Xocalı hadisələrinin iştirakçısı Xaçaturyan saxlanılıb

Xocalı hadisələrinin iştirakçısı Xaçaturyan saxlanılıb

29-07-2023 23:57 / Bu xəbər 900 dəfə oxundu

Vaqif Xaçaturyan Ermənistana gedərkən saxlanılıb

Azərbaycanın Baş Prokurorluğu Xocalıda yaşanmış "Meşəli” hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin –  Xaçaturyan Vaqif Çerkezoviçin saxlanıldığı bildirir.

 Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, "Meşəli” hadisəsi 1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində yaşanıb. 

Erməni silahlı birləşmələrinin üzvləri həmin kənddə Azərbaycan milliyətindən olan şəxsləri qətlə yetirib.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin uyğun maddəsi ilə  cinayət işi açılıb. 

İşin motivlərinə görə, ərazidə soyqırımı, deportasiya, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması halları var.

İstintaqı davam edən işdə təqsirli bilinən 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç iyulun 29-da saxlanılıb.

"O, erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb”, – məlumatda bildirilir.

Baş Prokurorluq qeyd edir ki, həmçinin Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

"Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Lakin illərlə onun olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.”

Məlumatda deyilir ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb:

"Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək. Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Ermənistanın Xarici İşlər Nazirliyi hadisəyə münasibət bildirib.

"Beynəlxalq humanitar mühafizə altında olan şəxsin oğurlanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, – qurumun mətbuat katibi Ani Badalyan "Twitter” hesabında yazıb.

"Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Dağlıq Qarabağdan müalicə olunmaq üçün Ermənistana aparılan 68 yaşlı xəstənin Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz yaradılmış sərhəd məntəqəsində oğurlanması xəbərindən narahatıq. Beynəlxalq humanitar mühafizə altında olan şəxsin oğurlanması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, – deyə Badalyan vurğulayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal edilib.

Xocalı şəhəri də 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Onun sağ qalan əhalisi hazırda Bakı şəhəri də daxil ölkənin müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətinə nəzarəti bərpa edib, lakin Xocalı şəhəri qarşı tərəfdə qalıb.