“PASHA Holding” “taksi bazarı”na da girdi
03-05-2023 21:56 / Bu xəbər 1125 dəfə oxundu
Mayın 3-dən yeni taksi xidməti sifarişləri qəbul edir
"PASHA Holding” Azərbaycanın "taksi bazarı”na da daxil oldu.
Holdinqin "Umico” brendi (Competo MMC) Ukraynaının "Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb.
Artıq mayın 3-dən yeni taksi xidməti sifarişləri qəbul edir.
Bu prosesdə "PASHA Holding”in tərəfdaşı olan "Uklon Azərbaycan” MMC fevralda "PASHA Holding”lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdan keçib, nizamnamə kapitalı 100 000 ABŞ dollarıdır.
İKT üzrə ekspert, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz "Facebook” səhifəsində yazıb ki, bu, əsasən xarici taksi şirkətlərin hökmranlıq etdiyi Azərbaycanın taksi xidmətləri bazarında rəqabəti bir qədər də gərginləşdirəcək:
"Belə görünür ki, "PASHA Holding” çatdırılma, e-ticarət, taksi xidməti və sair funksionallıqlara sahib olan "Umico”nu daha nəhəng bir platformaya çevirmək niyyətindədir”.
Osman Gündüz qeyd edib ki, hazırda Azərbaycanda taksi bazarında rəqabət ifrat dərəcədə güclüdür: "Yüzlərlə taksi şirkətləri var. On minlərlə taksi sürücüləri bu bazarda xidmət göstərir. Xarici taksi şirkətləri daha innovativ həllər təklif edirlər. Qiymətlər də kifayət qədər ucuzdur. Bu xidmətin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu narazılıqlar da müşahidə olunur. Belə bir şəraitdə, "Uklon”nun "Umico” ilə əməkdaşlıq çərçivəsində, yerli şirkət olaraq bazara daxil olması çox düşündürücüdür”.
Osman Gündüz
"Düşünmək olar ki, rəqabətin güclü olduğu bu bazara yeni şirkətin daxil olması, xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar. Lakin burada digər yerli taksi şirkətlərinin, vergi ödəyiciləri olan taksi sürücülərinin rəqabətə davamlılığı ilə bağlı risklər də qaçılmaz ola bilər. Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə, taksi bazarında 100-dək yerli taksi şirkətinin, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır”, – Osman Gündüz bildirib.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, Azərbaycanda az-çox rəqabətli sahə taksi xidmətidir: "Hətta son on ildə hər şeyin qiyməti qalxsa da, yalnız taksi xidmətinin qiymətində ucuzlaşma qeydə alınıb. Baxmayaraq ki, benzin qalxıb, devalvasiyalar baş verib, amma taksi xidməti əksinə, ucuzlaşıb. Hansısa holdinq və ya iş adamının taksi fəaliyyəti ilə məşğul olması qadağan deyil. İndidən söyləmək çətindir ki, bu, bazarda hansı vəziyyəti yaradacaq. Əgər digər oyunçular kimi eyni qaydalara uyğun olaraq fəaliyyət göstərəcəklərsə, bu, xidmətin keyfiyyətinə və rəqabətin artmasına xidmət edə bilər. Yox, əgər digər şirkətlərin bazardan sıxışdırılmasına başlanılacaqsa, müəyyən problemlər yaradılacaqsa, bu, təbii ki, çox pis fəsadlar törədəcək. Bu yaxınlarda "Trendyol”la bağlı "PASHA Holding”in törəmə müəssisəsi yaradıldı. İndi də taksi xidməti ilə əlaqədar belə bir şirkət yaradılıb. Azərbaycanda taksi qiymətinin ucuz olmasının yeganə səbəbi rəqabət idi. Rəqabət aradan qalxsa, qiymətlər də yüksələcək”.
Natiq Cəfərli
Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərinin sayl dörddür.
"Uber” (Rusiya, "Yandex”), "Bolt” (Estoniya), "Yango” (Rusiya, "Yandex”), "Maxim” (Ukrayna).
Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərinin beşincisi isə "Uklon Azərbaycan” ("Umico”, "PAŞA Holding”) olacaq.
2023-cü il aprelin 29-da Türkiyədə keçirilən "TEKNOFEST” tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan "Trendyol” "PAŞA Holding”lə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Azərbaycandan "Trendyol” vasitəsilə sifarişlər mümkün olacaq.
Eskpertlər bununla da digər karqo şirkətlərinin bazardan sıxışdırılaraq çıxarılmasını və qiymət artımının baş verməsini istisna etmirlər.(Meydan TV)