"Yanvarın 1-i üçün dolların kursu ən yaxşı halda 1.90 ola bilər" - Ekspert

16-11-2016 13:14 / Bu xəbər 2852 dəfə oxundu

Artıq "dollar yeni rekord vurdu” başlığına insanlar alışıb. 

Son olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 16-na rəsmi məzənnəsini 1,7039 AZN/USD səviyyəsində müəyyən edib. Bununla da, məzənnənin 1.7 həddini keçdik. Ölkədə manatın dəyərinin düşməsi və iqtisadi böhranın dərinləşməsi fonunda bankları nə gözləyir?

Ekspert Əkrəm Həsənov Qaynarinfo.Az-a müsahibə verib:
- Manatın real kursu nə qədərdir? Manat nə qədər ucuzlaşmalıdır ki, real kursunu alsın?

- Bunu dəqiq demək mümkün deyil.Çünki tam statistikanı bilmək lazımdır. Bizdə isə tam statistika əlimizdə yoxdur, əlimizdə olan statistikanın həqiqət olub-olmadığını heç bilmirik. Hətta ötən ilin statistikasına baxanda belə görünürdü ki, devalvasiya ümumiyyətlə olmalı deyil. Amma buna baxmayaraq oldu. Bazardan artıq görünür ki, dolların real məzənnəsi 2 manatdan çoxdur. Manatın real kursunu bazar müəyyən etməlidir. Amma bazarda kursun harada dayanacağını heç kəs deyə bilməz. Bu gün milli valyutamızın məzənnəsi inzibati yolla müəyyən olunur. Digər məqam isə ölkənin valyuta ehtiyatlarıdır. Mərkəzi Bankda ehtiyat fondu 4 milyard, Neft Fondunda isə 35 milyard təşkil edir. Bu rəqəm nə qədər doğrudur, ya doğru deyil, təəssüf ki, bunu dabilmək olmur. İlk növbədə ona görə ki, Neft Fondunun ehtiyatları hamısı pulda deyil. Həmçinin daşınmaz əmlakdadır. Və daşınmaz əmlakların həqiqi qiymətləri nə qədərdir, onu heç kəs deyə bilməz. 

- Neft Fondu və AMB hərraca vəsait çıxardığı halda nə üçün banklar vətəndaşlara dollar satmır və ya limitlə satır?

- Bunun yalnız bir neçə səbəbi var. Birincisi, həmin hərraclarda banklara tələb olunan qədər dollar satılmır. Bankların dollara olan tələbi daha çoxdur. Bu yaxınlarda Mərkəzi Bank (MB) hərrac qaydalarını dəyişdi. İlin sonuna onu da qeyd edim ki, gözlənilən idi. Çünki bankların özlərinin dollar ödənişlərinin həcmi artır və bankların müştərilərinin (sahibkarların) dollar ödənişləri artır. Belə olan halda banklar öz ödənişlərini edirlər və iri müştərilərinə dollar satırlar. Əhaliyə isə satmırlar.

- Bankların bağlanma təhlükəsi varmı? Hansı banklar bağlana bilər?

- Azərbaycanda hazırda 32 bank fəaliyyət göstərir. 32 bankın 20-si maliyyə hesabatlarını açıqlamır. Bu il 11 bank bağlanıb. Həmin 11 bankın heç biri maliyyə hesabatlarını açıqlamırdı. Maliyyə hesabatlarının açıqlanmaması o deməkdir ki, bankın vəziyyəti pisdir. Bu bankların hər biri hər an bağlana bilər. Bu bankların bir neçəsinin adını çəkə bilərik. Misal üçün, "DəmirBank", "Unibank", "VTB Bank", "MuğanBank" və digərləri...

- Sizcə, Azərbaycan yeni ilə hansı kursla qədəm qoyacaq? 

Ən yaxşı halda dolların kursu 1.90 ola bilər. Ola bilər ki, daha çox olsun.
 
Arqument.Az