Xızıda mərmi partlayışında iki nəfər ölüb, biri yaralanıb
15-04-2023 22:13 / Bu xəbər 803 dəfə oxundu
Faktla bağlı cinayət işi açılıb
Xızı rayonunun Yaşma kəndində mərmi partlayışı nəticəsində iki nəfər ölüb, biri yaralanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 15-də saat 15 radələrində baş verib.
Partlayış nəticəsində ölənlər Sumqayıt şəhər sakinləri – 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovdur.
1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov isə yaralanıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu ilkin araşdırmadan sonra belə nəticəyə gəlib ki, ölən və yaralanan şəxslər tapdıqları mərmi başlığını götürərkən partlayış baş verib.
"Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir”, – prokurorluqdan Meydan TV-yə bildirilib.












