Vəkilə qadağa qüvvədə qalıb

Vəkilə qadağa qüvvədə qalıb

06-11-2022 16:02 / Bu xəbər 945 dəfə oxundu

Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağadan şikayətinə baxıb, lakin şikayət təmin olunmayıb.

Binəqədi Rayon Məhkəməsinin bu haqda qərarı qüvvədə qalıb.

Ev dustağı məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməlidir. 

Elçin Sadıqov ev dustaqlığı ərazisinin paytaxt Bakıdan bütün Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmamışdı.

Vəkil deyir ki, ev dustaqlığı barədə məhkəmə qərarlarının əksəriyyətində şəxslərə hansısa bölgəni yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur, ona tətbiq edilən məhdudiyyət vəkil kimi fəaliyyətini buxovlayır.

Noyabrın 4-də yaydığı məlumatda vəkil bildirib ki, Baş Prokurorluğun İstintaq İdarəsi onun axtarış zamanı götürülmüş iki mobil telefonunu hələ də özünə qaytarmayıb.

2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Elçin Sadıqov əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb. 

O, sentyabrın 10-da, "Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. 

Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. 

Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. 

Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.