Xatirə

Xatirə

03-08-2024 13:48 / Bu xəbər 1010 dəfə oxundu

Əbil Həsənov
 
(Hekayə)

Ali təhsilimi başa vurduqdan sonra bir müddət işsiz qaldım. Hara müraciət edirdimsə, məndən iş təcrübəsi tələb olunurdu. Universitetdə oxuduğumdan, heç yerdə işləyə bilmədim. Kəsəsi, işsizlikdən təngə gəlmişdim. Dolanışığımı təmin etmək üçün, hər işi görməyə hazır idim. Tərslikdən hərbi xidmətə çağırış vərəqəsi də aldım. Əsgərliyə getdim, hərbi xidmətim pis keçmədi. Əsgərliyi başa vurmağıma az qalmış, komandir məni yanına çağırdı. 

O, məndən zabit kimi xidmətimi davam etdirməyimi istədi:
– Ordumuzun sənin kimi mütəxəssislərə ehtiyacı var!

Doğrusu, bu təklif mənə göydəndüşmə olduğundan, fikirləşmədən komandirin təklifini dərhal qəbul etdim. Bizim hərbi hissəmiz paytaxtdan xeyli uzaqda, sərhədə yaxın kiçik bir şəhərdə yerləşirdi. Məni hər cür şəraiti olan üç otaqlı geniş mənzillə təmin etdilər. Məvacibim pis deyildi. Anamı da gətirib, bu kiçik şəhərdə yaşamağa başladıq.

Anam səmimi və düşdüýü hər cür mühitdə xoş ünsiyyət qurmağı bacaran bir qadındır. Mən hər gün səhər tezdən işə gedəndə, o, evi səliqə-səhmana salıb, şəhəri gəzməyə çıxırdı. Anam qısa müddət ərzində bir xeyli qadını özünə dost etmişdi. Mən axşam evə gələndə yeməyimi verib, şəhərdə gördüklərindən, tanış olduğu qadınlardan söhbət salırdı. Özü də, xüsusi bir həvəslə… 

Yaşım otuzu haqlasa da, hələ evlənmək haqqında fikirləşmirdim. Daha doğrusu, fikirləşməyə vaxt tapa bilmirdim. Anam isə, mənim evlənməyimi istəyirdi. Bir gün işdən qayıdanda, evimizin həmişəkindən daha səliqəli olduğunu gördüm. Anam təəccübləndiyimi görüb, üzünü mənə tutub, dedi:
- Sağ olsun Xatirəni. O, mənə kömək elədi.

Mən, anamdan Xatirənin kim olduğunu soruşanda, cavabı qısa və lakonik oldu:
– Təzə qonşumuzdu. Gəlib mənə kömək etdi. Məndən başqa, heç kimlə yaxınlığı yoxdur. Sakit qızdır, məktəbdə müəllimə işləyir.

Tale elə gətirdi ki, tez-tez Xatirə ilə rastlaşmalı oldum. Vaxtsız ağarmış saçları onu yaşlı göstərirdi. Əynindəki paltarlar köhnə olsa da, təmiz və səliqəli idi. Hiss olunurdu ki, mədəni xanımdır. Hərdən mənə elə gəlirdi ki, mən Xatirəni hardasa görmüşəm…
Bir gün evə gələndə, özüm də istəmədən, anamla Xatirənin söhbətinə qulaq verməli oldum. Başları söhbətə elə qarışmışdı ki, mənim otaqda olduğumu hiss etmədilər.
– Qızım, az özünə qapan. Adam dərdini danışanda yüngülləşir. Mən də sənin anan.

Xatirə anamın təkidindən sonra, başına gələnləri danışmağa başladı:
– Mən atasız böyümüşəm. Onun haqqında məlumatım yox idi. Heç üzünü də görməmişəm. Anamdan, atam haqqında soruşanda, onun şəhid olduğunu deyirdi. Atam, anamgilin kəndində işləyəndə, anamı qaçırdıb, bura gətirib. 

Anamı tikiş fabrikində işə düzəldib, ona fabrikin yataqxanasından yer düzüb-qoşub. Anam deyirdi ki, onlar evlənəndən az sonra Qarabağ müharibəsi başlayıb. Atam da könüllü olaraq döyüşlərə qatılıb. Bir müddət sonra, qapımıza bir əsgər gəlib, atamın döyüşlərdə öldüyünü deyib. Mən anamın dediklərinə inanıb, atamla fəxr edirdim – elə, anam da! Anam gündüzlər fabrikdə işləyib, axşamlar isə, evlərdə paltar yumaqla məni böyütdü.

Mən ali məktəbi qurtarıb, şirkətlərin birində işə düzəldim. Aylıq məvacibim  normal idi. Pis dolanmırdıq. Hər şey öz axarında yaxşı gedirdi. Amma birdən…

                                                          ***

- Səni sevirəm.
- Bilirəm.
- Çox sevirəm…
- Niyə?
- Nə bilim.
- Nə bilim, həəə?
- Zarafat etdim.
- Bir də belə zarafat etmə!
- Baş üstə! (gülür)
- Nəyə gülürsən? Gülmə!
- Baş üstə! (Qəh-qəhə çəkib gülür)
- Eeee… Pis!
- Bura bax, qızımız olsa adını nə qoyaq?
- Nə?
- Xatirə!
- Niyə? Niyə Xatirə?
- Xatırlamaq üçün.
- Nəyi?
- Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün…
- Anlamadım?!
- Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür)
…Həyat gözlənilməz hadisələrlə doludur…

                                                         ***
- Bizim şirkətin prezidenti Vüqar adlı ucaboylu, enlikürək bir oğlan idi. Ailəsi də vardı. Deyilənlərə görə, atası yüksək vəzifəli dövlət məmuru idi. Vüqarın kəsdiyi başa sorğu-sual da olmazdı. 

Xatirə sol əlinin ovcunda sağ əlinin barmaqlarını ovuşdururdu. Bilirsiniz niyə? Qəfil sağ əli ilə Vuqara sillə vurduğunu xatırlamışdı. O udğunub davam etdi:
- Gözlərini məndən çəkmirdi. Kimsəsiz olduğumu bilib, mənə cürbəcür əxlaqsız təkliflər edirdi. Mən razı olmurdum. Namusumu hər şeydən üstün tutub, işdən getmək haqqında fikirləşirdim. İş yerimi də itirmək istəmirdim. Bir gün Vüqar məni kabinetinə çağırıb, tapşırıqlar verdi və iş gününün sonuna qədər tapşırıqların icrasını tələb etdi. Başım işə o qədər qarışmışdı ki, havanın qaralmağından xəbərim olmadı. İşdən çıxanda, Vüqar qəfil peyda oldu. Qolumu qamarlayıb burdu. Məni zorla maşına oturtdu. Ona möhkəmcə bir sillə ilişdirdim. Maşında ondan başqa iki nəfər də vardı. Məni şəhər kənarındakı bir evə apardı. Vüqarla mən otaqda tək qaldıq. Masanın üstündə cürbəcür içkilər düzülmüşdü. Mənə təkidlə içki təklif etməyinə baxmayaraq razı olmadım. O, isə içirdi. Mənim qaçmağın yollarını axtardığımı görən Vüqar– "Nahaq fikirləşirsən, burdan çıxa bilməyəcəksən, itlər səni parça-parça edər”,  - dedi.

Birdən o mənə tərəf gəlməyə başladı. Əlini atıb, paltarımın yaxasını cırıb, dedi: – Sən mənimsən! Mən səni heç kimə verməyəcəm!
Nə qədər yalvarıb, ağladımsa, o, mənə heç fikir verməyib qollarını belimə kilidlədi. Özümü müdaifə etmək üçün masanın üstündəki araq şüşəsini götürüb, onun gicgahına vurdum. O, əlini başına tutub qışqırdı: "- Ay qancıq!” – deyib, yerə yıxıldı.

Vüqarın qanından yerdə gölməçə əmələ gəldi. Mən nə edəcəyimi bilmirdim. Vüqar can verirdi. Qaçmaq istədim. Həyətdəki itlərdən qorxdum. Birtəhər, özümü ələ alıb, Vüqarın telefonu ilə polisə zəng etdim. Polislər gəlib, məni apardılar…
                                                 

                                                          ***                                         
- Bu gecə yuxuda atanı gördüm. 
O balaca Xatirənin saçlarını sığallayıb, davam etdi:
- Bilirsən, atan səni qucaqlayıb necə öpürdü?
- Ana, atam indi göylərdədir?
- Hə…
- Cənnətdədir hə?
- Hə…
Azadlığın cənnət olduğunu bilirdim. Həbs olunduqdan sonra, türmənin cəhənnəm olduğunu bildim…Mən həbs olunmuşdum. Həbs olunduğum günün gecəsi, o balaca, qaranlıq, soyuq türmə otağının dəmir barmaqlı pəncərəsindən göylərə baxdım. Baxdım, atamı görmək üçün baxdım, görmədim. Axı niyə görməli idim?!
Bir müddət sonra istintaq müəyyən etdi ki, atam ölməyib. Sən demə, heç Qarabağın yolunu da tanımırmış. Anamın hamilə olduğunu öyrənəndən sonra aradan çıxıb. Sən demə, özü də yüksək vəzifədə işləyir. Ən dəhşətlisi isə…

                                                        ***
- Səni sevirəm.
- Bilirəm.
- Çox sevirəm…
- Niyə?
- Nə bilim.
- Nə bilim, həəə?
- Zarafat etdim.
- Bir də belə zarafat etmə!
- Baş üstə! (gülür)
- Nəyə gülürsən? Gülmə!
- Baş üstə! (Qəh-qəhə çəkib gülür)
- E.e.e.e…Pis!
- Bura bax, qızımız olsa adını nə qoyaq?
- Nə?
- Xatirə!
- Niyə? Niyə Xatirə?
- Xatırlamaq üçün.
- Nəyi?
- Birlikdə yaşadığımız gözəl anları unutmamaq üçün…
- Anlamadım?!
- Biz birlikdə qocaldıqca bəzi şeyləri unudacağıq axı?! (gülür)
- Birdən qızımız yox, oğlumuz oldu. Adını nə qoyacağıq?
- Vüqar. Necədi?
- Yaxşıdır.
- Məni çox sev…
- Baş üstə…
                         
                                                           ***
…Həbsdə özümü yaxşı apardığıma görə, vaxtından tez azadlığa çıxdım. Baş verənlərə dözə bilməyən anam, artıq ölmüşdü. Mənsə orada tək yaşaya bilmirdim. Hamı mənə pis baxırdı. Eşitdim ki burada müəllimə ehtiyac var. Ona görə də bu şəhərə köçdüm…

Mən hər şeyi eşitdim və Xatirənin taleyinə çox üzüldüm… Xatirənin keçmişdə yaşadığı dəhşətli hadisələr və acı taleyinə baxmayaraq, mən onun həyatında yepyeni bir səhifə açmağa qərar verdim. Xatirənin qəlbindəki sızlayan ağrını və yaralı qürurunu daha yaxşı başa düşdükcə, ona daha çox bağlandım. Xatirə ilə münasibətimizin daha da dərinləşməsində sözsüz ki, anamın da rolu vardı.

Bir gün cəsarətimi toplayıb  ona evlənmək təklif etdim. Təklifimin onun üçün gözlənilməz olacağını da bilirdim. Xatirə əvvəlcə duruxdu, deyəsən, məndən belə bir təklif gözləmirdi. Gözləri doldu: "Əllərimə bax”, - dedi. 
- Görürsən əllərimi? Sən bilirsən Vüqar kim idi? Bilirsən?
- Bilmirəm, dedim. 
- Mən öz qardaşımı öldürmüşəm.
- Xatirə, daşın üzü soyuq olur. İnsan öz keçmişindən soyumasa, gələcəyi ona isti qucaq açmaz. Mən səni sevirəm. Mən səni xoşbəxt edə bilərəm.
- Atam da anama elə demişdi.
- Bilirəm.
- Amma sonra anamı tək qoyub başqası ilə evlənib. Mənim öldürdüyüm Vüqarın anası ilə.
- Unut! Olub keçənləri unut!
- Unudum?
- Əlbəttə!
- Yaxşı…