2015-ci ildəki uğursuzluğunu təkrarladı. Hətta, bələdiyyələrinin hakim olduğu şəhərlərdə belə uğur qazana bilmədi. Nəticədə 40 millət vəkili ilə parlamentdə sonuncu partiya oldu. MHP seçməni referendumda lideri Dövlət Bahçeliyə sadiq qalmadı, əksinə "HAYIR"a böyük dəstək oldu. Fikirlər səsləndirilir ki, MHP referendumdan sonra AK Partinin içində əriyib itəcək. Çünki, hər iki partiya mühafizəkar, sağ-mərkəzçidir. Amma 16 aprel referendumu göstərdi ki, MHP-nin içərisində seçimlərin taleyini dəyişən narazı elektorat var.

HDP (Xalqların Demokratik Partiyası) vəkürd seçmənin AK Partidən yana olması

Referenduma qeyri-bərabər şəraitdə getdilər. İki başqanları və üzvləri həbsdə, o cümlədən bir qism tərəfdaşı mühacirətdə olan partiya Ankara, İstanbul və kürdlərin kompakt yaşadığı ərazilərdə "HAYIR" çıxmasını təmin etdi. Amma AK Parti Türkiyənin cənub və cənub şərqindəki uğurunu təkrarladı. 2015-ci ilin 7 iyunundakı seçkilərdə 3 milyon kürd seçmənin səsini itirən hakim partiya, həmin ilin 1 noyabrındakı parlament seçkilərində 1,5 milyon səsi özünə qaytara bildi və təkbaşına iqtidar oldu. Nəzər almaq lazımdır ki, kürdlər yaşayan ərazidə MHP-nin reytini yoxdur və partiya bu bölgədə heç işləməyib, o zaman HDP və CHP-nin toplam səsləri ilə HAYIR çıxması labüddür. 16 aprel referendumunda ümumilikdə kürd seçmənin "HAYIR"ı "EVET"in xeyirinə oldu. 1 noyabr seçkiləri ilə müqayisədə, Ağrı, Van, Hakkari, Şırnak, Siirt, Bitlis, Muş, Tunceli, Bingöl, Diyarbakır, Batman, Mardin ve Şanlıurfada EVET-çilərin sayında 450 min artım oldu. Bunu onunla izah etmək olar ki, iqtidarın PKK ilə apardığı mücadilə, eyni zamanda HDP-nin PKK-ya loyal münasibəti nəticələrə təsrisiz ötüşməyib. Buna, yuxarıda qeyd etdiyimiz kimi, partiya liderləri də daxil, fəalların həbs olunması, HDP-li bələdiyyələrə hökumətin qəyyum ataması da təsrisiz ötüşməyib. Ən çox HAYIR Tuncelidən çıxsa da, burada da AK Partinin mövqeləri möhkəmlənib. 2015-ci il 1 noyabr seçkisində HDP və CHP toplam 84 faiz səs qazanmışdı. Referendumda isə bu rəqəm 80 faizə düşdü. İki bölgədə sürpriz yaşandı; Muşda 1 noyabr 2015 seçkilərində HDP 62 faizlə qalib olmuşdu. Referendumda isə 51 faiz "EVET" çıxdı. Bitlisdə də qalib tərəf "EVET" oldu - 59 faiz. 1 noyabrda isə HDP 49 faizlə qalib idi.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının seçimi. 

16 apreldə Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 40 faiz "EVET", 60 faiz "HAYIR" dedi. 2015-ci ilin 1 noyabrında AK Parti 35 faiz səslə Azərbaycanda lider olub. CHP-MHP-HDP-nin toplam səsi 62,88 faiz olub.