Türkiyədə zəlzələdən ölənlərin sayı 8574 nəfərə çatıb

Türkiyədə zəlzələdən ölənlərin sayı 8574 nəfərə çatıb

08-02-2023 15:09 / Bu xəbər 871 dəfə oxundu

"Zəlzələdən həyatını itirənlərin son sayı 8574 nəfərdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahraman Maraşdakı çadır şəhərciyini ziyarət edərəkən belə deyib. 

Onun sözlərinə görə, yaralı sayı isə 49 min 133-dür. 

Ərdoğan bildirib ki, çadırda qalmaq istəməyən vətəndaşları Antalya, Alanya və Mersindəki otellərə yerləşdirə bilərlər, onların bütün xərcləri qarşılanacaq. 

O həmçinin deyib ki, zərər görmüş hər ailəyə ilkin mərhələdə 10 min lirə veriləcək.

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib. 

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə hal elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Bu ölkədə isə azı 2 min nəfərin öldüyü açıqlanıb. Dağıntılar altında qalanlar var.

Bu ölkədə də onlarla şəhər ziyan görüb. Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır.

UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır və bu fəlakət onların hamısına təsir edəcək.