Azərbaycanda daha bir bank ləğv edildi
17-05-2023 16:11 / Bu xəbər 864 dəfə oxundu
Azərbaycan Mərkəzi Bankı (AMB) "Günaybank"ın lisenziyasını ləğv edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumatda deyilir ki, Bankın bağlanmasının səbəbi məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasıdır.
Bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən, "Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib.
Eyni zamanda, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, "Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
""Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, "Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək:
""Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq".
Azərbaycanda son 10 ildə bir neçə bank bağlanıb.
Bağlanan banklar arasında ən böyüyü "Bank Of Azerbaijan” idi.
Adıçəkilən bank 2016-cı ildə bağlanıb.
Həmin il bağlanan tək "Bank Of Azerbaijan” olmayıb, "Texnikabank”-da fəaliyyətini dondurub.
2016-cı ildə "Bank Standard", "Qafqaz İnkişaf Bankı", "Atrabank", "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC də bank sektorundan gedən şirkətlərdir.
Adıçəkilənlərdən "Parabank” ASC bank sektoruna sonradan bank olmayan kredit təşkilatı kimi daxil oldu və hazırda bu istiqamətdə fəaliyyət göstərir.
Sonuncu bağlanan bank isə "DəmirBank" ASC olub.
Sözügedən bank 2017-ci ildə bağlanıb.
2000-ci ilin əvvəllərində isə bir neçə bank birləşərək daha da böyüdülər. Bunlardan 1992-ci ildə yaradılmış "M bank” "PROMTEXBANK”-la birləşərək "Unibank” adlanıb.
"Caspian Development Bank” isə "Atabank”a qoşulub.